İqtisadi gündəm

ABŞ iqtisadiyyatında lobbiçilik

Yaxud necə olur ki, milyarder Buffet katibəsindən daha az vergi ödəyir?

Dərs dediyim universitetdə hər semestr tələbələrimə verdiyim tövsiyələrdən biri də müasir iqtisadiyyatın, xüsusilə də qlobal iqtisadiyyatın işləmə mexanizmini daha dolğun dərk etmələri üçün ABŞ iqtisadiyyatını çox yaxşı öyrənmələridir. Hər dəfə də bu fikrimi ABŞ-ın dünyanın ən böyük iqtisadiyyatı olması, dünya iqtisadiyyatının başlıca innovasiya mənbəyi rolunda çıxış etməsi, mövcud beynəlxalq iqtisadi nizamın əsas qurucusu olması kimi amilləri sadalayaraq əsaslandırmağa çalışıram.

Tələbələrimizə bu tövsiyəni versək də, onu da etiraf etməliyik ki, Azərbaycan iqtisadçılarının da ən az tədqiq etdikləri mövzulardan biri ABŞ iqtisadiyyatıdır. Bu gün  ABŞ iqtisadiyyatı ilə bağlı Azərbaycan dilində yazılmış elmi və ya kütləvi əsərlərə rast gəlmək çətin olmaqla yanaşı, tərcümə əsərlər də demək olar ki, yox dərəcəsindədir.

Bilindiyi kimi ABŞ iqtisadiyyatı, kapitalizm, demokratiya və hüquq olmaqla üç başlıca institutun, başqa sözlə, “sacayaqlar”ın üzərində dayanır. Bu ölkədə hər üç institut bir-birini şərtləndirir və biri digərinin hesabına inkişaf edir. Bu gün ABŞ iqtisadiyyatını, onun işləmə mexanizmini daha yaxşı anlamaq, bu iqtisadiyyatın özünəməxsus bir sıra cəhətlərini, o cümlədən də lobbiçilik fəaliyyətləri və onların iqtisadiyyatdakı rolunu daha dərindən öyrənməkdən keçir. Lobbiçilik fəaliyyətləri, nəinki ABŞ iqtisadiyyatının və ya kapitalizminin, eyni zamanda ABŞ demokratiyasının və hüquq sisteminin də xarakterini anlamağa imkan verən başlıca cəhətlərdən biridir.

Lobbiçilik (ing. lobbying), ödəniş əsasında müəyyən maraq qruplarını təmsil edən fərdlərin və ya şirkətlərin həmin qrupların maraqlarına uyğun olaraq, dövlət məmurlarının və ya dövlət qurumlarının verdiyi qərarlara təsir göstərmə cəhdidir. Lobbiçiliyi həyata keçirənlərə də lobbiçi (ing. lobbyist) deyirlər. “Lobbiçilik” sözünün mənşəyi, parlamentlərin dəhlizləri ilə bağlıdır. Belə ki, lobbiçilər fəaliyyətlərini müştərilərinin maraqları naminə əsasən parlament üzvlərinə parlamentlərin dəhlizlərində təsir göstərmək yolu ilə həyata keçirdiklərindən zaman keçdikcə bu fəaliyyətlər də ingiliscə “dəhliz” (ing. lobby) sözünə uyğun olaraq lobbiçilik adlandırılmışdır.

ABŞ-da lobbiçilik fəaliyyəti qanuni fəaliyyətdir və yerli hökumətlərdən fedreal hökumətə qədər dövlət idarəetməsinin bütün mərhələlərində mövcuddur. Bu ölkədə 1971-ci ildə qeydiyyata düşmüş lobbiçilik şirkətlərinin sayı 175 olduğu halda, hazırda bu say 14000-ə yaxınlaşmışdır. Həmin şirkətlər ABŞ Konqresi üzvlərinə təsir göstərmək üçün hər il təxminən 3,5 milyard dollar məbləğində pul xərcləyirlər. Lobbiçilər Konqres üzvlərinin onların müştərilərinin maraqları yönündə səs vermələrinə nail olmaq üçün günboyu Konqres dəhlizlərində aktiv çalışırlar. Lobbiçilərin əksəriyyəti hüquqşünaslardan, keçmiş Konqres üzvlərindən, senatorlardan və dövlət məmurlarından ibarət olur.

Bu gün ABŞ-da demək olar ki, bütün iqtisadi sektorların lobbiçiliyini edən lobbiçilik şirkətləri və ya şəxslər mövcuddur. Ən güclü lobbiçilər, böyük iqtisadi sektorların, xüsusilə də neft, kənd təsərrüfatı, əczaçılıq və müdafiə sektorlarının lobbiçiləri sayılır. Neft sektoru lobbiçiləri daha çox dövlətdən subsidiyalar və digər imtiyazlar əldə etməyə çalışır. Kənd təsərrüfatı sektoru lobbiçiləri daha çox böyük fermərlərə xidmət edir. Əczaçılıq sektoru lobbiçiləri çox vaxt dərman qiymətlərinin yüksək səviyyədə saxlanılması üçün lobbiçilik edirlər. Müdafiə sektoru lobbiçiləri isə dövlətin daha çox silah və digər hərbi məhsullar satın almasına çalışırlar.

ABŞ-da sağlamlığın təmin edilməsi, ekologiyanın qorunması, təhsilin inkişafı, cinsi və irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi istiqamətlərdə çalışan lobbiçilər də mövcuddur, ancaq bu lobbiçilər digərləri ilə müqayisədə elə də böyük gücə malik deyildir. Çünkü iqtisadi gücü əlində tutan zəngin təbəqə daha çox birbaşa öz maraqlarının reallaşmasına xidmət edən lobbiçilik fəaliyyətlərini maliyyələşdirməyə üstünlük verirlər.

Əslində qanunvericilik lobbiçilərin məmurları və ya Konqres üzvlərini ələ almasına icazə vermir. Lobbiçilərin işi sadəcə qərar qəbul edəcək bu şəxsləri məlumatlandırmaq və inandırmaqdır. Onlar təmsil etdikləri müştərilərinin maraqlarını qorumaq məqsədilə qərar qəbul edəcək məmurlara və ya Konqres üzvlərinə sadəcə müvafiq problemlə bağlı məlumat verməli, bununla da onların düzgün qərar qəbul etmələrinə kömək etməlidirlər.

ABŞ-da lobbiçilik, qanunverciliklə icazə verilən normal fəaliyyət kimi qəbul olunsa da, təcrübədə bir sıra fəsadlarının olduğu da açıqdır. Bu fəsadlar ilk növbədə ABŞ-da siyasətin maliyyələşdirilməsi mexanizmlərindən irəli gəlir. Belə ki, ABŞ-da seçki kampaniyaları çox böyük məbləğdə pullar tələb edir və bu pulları namizədin və ya onun partiyasının verməsi əksər hallarda mümkünsüdür. Ona görə də maliyyələşmə əsasən ianələr yolu ilə təmin edilir. Bu ölkədə lobbiçilik şirkətləri ayrı-ayrı siyasətçilərin seçki kompaniyalarını maliyyələşdirmək üçün ianələr verə bilirlər və bu qanunvericiliklə qadağan edilmir. Siyasətçilər onların seçki kampaniyasına hansı lobbiçilərin nə qədər ianə verdiyini və bu lobbiçilərin hansı iqtisadi sektorların və böyük şirkətlərin maraqlarını təmsil etdiklərini də yaxşı bilirlər. Belə olduğu təqdirdə, həmin siyasəçilərin fəaliyyətlərində bu lobbiçilərin və onların təmsil etdiyi iqtisadi qrupların maraqlarını nəzərə almamaları demək olar ki, mümkün deyildir.

Digər tərəfdən, lobbiçilik kifayət qədər gəlirli iş olduğundan əksər siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində çalışmağa böyük həvəs göstərirlər. Məsələn, ABŞ-da hər hansı bir keçmiş konqresmen hər hansı bir lobbiçilik şirkətində çalışaraq lobbiçilik edərsə, konqresmen olduğu dövrdə əldə etdiyi gəlirdən qat-qat daha çox gəlir əldə etmək imkanı var. Belə olduğu təqdirdə də, siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində iş tapmaqda çətinlik çəkməmək üçün əsasən bu şirkətlərin maraqlarını nəzərə almağa çalışırlar.

Göründüyü kimi, ABŞ-da dövlətin aldığı iqtisadi qərarlara zəngin təbəqə böyük təsir imkanına malikdir və təcrübə göstərir ki, alınan qərarlar da əsasən bu təbəqənin maraqlarına xidmət edir. Məsələn, Filip Kotler “Kapitalizmlə üzləşmək” adlı kitabında (2015) qeyd edir ki, zənginlərdən alınan vergilərin artırılması qərarının ABŞ Konqresindən keçməsi demək olar ki, mümkün deyildir. Çünkü Konqres üzvləri seçki kampaniyalarını əsasən zənginlərin verdiyi ianələr hesabına maliyyələşdirirlər, zənginlər isə mümkün qədər az vergi verməyi sevirlər.

Nəticədə nə baş verir? O baş verir ki, məsələn, ABŞ-da Warren Buffet kimi zənginlərin kapital gəlirlərinə tətbiq edilən verginin dərəcəsi, onun katibəsinin əmək haqqına tətbiq edilən verginin dərəcəsindən aşağı ola bilir. Hətta Buffet, bir dəfə bundan xəcalət çəkdiyini ifadə etsə belə…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

Filip Kotler belə mərhəmətli kapitalizm axtarışındadırsa…

Kapitalizmin, ortaya çıxdığı gündən bu tərəfə bütün alternativlərinə qalib gələrək, dünyanın əsas iqtisadi sisteminə çevrildiyi şübhəsizdir. Eyni zamanda bu iqtisadi sistemi fasiləsiz şəkildə tətbiq edən ölkələrin adambaşına düşən gəlirlərinin 100-200 ABŞ dolları səviyyəsindən bu günkü 30-100 min ABŞ dolları səviyyəsinə çatdığı və digər ölkələrlə müqayisə edilməyəcək dərəcədə yüksək rifaha nail olduqları da inkarolunmaz həqiqətdir. Amma buna baxmayaraq, kapitalizm hər zaman tənqidlərə məruz qalmışdır. Tənqidçilərin bəziləri kapitalizmə tamamilə alternativ iqtisadi sistem axtarışlarında olmuş, bəziləri isə bu sistemi təkmilləşdirmə istiqamətində düşünmüşdür. Təcrübə göstərir ki, bu günə qədər kapitalizmin bütün rəqiblərini üstələyərək, əsas iqtisadi sistem kimi çıxış etməsi, məhz onu təkmilləşdirmə istiqamətində ortaya qoyulan ideya və baxışlara borcludur.

Kapitalizmə yönəlmiş tənqidlərin hər dəfə maliyyə və iqtisadi böhranlardan sonra daha da intensiv xarakter aldığını görmək çətin deyildir. 2009-cu il qlobal iqtisadi böhranından sonra da bu istiqamətdə çoxlu sayda tədqiqatlar aparıldı, böhrandan çıxış yollarına və bütövlükdə kapitalist sistemin mövcud yetərsizliklərinə həsr edilmiş çoxlu sayda əsərlər ortaya qoyuldu. Bu əsərlər arasında birisi var ki, əslində dünyada çox böyük  rezonans doğurmalı olduğu halda, layiq olduğu diqqətdən kənarda qaldı. Fikrimcə, bunda əsərin yazarının, kapitalizmin qlobal güclərinin hər zaman arxalandığı çox nüfuzlu müəlliflərdən biri olmasının da payı az deyil. Həqiqətən də kapitalizm bu dəfə çox ciddi ideoloqlarından biri tərəfindən və çox ciddi şəkildə tənqid edilirdi. Bizim ölkəmizdə isə demək olar ki, bu kitabdan bəhs edən olmadı. Kapitalizmin hər hansı formada tənqidi ürəklərinə “yağ” kimi yayılan iqtisadçılar arasında belə bu əsər demək olar ki, müzakirə mövzusuna çevrilmədi.

Kapitalizmlə üzləşmək: problemli bir iqtisadi sistem üçün real həllər” (Confronting Capitalism: Real Solutions for a Troubled Economic System) adlı qeyd edilən kitab, “müasir marketinqin atası” kimi tanınan məşhur iqtisadçı Filip Kotler tərəfindən 2015-ci ildə qələmə alınmışdı. Kitab, kapitalizmlə bağlı mövcud tənqidi baxışların sistemli təqdimatı olmaqla yanaşı, həmçinin də Filip Kotlerin bu iqtisadi sistem haqqındakı konkret tənqidi fikirlərini və onun təkmilləşdirilməsi üçün irəli sürdüyü tövsiyələri özündə birləşdirən təsirli bir əsərdir. Təsadüfi deyil ki, “Financial Times” qəzeti Filip Kotlerin bu əsəri haqqında belə yazır: “Kapitalizmin tənqidi ilə bağlı bir problemimiz yoxdur. Ancaq tənqidçi Filip Kotlerdirsə, kapitalizm papağını qarşısına qoyub düşünməyə məcburdur!

Kotler, elə kitabının giriş hissəsində hər hansı bir ölkədə vətəndaşların “vəhşi kapitalizm”, “mərhəmətli kapitalizm” və “qatı sosializm” olmaqla üç müxtəlif iqtisadi sistemdən birini seçə biləcəklərini, özünün isə orta mövqedə dayanan “mərhəmətli kapitalizm”ə üstünlük verdiyini bəyan edir. O, belə bir kapitalizmə mövcud kapitalist sistemin qüsurlarını aradan qaldırmaqla nail oluna biləcəyini ifadə edir və bu sistemin düzəldilməli olan aşağıdakı 14 qüsurunu göstərir:

  1. Baş alıb gedən edən yoxsulluğu həll edə bilmir.
  2. Gəlir və rifahın bölgüsündə ədalətsizliyi gücləndirir.
  3. Milyardlarla işçiyə keçimlərinə yetəcək qədər əmək haqqı ödəmir.
  4. Getdikcə artan avtomatlaşdırma prosesləri qarşısında insanlar üçün kifayət qədər məşğulluq imkanları yaratmır.
  5. Şirkətlərə, fəaliyyətlərinin yol açdığı sosial problemlərin əvəzini ödətmir.
  6. Qanunvericilikdəki boşluqlardan istifadə edərək ətraf mühitə və təbii resurslara ziyan vurur.
  7. İqtisadi dalğalanmalara və qeyri-sabitliyə yol açır.
  8. Fərdiyyətçiliyi və şəxsi maraqları cəmiyyətin maraqlarından üstün tutur.
  9. İstehlakçıların borclanmasını təşviq edərək istehsal yönümlü iqtisadiyyat əvəzinə maliyyə yönümlü iqtisadiyyatı dəstəkləyir.
  10. Siyasətçilərin və şirkətlərin maraqlarını birləşdirərək xalqın böyük əksəriyyətinin maraqlarını arxa plana atmalarına imkan verir.
  11. Uzunmüddətli investisiya planlaşdırması əvəzinə qısamüddətli mənfəət planlaşdırmasını dəstəkləyir.
  12. Məhsulun keyfiyyəti, təhlükəsizlik, dürüst reklam, rəqabətin qarşısını alan davranışlarla bağlı tənzimləmələrə ehtiyacı var.
  13. Yalnız ÜDM-nin artımına əhəmiyyət verir.
  14. İctimai dəyərlərin və xoşbəxtliyin də bazar tarazlığında nəzərə alınmasına ehtiyac var.

Kotlerin qeyd olunan qüsurlarla bağlı təhlilləri, həm dünya, həm də ABŞ üzrə mövcud mənzərəni aydın şəkildə təqdim etməsi və oxucuları müvafiq nəticələr çıxarmağa sövq etməsi baxımından qiymətlidir. Kitabdakı faktlara və faktlar əsasında aparılan təhlillərə nəzər yetirdikdə, ABŞ cəmiyyətinin və iqtisadiyyatının bir sıra parametrlər üzrə dünyadakı mövcud yüksək imicinə heç də adekvat olmadığını da açıq şəkildə görmək mümkündür.

Hesab edirəm ki, iqtisadi islahatların gün keçdikcə daha da dərinləşdiyi ölkəmizdə, cəmiyyətimizin bu tipli müzakirələrdən kənarda qalması yolverilməzdir. Belə kitablar sürətlə ana dilimizə tərcümə edilməli, müvafiq elm və təhsil müəssisələrimizdə onların müzakirələri keçirilməlidir. Kapitalist sistemin ən qatı ideoloqları belə bu gün bu sistemi tənqid edərək, onun təkmilləşdirmə yollarını tapmağa çalışırlarsa, bizim də bu müzakirələri müasir iqtisadiyyat quruculuğu prosesində nəzərə almağımız zərurdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı kimi qurumlar önəmli qurumlardır. Ölkələrin bu qurumlarla əməkdaşlıq etməsi də önəmlidir. Ancaq nəzərə almaq lazımdır ki, çox vaxt müasir kapitalizmin “qalaları” adlandırılan bu qurumlar, onlar üçün əvvəlcədən yazılmış prinsiplər əsasında, müəyyən edilmiş dəyərlər əsasında fəaliyyət göstərirlər və ölkələrə təqdim etdikləri reseptlər də bu prinsip və dəyərlərə söykənir. Dünyada isə alternativ ideyalar, baxışlar, reseptlər çoxdur. Sadəcə bütün bunları öyrənmək, təhlil etmək və ölkə üçün düzgün nəticələr çıxarmaq lazımdır. Bu isə ilk növbədə biz iqtisadçıların işidir…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

Qumdan “çip” istehsal edən iqtisadiyyatı necə qurmalı?

Yaxud bilik iqtisadiyyatına keçidin zəruri şərtləri haqqında

XX əsrin 60-70-ci illərindən başlayaraq elektronlaşmada və informasiya-kommunikasiya texnologiyalarında ortaya çıxan inqilabi yenilikləri, onların sürətlə iqtisadiyyata tətbiqini və xidmətlər sektorunun ciddi şəkildə yüksəlişini nəzərə alan elm adamları dünya iqtisadiyyatının inkişafındakı bu yeni mərhələni müxtəlif terminlərlə ifadə etməyə başladılar. Bu terminlərdən biri də Peter Drucker tərəfindən populyarlaşdırılan “bilik iqtisadiyyatı” terminidir (ing. knowledge economy və ya knowledge based economy). Bilik iqtisadiyyatı, dünya iqtisadiyyatının bu yeni inkişaf mərhələsində, yaradılan hər bir əlavə dəyərin daha çox bilikdən istifadəyə əsaslanmasını, başqa sözlə iqtisadi fəaliyyətlərin getdikcə xammaltutumlu, əməktutumlu, enerjitutumlu olmaqdan çıxaraq daha çox biliktutumlu olmasını ifadə edir.

Müasir iqtisadiyyatda bilik, yaradılan əlavə dəyərin başlıca mənbəyi olduğu kimi rəqabət gücünü də təmin edən əsas amildir. Artıq dünyada ucuz xammala, ucuz əmək ehtiyatlarına əsaslanan iqtisadiyyatlar, biliyə, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatlar qarşısında rəqabət etməkdə çətinlik çəkirlər. Bir qədər obrazlı ifadə etsək, bu gün qumu yalnız tikinti materialı kimi istifadə edən təbii resurslara əsaslanan iqtisadiyyatlar yoxsul, qumu şüşə istehsalında istifadə edən sənayeləşmiş iqtisadiyyatlar orta gəlirli, qumu “çip” istehsalında (“çip”lər qumdan alınan silikondan hazırlanır) istifadə edən biliklərə əsaslanan iqtisadiyyatlar isə zəngin iqtisadiyyatlardır.

Biliyə əsaslanan iqtisadi fəaliyyətlər daha yüksək əlavə dəyərə malik məhsulların istehsalına, daha yüksək məhsuldarlığa imkan verdiyindən, ölkələrin də sürətlə zənginləşməsinə səbəb olurlar. Bu gün pambıq, pomidor kimi məhsullar istehsal edən iqtisadiyyatlar ilə mobil telefon, mikroprosessor kimi məhsullar istehsal edən iqtisadiyyatların məhsuldarlıq səviyyələri arasındakı fərqin uçurum olduğuna yəqin ki, heç kim etiraz etməz. Bir son model “i-phone” markalı telefonu idxal etmək istəyən pomidor istehsalçısı bir ölkənin nə qədər pomidor ixrac etməli olduğunu və buna nə qədər vaxt və əmək sərf etməli olduğunu düşündükdə, hesab edirəm ki, məsələ kifayət qədər aydın olur.

Şübhəsiz ki, zamanla iqtisadi fəaliyyətlərin xarakteri dəyişsə də, məqsədi heç vaxt dəyişmir. Bilik iqtisadiyyatında da iqtisadi fəaliyyətlərin məqsədi daha yüksək iqtisadi artıma nail olaraq əhalinin həyat səviyyəsini daha da yüksəltməkdir. Biliyin strateji məhsula çevrildiyi bilik iqtisadiyyatında iqtisadi artımın da əsas mənbələri kimi insan kapitalı və texnologiya çıxış edir. Elmə və təhsilə qoyulan investisiyalar yeni biliklər və yüksək insan kapitalı doğurur, bunlar innovasiyalara (texnologiyalar) və onların iqtisadiyyata tətbiqinə imkan verir, sonuncu iqtisadi artımı sürətləndirir, daha yüksək iqtisadi artım da elmə və təhsilə daha çox investisya qoymağa şərait yaradır. Göründüyü kimi bilik iqtisadiyyatında elm və təhsilin inkişafı ilə iqtisadi artım arasında belə bir zəncirvari əlaqə mövcuddur. Onun üçün də resurslar hesabına iqtisadi artım əldə edən ölkələr bilik iqtisadiyyatına keçidi təmin etmək üçün tədricən elmə və təhsilə investisiyaları artıraraq bu zəncirvari əlaqənin qurulmasına nail olmağa çalışmalıdırlar.

Bilik iqtisadiyyatında dövlətin də artan rolu var. Belə ki, dövlət ilk növbədə özəl sektorun təkbaşına öhdəsindən gələ bilməyəcəyi təhsil müəssisələrinin, tədqiqat universitetlərinin, texno-parkların, bir sözlə yüksək keyfiyyətli milli təhsil və innovasiya sistemlərinin formalaşdırılmasında aktiv iştirak etməli, onların yaratdığı innovasiyalar və insan kapitalı ilə iqtisadiyyatın ehtiyacları arasındakı koordinasiyanın pozulmasına yol verməməlidir.

Dövlətin etməli olduğu digər bir iş də azad bazar mexanizminin qaydalarını qəbul etmək və onların icrasına nəzarət etməkdir. Bu qaydalar bir tərəfdən rəqabəti, təşəbbüskarlığı, yaradıcılığı, yenilikçiliyi təşviq etdiyi halda, digər tərəfdən də haqsız rəqabətin qarşısını almalıdır. Nəzərə almaq lazımdır ki, bilik iqtisadiyyatı həm də yaradıcı iqtisadiyyatdır. Yaradıcılıq fəaliyyətləri isə azad rəqabət mühitini, eləcə də intellektual mülkiyyət hüquqlarının ciddi şəkildə qorunmasını tələb edir.

Qeyd edilənlərlə yanaşı, dövlət makroiqtisadi vəziyyətin stabilliyini də təmin edə bilməlidir. Çünkü bilik iqtisadiyyatı getdikcə iqtisadi qloballaşmanı daha da dərinləşdirir və nəticədə iqtisadiyyatların açıqlıq səviyyəsinin mühüm dərəcədə yüksəldiyi qlobal iqtisadiyyat şəraitində makroiqtisadi mühitinin dayanıqlığını təmin etmək də çətinləşir. Bu isə əvvəlki dövrlərlə müqayisədə daha çevik makroiqtisadi siyasətə ehtiyacı artır.

Göründüyü kimi, qumdan “çip” istehsal edən iqtisadiyyatı qurmaq, yüksək innovasiyalar və insan kapitalı doğuran elm və təhsil investisiyalarından, təşəbbüskarlığı və innovativ fəaliyyətləri stimullaşdıran və göz bəbəyi kimi qoruyan hüquq sisteminin formalaşmasından və  əlverişli makroiqtisadi mühiti təmin edən çevik makroiqtisadi siyasətdən keçir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisad

İqtisadçı kimdir və nə işlə məşğuldur?

Yaxud iqtisadçı peşəsinin seçimində və iqtisadçı hazırlığında nəzərə alınmalı olan əsas  məqamlar…

Bu gün Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi var və bunların əksəriyyətində ya birbaşa iqtisadçı kadrlar hazırlanır, ya da hazırlanan kadrlara iqtisad dərsləri tədris edilir. Ölkədə hər il yüzlərlə abituriyent gələcəyin iqtisadçısı olmaq məqsədilə ali məktəblərə daxil olur, yüzlərlə iqtisadçı da bu ali məktəblərdən məzun olaraq əmək bazarına qoşulur. Heç şübhəsiz ki, bütün bu proseslərdə hər kəsi maraqlandıran əsas cəhət keyfiyyətdir. Başqa sözlə, iqtisadçı peşəsini seçənlər, nə qədər keyfiyyətli seçim edirlər və onlar nə qədər keyfiyyətli yetişdirilirlər? Fikrimizcə, bu proseslərdə keyfiyyətin təmin edilməsi, ilk növbədə ölkədə iqtisadçı olmaq istəyənlərin və onları yetişdirmək iddiasında olanların iqtisadçı peşəsinin tələbləri haqqında yetərli biliklərə sahib olmasından və bu tələbləri nəzərə almasından asılıdır. Bu baxımdan iqtisadçının kim olduğu, nələri bilməli və bacarmalı olduğu və nələrlə məşğul olduğu cavablandırılmalı olan başlıca suallar kimi qarşıya çıxır.

İqtisadçının (“economist”) kim olduğu sualına qısa və ümumi şəkildə, “iqtisadın bilicisi”, “iqtisad eksperti” kimi cavablar vermək mümkündür. İqtisadi lüğətlərdə də bu suala verilən cavablar təxminən bu şəkildədir. İqtisad, iqtisadiyyatı öyrənən elm olduğundan, iqtisadın bilicisi olan iqtisadçı da məhz bu elmin imkanlarından istifadə edərək iqtisadiyyatı, iqtisadi hadisə və prosesləri öyrənən şəxsdir. Bu baxımdan iqtisadçı iki başlıca funksiyanı yerinə yetirir:

  1. İqtisadi hadisə və prosesləri düzgün qiymətləndirərək, onların adekvat izahını vermək;
  2. İqtisadi proseslərin gələcək inkişafı ilə bağlı mümkün ölçüdə tutarlı proqnozlar hazırlamaq.

İqtisadçının funksiyalarını yerinə yetirməsi üçün sadəcə iqtisadı bilməsi yetərlidirmi? Bu suala ən yaxşı cavabın böyük iqtisadçı John Maynarda Keynes tərəfindən verildiyini düşünürəm. Belə ki, Keynes, müəllimi Alfred Marshallın vəfatı münasibəti ilə 1924-cü ildə “Economic Journal”da [No.34(135)] qələmə aldığı məşhur yazısında bir növ iqtisadçının ideal modelini təqdim edir: “Usta iqtisadçı, nadir rast gəlinən bacarıq kombinasiyasına sahib olmalıdır. İqtisadçı, müəyyən dərəcəyə qədər riyaziyyatçı, tarixçi, dövlət xadimi və filosof olmalıdır. O, simvolları anlamalı və onları nitqindəki sözlərə çevirməlidir. Xüsusi olanı ümumi baxımdan düşünməli, həmin düşünmə prosesində abstrakt və konkret olana toxunmalıdır. O, gələcək hədəflər üçün keçmişin işığında bu günü öyrənməlidir. Bəşəriyyətin təbiəti və ya qurumlarının hər hansı bir hissəsi onun maraq dairəsindən tamamilə kənarda qalmamalıdır. O, sinxron bir ruh şəklində həm məqsəd sahibi, həm də bitərəf olmalıdır; bir sənətkar kimi soyuqqanlı və dürüst, bəzən isə bir siyasətçi qədər dünyaya yaxın.

Göründüyü kimi əgər söhbət iqtisadçının funksiyalarını yüksək səviyyədə yerinə yetirməsindən gedirsə, başqa sözlə usta iqtisadçı olmasından gedirsə, heç şübhəsiz ki,  ona yalnız iqtisadı bilmək yetməyəcəkdir. Keynesin göstərdiyi kimi, yaxşı iqtisadçı iqtisadla yanaşı, riyaziyyatı, tarixi, fəlsəfəni, filologiyanı, politologiyanı və digər sosial elmləri bilməlidir. Xüsusilə, sosial proseslərin kompleks xarakter daşıdığı müasir dövrdə, iqtisadçının iqtisadı digər sosial elmlərdən təcrid edilmiş şəkildə öyrənməsi böyük xətadır. Bu gün tarixi bilməyən iqtisadçının etibarlı iqtisadi proqnozlar verməsi, sosiologiya və psixologiyanı bilməyən iqtisadçının iqtisadi gözləntiləri və iqtisadi subyektlərin davranışlarını düzgün təhlil etməsi, politologiyanı bilməyən iqtisadçının iqtisadi siyasət tədbirlərinə obyektiv yanaşması, hüquq bilməyən iqtisadçının real iqtisadi siyasət tövsiyələri verməsi və.s demək olar ki, mümkün deyildir.

İqtisadçı peşəsi, hüquqşünaslıq, mühəndislik, həkimlik kimi peşələrdən fərqli olaraq, əksər ölkələrdə konkret qanunlarla tənzimlənmədiyindən (məsələn, Braziliya bu baxımdan istisnadır və iqtisadçı peşəsi 13 avqust 1951-ci ildə qəbul edilmiş 1411 saylı ayrıca qanunla tənzimlənir) bu peşə qarşısında geniş yayılmış formal tələblər də yoxudr. Amma buna baxmayaraq, ABŞ Əmək Statistikası Bürosu tərəfindən təsbit edilən tələblər mövzu ilə bağlı ədəbiyyatlarda geniş istifadə edilir. Həmin Büronun “Peşələrə Baxış Sorğu Kitabı”nın (“Occupational Outlook Handbook”) sonuncu nəşrində iqtisadçıların başlıca vəzifələrinin aşağıdakılar olduğu qeyd edilir:

  • İqtisadi problemləri tədqiq etmək;
  • Anket tədqiqatları aparmaq və verilənləri (məlumatlar) toplamaq;
  • Riyazi modellərdən, statistik üsullardan və proqram təminatından istifadə edərək verilənləri təhlil etmək;
  • Tədqiqat nəticələrini hesabatlar, cədvəllər və qrafiklər vasitəsilə təqdim etmək;
  • Bazar trendlərini şərh etmək və proqnozlaşdırmaq;
  • Biznesə, hökumətə və fərdlərə iqtisadi mövzularda məsləhətlər vermək;
  • İqtisadi problemlərin həlli üçün tövsiyələr vermək;
  • Elmi jurnallar və digər media orqanları üçün məqalələr yazmaq.

Heç şübhəsiz ki, yuxarıda qeyd edilən vəzifələri icra etmək üçün iqtisadçı bir sıra zəruri bacarıqlara da sahib olmalıdır. Bu bacarıqları aşağıdakı şəkildə qruplaşırmaq mümkündür:

  • Təhlil bacarıqları. İqtisadçı, iqtisadi problemləri öyrənən, qiymətləndirən, izah edən və proqnozlaşdıran şəxs olduğu üçün bu peşəni seçənlər qarşısında qoyulan başlıca tələb də yüksək təhlil bacarığına sahib olmaqdır.  Bu baxımdan iqtisadçı, verilənləri ətraflı şəkildə nəzərədən keçirməyi, nümunələri müşahidə etməyi, dərin hesablamalar aparmağı və məntiqi nəticələr çıxarmağı bacarmalıdır. Məsələn, əmək iqtisadçıları əməklə bağlı həyata keçirilən siyasət tədbirlərinin məşğulluğa təsirlərini təhlil edirlər ki, bu da yüksək təhlil bacarıqları tələb edir.
  • Tənqidi düşünmə bacarıqları.  İqtisadçı, mürəkkəb problemləri həll etmək üçün məntiqdən istifadə etməyi və əsaslandırmanı bacarmalıdır. Məsələn, o, ortaya çıxan iqtisadi trendlərin çalışdığı təşkilata necə təsir göstərəcəyini müəyyən edə bilməlidirlər.
  • Danışıq bacarıqları. İqtisadçı, öz işlərini digərlərinə açıqlamağı bacarmalıdır. Açıqladığı insanlar mütəxəssis ola da bilər, olmaya da bilər. Əsas odur ki, iqtisadçı onların hər birinə uyğun təqdimatlar etməyi və açıqlamalar verməyi bacarsın.
  • Yazı bacarıqları. İqtisadçı tədqiqat nəticələrini açıq şəkildə yazılı təqdim etməyi bacarmalıdır. O, vaxtaşırı həmkarları və ya müştərilər üçün hesabatlar hazırlamaq, jurnallarda və digər media orqanlarında yazılar yazmaq qabiliyyətində olmalıdır.

İqtisadçıların öyrəndikləri, məşğul olduqları problemlərin dairəsi genişdir və bu dairə zaman keçdikcə daha da genişlənir. Müasir dövrdə iqtisadçılar təhsil, səhiyyə, inkişaf, ekologiya kimi müxtəlif sahələrdəki problemlərin kəmiyyət və keyfiyyət baxımından iqtisadi təhlilini aparırlar. Bəzi iqtisadçılar məhsulların xərclərini, səhiyyəni və ya enerjini tədqiq edir, bəziləri isə məşğulluq səviyyəsi, biznes tsiklləri, valyuta kursları, vergilər, inflyasiya və ya faiz dərəcələrini şərh edirlər. Bir çoxları isə vaxtaşırı tarixi iqtisadi trendləri öyrənir və onlardan proqnozlaşdırmada istifadə edirlər. Buna görə də iqtisadçılar, məşğul olduqları iqtisadi problemlərin xarakterinə görə fərqləndirilirlər. Bu baxımdan iqtisadçılar, əsasən aşağıdakı qruplara ayrılırlar:

  • Ekonometriklər (econometrik) iqtisadi münasibətləri test etmək məqsədilə modellər qurur və riyazi təhlildən istifadə edirlər.
  • Maliyyə iqtisadçıları (financial economists) yığımları, investisiyaları və risqləri təhlil edir, maliyyə bazarlarını və maliyyə institutlarını öyrənirlər.
  • Sənayenin təşkili iqtisadçıları (industrial organization economists) sənayedə firmaların necə təşkil edildiklərini və necə rəqabət aparmalarını öyrənir, anti-inhisar qanunları və onların bazar təsirlərini təhlil edirlər.
  • Beynəlxalq iqtisadçılar (international economists) beynəlxalq ticarət və onun qloballaşmaya təsirini öyrənir, qlobal maliyyə bazarları və valyuta kurslarını təhlil edirlər.
  • Əmək iqtisadçıları (labor economists) əmək bazarında tələbi və təklifi öyrənir, məşğulluq səviyyəsi və əmək haqqlarının necə formalaşdığını tədqiq edir, minimum əmək haqqı qanunları kimi siyasət tədbirlərinin və həmkarlar təşkilatları kimi institutların təsirlərini təhlil edirlər.
  • Makroiqtisadçılar (macroeconomists) və monetar iqtisadçılar (monetary economists) iqtisadiyyatı bütöv şəkildə öyrənir, işsizlik, inflyasiya və iqtisadi artımla bağlı trendləri tədqiq edir, pul təklifi və faiz dərəcələrinin iqtisadiyyata təsirini izah etməyə imkan verən fiskal və monetar siyasətləri təhlil edirlər.
  • Mikroiqtisadçılar (microeconomists) fərdlərin və firmaların tələb və təkliflə bağlı qərarlarını öyrənir, xüsusilə də müəyyən qiymət səviyyəsində məhsul istehlakçılarının tələbini təhlil edirlər.
  • İctimai maliyyə iqtisadçıları (public finance economists) dövlətin iqtisadiyyatda rolunu öyrənir, xüsusilə də vergi endirimləri, büdcə kəsrləri, əhalinin rifahı ilə bağlı siyasət tədbirlərinin təsirlərini təhlil edirlər.

İqtisadçıların çalışdıqları sektordan asılı olaraq məşğul olduqları problemlər də fərqlənir. Belə ki, hökumətdə çalışan iqtisadçılar daha çox ölkə iqtisadiyyatı ilə bağlı məşğulluq, qiymətlər, məhsuldarlıq, əmək haqqı və digər parametrlər üzrə verilənlər toplayır və onları təhlil edirlər. Bu iqtisadçılar həmçinin də ictimai xərcləri layihələndirir və normativ-hüquqi sənədlərin iqtisadi təsirləri haqqında siyasətçiləri məlumatlandırırlar. Hökumətdəki iqtisadçıların ekspert rəyləri və tədqiqat nəticələri faiz dərəcələri, vergi qanunları, məşğulluq proqramları, beynəlxalq ticarət sazişləri kimi geniş siyasət tədbirlərinin formalaşmasında çox vaxt həlledici rol oynayır.

Biznesdə çalışan iqtisadçılar daha çox menecer və qərarvericilərə iqtisadiyyatda baş verən proseslərin onların biznesinə necə təsir göstərəcəyini düzgün anlamaqda kömək edirlər. Onlar xüsusilə də firmaların mənfəətini maksimumlaşdırmağa kömək edən istehlkaçı tələbi və satış kimi parametrləri təhlil edirlər.

İqtisadçıların önəmli bir hissəsi universitetlərdə çalışır. Bunlar bir tərəfdən iqtisad elmini tədris edərək yeni iqtisadçılar yetişdirir, digər tərəfdən isə apardıqları tədqiqatlarla həm bu elmin özünün inkişafına, həm də iqtisadiyyatda müxtəlif səviyyələr üzrə daha effektli qərarların alınmasına imkan yaradırlar.

Müasir dövrdə iqtisadçılar, beynəlxalq təşkilatlarda, tədqiqat firmalarında və beyin mərkəzlərində də geniş şəkildə çalışırlar. Müxtəlif iqtisadi problemlərin tədqiqi ilə məşğul olan bu iqtisadçıların təhlil və proqnozları mütəmadi olaraq, qəzet və jurnallarda nəşr edilir.

İqtisadçı peşəsi, tədqiqata və təhlilə əsaslandığından hazırda təkcə universitetlər deyil, digər işəgötürənlər də yüksək kvalifikasiyalı iqtisadçılar axtarır, daha çox fəlsəfə doktoru və ya magistr elmi dərəcəsi olan iqtisadçılara üstünlük verirlər. Yalnız bakalavr dərəcəsinə sahib iqtisadçıların isə məşğulluq imkanları gün keçdikcə daha da məhdudlaşır.

Beləliklə, yuxarıdakı açıqlamalarımızdan göründüyü kimi, iqtisadçı peşəsi kifayət qədər yetkin bir peşədir. Bu gün iqtisadçının konkret funksiyaları, vəzifələri, peşə bacarıqları və məşğul olduğu əsas problemlər var. Ancaq təəssüflər olsun ki, ölkəmizdə bu peşə bir çox hallarda digər peşələrlə qarışdırılır, marketinq, insan resursları, menecment mütəxəssislərinə belə iqtisadçı deyilə bilir. Belə bir vəziyyət isə bir çox hallarda həm iqtisadçı peşəsinin seçimi, həm də iqtisadçıların peşə hazırlığı proseslərinin keyfiyyətinə mənfi təsirini göstərir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
Kitab təqdimatı

“Dünyanın çöhrəsini dəyişdirən səyahətlər”

Dünya iqtisadiyyatının bu günkü strukturunu düzgün dərk etmək üçün bir sıra tarixi hadisə və prosesləri dərindən öyrənmək lazımdır ki, onlardan biri də coğrafi kəşflərdir. Böyük coğrafi kəşflər və onların nəticələri, beynəlxalq ticarətin formalaşması, müstəmləkə iqtisadiyyatlarının meydana gəlməsi, qlobal qul ticarəti, müasir beynəlxaq iqtisadi nizamın mənşəyi, qlobal kapitalizmin formalaşması və.s kimi məsələlərin dərindən dərk edilməsi baxımından çox əhəmiyyətlidir. Peter Aughtonun qələmə aldığı bu kitabın, mövzu ilə maraqlanan hər kəs üçün, xüsusilə də iqtisad öyrənən tələbələr üçün faydalı olacağını düşünürəm.

Standart
İqtisad

İqtisad elm deyil, yoxsa bəzi iqtisadçılar elm adamı deyil?

İqtisad elminin bir çox ziddiyyətli baxışları, bir-birindən tamamilə fərqli yanaşmaları və hətta elmi məktəbləri özündə birləşdirdiyi heç kimə sir deyil. Bu vəziyyət, iqtisadın elm olub-olmaması ilə bağlı aparılan müzakirələrdə də özünü göstərir. Uzun zamandır belə müzakirələr aparılır. Müzakirələrə iqtisadçılarla yanaşı, iqtisadçı olmayanların da qoşulması bir tərəfdən diqqəti cəlb edir, digər tərəfdən isə bu müzakirələri daha da mürəkkəbləşdirir.

Müstəqillikdən sonrakı dövrdə Azərbaycanda da bir çoxları bu müzakirələrə qoşulmuşdur. Hətta son illər belələrinin sayında nisbi artımın olduğunu da müşahidə etmək mümkündür. Heç şübhəsiz ki, elmi müstəvidən kənara çıxmamaq şərti ilə bu cür müzakirələrin aparılması ilk növbədə elmin özünün inkişafı baxımından faydalıdır və təqdir edilməlidir. Ancaq təcrübə göstərir ki, istər Azərbaycanda, istərsə də bütövlükdə dünyada bu istiqamətdə aparılan müzakirələr çox vaxt subyektivlikdən qurtula bilmir. Belə ki, iqtisadın elm olmaması tezisi, daha çox onun riyazi aspektindən çəkinən və iqtisadın əsas xətti (mainstream) çərçivəsində ciddi elmi nəticələr ortaya qoya bilməyənlər arasında özünə dəstək tapdığı halda, iqtisadın elm olması tezisi də daha çox onu ifrat dərəcədə riyaziyyata bulaşdıraraq yalnız özlərinin anladığı bir elmə çevirələnlər arasında özünə dəstək tapır. Bir də iqtisadçı olmayanlar var ki, onlar da çox vaxt iqtisadçıların cəmiyyətdəki nüfuzuna qısqanclıqla yanaşdıqlarından iqtisadın elm olmadığı tezisindən xoşlanırlar.

Bəs məsələyə obyektiv yanaşma necə formalaşdırıla bilər? Heç şübhəsiz ki, bu yanaşmanın formalaşdırılması, ilk növbədə bütövlükdə elm və elmi metodun, iqtisad elmi, onun metodu və öyrəndiyi obyektin xarakterinin düzgün dərk edilməsini tələb edir.

Elm (ing. science), latınca bilik mənası daşıyan “scienta” sözündən əmələ gəlmişdir. Müasir mənada elm, kainat, kainatdakı varlıqlar, hadisələr və proseslər haqqında ilkin biliklərdən çıxış edərək, onlara təcrübə ilə doğrulanmış izahlar vermə cəhdidir. Bu baxımdan elmin bilik, təcrübə ilə doğrulanma və izah etmə cəhdi olmaqla üç təməl komponentdən ibarət olduğunu görmək mümkündür.

Elmin əsas məqsədi reallığın nəzəri modelini formalaşdırmaqdır. Elm adamlarının reallığı model çərçivəsinə salmalarının iki əsas səbəbi var. Birinci səbəb, reallığın mürəkkəb görüntüsünü abstraktlaşdırma (varlıqların, hadisə və proseslərin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərinin ümumiləşdirilməsi) yolu ilə sadələşdirərək onun dərk edilməsini asanlaşdırmaqdır. İkinci səbəb isə, hər dəfə qarşıya çıxan varlıqları, hadisə və prosesləri yenidən öyrənərək izah etmək əvəzinə əldəki modelə baxmaqla onu dərk etməyə çalışmaqdır.

Elmə həqiqəti ortaya çıxarmaq məqsədi daşıyan axtarış kimi də baxıla bilər. Bu baxımdan elmin təməlində tədqiqat dayanır. Tədqiqat hər hansı bir şeyi axtarıb tapma prosesidir. Hər hansı bir fenomenin doğru olub-olmadığını ortaya qoymaq üçün onunla bağlı tədqiqat aparmaq tələb olunur. Elmi bilik ancaq elmi tədqiqat nəticəsində ortaya çıxa bilər.

Müəyyən bir məqsədə və ya hədəfə çatmaq üçün istifadə edilən yola metod deyilir. Elmi tədqiqatlar da elmi metodla aparılır. Elmi metod isə bir neçə zəruri və ardıcıl mərhələni özündə birləşdirir: 1) Tədqiq ediləcək mövzunun açık şəkildə ifadə edilməsi; 2) Mövzu ilə bağlı məlumatların toplanması və müşahidələrin aparılması; 3) Hipotezin formalaşdırılması; 4) Hipotezin təcrübə, müşahidə və ölçmələrlə test edilərək doğruluğunun sınanması və ya yalnışlığının göstərilməsi; 5) Əldə edilən nəticələrin şərh edilərək müvafiq elmi qanunnəzəriyyənin formalaşdırılması.

Elmin əsas vəzifələrindən biri hadisə və proseslər arasında səbəb-nəticə əlaqələrini üzə çıxarmaqdır. Bu baxmdan elmdə səbəb-nəticə əlaqələri üç yolla ortaya qoyulur: hipotez, elmi qanun və nəzəriyyə. Hipotez, hər hansı bir səbəb-nəticə əlaqəsinin hələ təcrübə və ya yetərli sayda müşahidə ilə isbatlanmadan ortaya qoyulmasıdır. Hipotezlər ilkin müşahidələrə əsaslanır, ispata ehtiyacı olan müddəalardır və doğrulanmaları tələb olunur. Hipotezlər adətən əksi subut olunana qədər doğru qəbul edilirlər. Səbəb-nəticə əlaqəsi üzərində qurulmuş hipotez çoxsaylı təcrübə və ya müşahidələrlə doğrulandıqdan və ya yalanlanmadıqdan sonra elmi qanuna çevrilir. Bir çox səbəb-nəticə əlaqəsinin birgə vahid disiplin formasında birləşdirilməsindən meydana gələn elmi biliklər məcmusu isə nəzəriyyə adlanır. Ancaq doğruluğunun qəbul edilmiş olması, zaman keçdikcə hər hansı hipotez, qanun və ya nəzəriyyənin yalnışlığının ortaya çıxarılmasına da maneə sayılmır.

Elmlər iki təməl qrupa ayrılır: 1) Kainatı və təbiəti öyrənən təbiət elmləri və ya fiziki elmlər; 2) İnsan və cəmiyyət davranışlarını öyrənən sosial elmlər. İqtisad, insan-təbiət, insan-insan, insan-cəmiyyət və insan-mal və xidmət əlaqələrini öyrənir. İnsanın təbiət ilə əlaqəsi əsasən istehsalda, insanla əlaqəsi ticarət və ya maliyyə xidmətləri sahələrində, cəmiyyətlə əlaqəsi iş həyatında, mal və xidmətlə əlaqəsi isə istehlak və investisiya fəaliyyətlərində özünü göstərir. İqtisad insan və cəmiyyət davranışlarını öyrənən elm olduğu üçün sosial elmlər sırasında qəbul edilir.

Bütün sosial elmlər kimi iqtisad da bir çox cəhətdən təbiət elmlərindən fərqlənir. Ancaq buna baxmayaraq, iqtisadın istifadə etdiyi kəmiyyət metodları və modellərə nəzər saldıqda təbiət elmlərinə ən yaxın sosial elm olduğu fikrini də irəli sürmək mümkündür.

İqtisadın təbiət elmlərindən fərqli mühüm xüsusiyyətlərindən biri hipotez, qanun və nəzəriyyələrinin zaman və məkana görə dəyişkən olmasıdır. İnsan və cəmiyyət davranışları dəyişdikcə iqtisadın qanunları da dəyişir. Buna görə də iqtisadi qanunlar və nəzəriyyələr, təbiət elmlərinin qanun və nəzəriyyələrinə görə daha asan və sürətlə dəyişə bilir. Məhz bu dəyişə bilmə xüsusiyyəti iqtisada böyük dinamizm verir. Elə bu səbəbdəndir ki, iqtisadda eyni mövzu ilə bağlı çoxlu sayda fərqli hipotez, qanun və ya nəzəriyyəyə rast gəlinir.

İqtisadın əsas məqsədlərindən biri iqtisadi dəyişənlər arasında səbəb-nəticə əlaqələrini açıqlamaqdır. Bütün elmlər kimi iqtisad da bu məqsədlə hipotez, qanun və nəzəriyyələr ortaya qoyur. Lakin təbiət elmlərindən əsas fərqi odur ki, hipotezlərin test edilməsində labaratoriya təcrübələrindən istifadə edə bilmədiyindən daha çox müşahidələrə və statistik testlərə üstünlük verir.

İqtisadı təbiət elmlərindən ayıran digər bir cəhəti də həqiqətin ortaya çıxarılmasında elmi abstraktlaşdırma yolundan geniş istifadə etməsidir. Bunun əsas səbəbi real iqtisadi həyatın son dərəcə mürəkkəb, çətin dərk edilən olmasıdır. Ona görə də bu mürəkkəb strukturu düzgün dərk etmənin, təhlil etmənin yolu belə abstraktlaşdırmalarla onu sadələşdirmək və izah oluna bilən səviyyəyə gətirməkdir.

İqtisadda modellər, hipotezlər qurularkən, abstraktlaşdırmalardan istifadə edilərkən ən çox istifadə edilən vasitələrdən biri də fərziyyələrdir. İqtisadın öyrənmə obyekti olan insan və cəmiyyət açıq sistem (ətraf mühitlə daim əlaqədə olan və orda baş verən dəyişikliklərdən təsirlənən) olduğu üçün bu elmdə modellər, hipotezlər, qanun və nəzəriyyələrin də müəyyən fərziyyələr çərçivəsində formalaşdırılması zərurətə çevrilir. Ən çox istifadə edilən fərziyyə də Latınca “Ceteris Paribus” olaraq ifadə edilən və mənası “digər şərtlər sabit qaldıqda” kimi açıqlanan fərziyyədir. Ona görə də iqtisadda hər hansı bir model əsasında fikir (və ya çox vaxt proqnoz) irəli sürən zaman həmin modelin əsaslandığı fərziyyələri də açıqlamaq və ya nəzərə almaq lazımdır.

İqtisad elminin düzgün dərk edilməsi üçün pozitiv və normativ iqtisad, mikro və makro iqtisad, iqtisadda qısa və uzun dövr ayrımlarına da diqqət yetirmək zəruridir.

Pozitiv iqtisad iqtisadın nəzəri hissəsidir. Pozitiv iqtisadda seçimlərə və inanclara yer yoxdur. Burada hər hansı bir fenomen elmi şəkildə ortaya qoyularaq təhlil edilir və irəli sürülən müddəaların doğru olub-olmadığının sübut edilməsi tələb olunur. Pozitiv iqtisad, iqtisadi sistemi səbəb-nəticə əlaqəsi çərçivəsində tədqiq edir və onun əsaslandığı iqtisadi qanunları üzə çıxarmağa çalışır.

Normativ iqtisad isə iqtisadın iqtisadi siyasətlə bağlı hissəsidir. Burada seçimlərə, başqa sözlə subyektiv hədəflərə yer verilir. Normativ iqtisad iqtisadiyyatın necə olmalı olduğu haqqında subyektiv mühakimələri özündə birləşdirir və müəyyən iqtisadi hədəflər üçün nələrin edilməli olduğunu tədqiq edir.

Mikroiqtisad, fərdin, firmanın, ayrı-ayrı qurumların davranışlarını, yanaşmalarını tədqiq edir. Fərdi istehlak, fərdi tələb, firma istehsalı, firma xərcləri, qurumların investisiyaları kimi məsələlər mikroiqtisad tərəfindən oyrənilir. Məcmu istehlak, məcmu tələb, məcmu təklif, məcmu yığım və ya məcmu investisiya, inflyasiya, işsizlik, iqtisadi artım kimi bütövlükdə cəmiyyəti maraqlandıran məsələlər makroiqtisad tərəfindən öyrənilir. İqtisadiyyatın mikro və makro səviyyələrdə öyrənilməsi zamanı diqqət edilməsi zəruri olan məqamlardan biri mikro səviyyədə doğru olanın çox vaxt makro səviyyədə doğru olmamasıdır. Məsələn, yığım mikro səviyyədə doğru davranış kimi qəbul edilir, ancaq bütövlükdə cəmiyyət yığımı artırmağa başladıqda məcmu tələb azala və iqtisadi artım üçün ciddi təhlükə yarana bilər. Bir sözlə, obrazlı ifadə edilərsə, “mikroiqtisad ağacları, makroiqtisad isə meşəni öyrənir” demək mümkündür.

İqtisadın qısa və uzun dövrə baxışı digər elmlərin baxışından fərqlənir. Məsələn maliyyə elmində qısa dövr 1 ildən qısa müddət üçün, orta dövr 1-5 illik müddət üçün, uzun dövr isə 5 ildən uzun müddət üçün istifadə edilir. İqtisadda isə qısa və uzun dövr zaman dilimləri ilə müəyyən edilmir. İqtisadda qısa dövr dedikdə, ən azı bir dəyişənin dəyişdirilə bilmədiyi zaman kəsimi nəzərdə tutulur. Məsələn, deyək ki, istehsalda istifadə edilən bütün faktorlar artırıldığı halda, kapital faktoru artırıla bilmir. Burada nə qədər ki, kapital faktoru artırıla bilmir, demək hələ söhbət qısa dövrdən gedir. Ona görə də qısa dövr bəzi hallarda 1 gün, bəzi hallarda 1 ay, bəzi hallarda 1 il və ya daha uzun müddət ola bilər. İqtisadda uzun dövr dedikdə isə bütün dəyişənlərin dəyişdirilə bildiyi, heç bir şeyin sabit qalmadığı dövrdür. Bu da bəzi hallarda 1 gün və ya daha qısa müddət ola bilər.

İqtisadçılar çox vaxt iqtisadi hadisə və prosesləri açıqlamada, eləcə də iqtisadi siyasət qərarlarına münasibətdə uzlaşa bilmirlər. Təhlillər göstərir ki, bu uzlaşmazlığın 3 başlıca səbəbi var:

1) İstifadə edilən modellər arasındakı fərqliliklər: İqtisadçılar təhlillərində hər hansı iqtisad məktəbinə (klassik, neoklassik, keynisçi, monetarizm və.s) bağlılıqlarından və subyektiv seçimlərindən irəli gələrək müxtəlif modellərdən istifadə edirlər. Bu modellər arasındakı fərqliliklər iqtisadi hadisə və proseslərin açıqlanmasında, eləcə də təklif edilən iqtisadi siyasətin hansı nəticələr doğuracağına münasibətdə iqtisadçılar arasında fikir müxtəlifliyi doğura bilər.

2) Kəmiyyət əlaqələrinin ölçülməsindəki fərqliliklər: İqtisadçılar, hətta eyni modeldən istifadə etsələr belə, əgər təhlillərindəki kəmiyyət ölçmələrinin nəticələrində fərqliliklər ortaya çıxarsa, bu, onlar arasında fikir müxtəlifliyinə də səbəb ola bilər.

3) İqtisadçıların sahib olduğu dəyərlər arasındakı fərqliliklər: İqtisadçılar digər peşələrin nümayəndələri kimi adətən fərqli dəyərlərə (sağçı, solçu, feminist və.s) sahib olurlar. Onlar iqtisadi siyasətdəki dəyişikliklərin nəticələrini (və ya təsirlərini) sahib olduqları dəyərlər baxımından qiymətləndirirlər. Buna görə də hər hansı təklif edilən iqtisadi siyasəti təhlil etdikləri zaman fərqli nəticələrə gəlmələri mümkündür.

Heç şübhəsiz ki, iqtisadın yuxarıda qeyd etdiyimiz bəzi xarakterik xüsusiyyətləri və iqtisadçıların çox vaxt öz aralarında uzlaşa bilməmələri zamanla bu elmin elm olub-olmaması ilə bağlı müzakirələrin ortaya çıxmasının əsas səbəbidir. Ancaq oxşar xarakterik cəhətlər digər sosial elmlərə də xasdır və onda bu məntiqdən çıxış edərək, sosiologiya, psixologiya, tarix, hüquq, politologiya və digər sosial elmlər də elm hesab edilməməlidir. Bu isə sosial elmlərin təbiətini dügün dərk etməmək və ya bir qədər yumuşaq desək onları nəzərə almamaqdan doğan yalnış tezis olardı.

İqtisadın elmi olmadığı tezisini irəli sürərək (bunların arasında adının qarşısına “iqtisad doktoru” yazanlar da çoxdur) bu yalnışa düşənlərə ən tutarlı cavablardan birini vaxtilə Türkiyədə doğulmuş, təhsil almış və hazırda dünyanın ən məşhur iqtisadçıları arasında olan Dani Rodrik vermişdir. İqtisadın elm olmasına şübhə edənlərin şübhələrinin daha çox bu elmin təbiətini düzgün anlaya bilməmələrindən doğduğuna inanan Rodrik, 2015-ci ildə yazdığı “İqtisadın qaydaları: iqtisad nə üçün işə yarayır, nə vaxt uğursuz olur və aradakı fərqi necə anlamaq olar” (Economics Rules: Why Economics Works, When It Fails, and How to Tell the Difference. First Edition, Oxford University Press) adlı kitabında iqtisadı doğru anlamaları üçün həm iqtisadçılara, həm də iqtisadçı olmayanlara aşağıdakı iyirmi prinsipə əməl etmələrini tövsiyə edir:

İqtisadçılar üçün:

1) İqtisad modellər kolleksiyasıdır; müxtəlif növ modellərin olduğunu unutmayın.

2) Əlinizdəki model yeganə model deyil, mövcud modellərdən yalnız biridir.

3) Modelinizi səbəb-nəticə əlaqəsinin necə işlədiyini ortaya qoyacaq qədər sadə qurmağa çalışın, ancaq səbəblər arasında başlıca qarşılıqlı əlaqələri nəzərədən qaçıracaq qədər sadə olmamasına diqqət edin.

4) Modellərdə real olmayan fərziyyələrdən istifadə edilə bilər, ancaq real olmayan mühüm fərziyyələrdən istifadə edilə bilməz.

5) Dünya (demək olar ki) həmişə ikinci ən yaxşıdır.

6) Modeli real dünyaya uyğunlaşdırmaq üçün açıq empirik diaqnostika metodlarınızın olması tələb olunur; bunlar da elmdən daha çox sənətdir.

7) İqtisadçıların müəyyən məsələlərdə həmfikir olmasını real dünyanın necə işlədiyini dəqiq bilmələrindən irəli gəldiyini sanmayın.

8) İqtisadiyyat və ya siyasət mövzuları haqqında sual verildiyi zaman “bilmirəm” söyləmək pis iş deyildir.

9) Unutmayın ki, səmərəlilik hər şey demək deyildir.

10) Cəmiyyətin dəyərlərini öz dəyərlərinizlə əvəz etməklə mütəxəssis olmanızdan sui-istifadə etməyin.

İqtisadçı olmayanlar üçün:

1) İqtisad əvvəlcədən müəyyən edilmiş nəticələri olmayan modellər kolleksiyasıdır. Bunun əksini iddia edən heç bir tezisi qəbul etməyin.

2) İqtisadçıların modellərini fərziyyələrinə görə tənqid etməyin. Qüsurlu bəzi fərziyyələrin daha doğru olanları ilə əvəz edilməsi halında nəticələrin necə dəyişəcəyini onlardan soruşun.

3) Təhlillər sadəlik tələb edir. Özünə mürəkkəblik bəzəyi verən əsassızlıqlara qarşı diqqətli olun.

4) Riyaziyyatın gözünüzü qorxutmasına imkan verməyin. İqtisadçılar ağıllı olduqları üçün yox, yetərli qədər ağıllı olmadıqları üçün riyaziyyatdan istifadə edirlər.

5) İqtisadçılar müəyyən məsələlərdə tövsiyələr verdikdə, əsaslandıqları modelin mövcud vəziyyət üçün uyğun olduğunu haradan bildiklərini soruşun.

6) İqtisadçılar “iqtisadi rifah” terminindən istifadə etdikdə, bununla nəyi nəzərdə tutduqlarını soruşun.

7) İqtisadçıların ictimaiyyət qarşısında seminar otaqlarında danışdıqlarından fərqli danışa biləcəklərini unutmayın.

8) Bütün iqtisadçılar bazara tapınmır. Ancaq bazarın necə işlədiyini sizdən yaxşı bilirlər.

9) Əgər bütün iqtisadçıların eyni olduğunu fikirləşirsinizsə, verdikləri seminarlardan birində iştirak edin.

10) Əgər iqtisadçıların iqtisadçı olmayanlara qarşı xüsusilə qaba olduqlarını düşünürsünüzsə, verdikləri seminarlardan birində iştirak edin.

İqtisadın elm olub-olmaması ilə bağlı müzakirələrin bir daha qızışdığı 2013-cü ildə həmin il iqtisad üzrə Nobel Mükafatı almış Robert Shiller “İqtisad elmdirmi?“başlıqlı bir məqalə yazmışdı. Bu məqalədən sonra Harvard Universitetinin iqtisad professoru Raj Chetty Shillerə dəstək xarakterli “Bəli, iqtisad elmdir” adlı məqalə yazdı. O zaman bu müzakirələrə qoşulan iqtisad üzrə Nobel Mükafatı laureatı Paul Krugman məqaləsinə belə bir maraqlı başlıq seçmişdi: “Bəlkə də iqtisad elmdir, ancaq bir çox iqtisadçı elm adamı deyil“. Krugman məqaləsində köhnə doqmalardan inadla əl çəkməyən, bununla da iqtisadı elmdən daha çox dinə çevirən iqtisadçıları tənqid edirdi.

Krugmana bu baxımdan haqq qazandırmamaq mümkün deyildir. Heç şübhəsiz ki, daha təkmil iqtisadi modellərə, nəzəriyyələrə keçid verməyən, köhnə modelləri, nəzəriyyələri doqmaya çevrirərək iqtisad elmini elm adamları və geniş ictimaiyyət arasında “aciz” göstərən iqtisadçıların, iqtisadın elm olması haqqında şübhələrin yaranmasında rolu böyükdür. Ancaq onu da nəzərə almaq lazımdır ki, Krugman bu fikrə daha çox inkişaf etmiş ölkələrin təcrübəsi əsasında gəlmişdir. Bu baxımdan inkişaf etməkdə olan ölkələrə, xüsusilə də post-sovet məkanına nəzər saldıqda, bu iqtisadçıların sırasına iqtisadı bilməyən və ya yetərincə bilməyən iqtisadçıları da əlavə etmək mümkündür…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart