Elm və təhsil

NOVRUZ YAZILARI – Aziz Sancar: bir türkün Nobelə gedən yolu və verdiyi mesajlar (1)

Sonuncu dəfə bu ilin yanvar ayında elmi araştırmalarımla bağlı Türkiyədə olarkən satın aldığım kitablardan biri də elm və texnika sahəsində yazıları ilə məşhur olan Orhan Bursalının qələmə aldığı “Aziz Sancar və Nobelin Hekayəsi” kitabı oldu. Aziz Sancarın həyatını və onun Nobel mükafatına gedən yolunu kifayət qədər maraqlı bir üslubda oxuculara çatdıran bu kitabı demək olar ki, bir nəfəsə oxudum. Kitabı oxuyana qədər Aziz Sancar haqqında müəyyən biliklərə sahib idim və onun 2015-ci ildə Kimya üzrə Nobel mükafatını qazanması o vaxt bir türk kimi məni də çox sevindirmişdi. Lakin kitabı oxuduqdan və bəzi əlavə araşdırmalar apardıqdan sonra Aziz Sancar şəxsiyyətinin bizim üçün elm sahəsində Nobel mükafatı alan ilk türk olmaqdan daha geniş məna kəsb etməli olduğu qənaətinə gəldim və onun həyat və fəaliyyətinin hər bir həmkarım, xüsusilə də gənc elm adamları üçün zəngin mesajlarla dolu olduğunu gördüm. Elə buna görə də ölkəmin gəncləri üçün örnək simalardan olmasını arzu etdiyim bu möhtəşəm elm fədaisi haqqında bir yazı qələmə almaq qərarına gəldim. Heç şübhəsiz ki, ixtisas sahəm olmadığı üçün Aziz Sancarın kimya elminə verdiyi töhvələrin detallı şərhini kimyaçılarımıza saxladım və yazımda daha çox onun həyat və yaradıcılığının bütün elm adamları üçün əhəmiyyətli ola biləcəyini düşündüyüm cizgiləri üzərində dayandım. Hissə-hissə sizlərə təqdim edəcəyim bu yazımı türk millətinin adını dünya elminin zirvəsinə daşıdığına görə böyük millətpərvər bir insana bir vəfa borcu kimi də, bütün həyatını həqiqi mənada elmi araşdırmalar uğruna fəda etmiş və dünya elminə möhtəşəm xidmətlər göstərmiş böyük bir alimin əməyi qarşısında bir sayqı ifadəsi kimi də qəbul edə bilərsiniz.

Aziz Sancar kimdir?

Aziz Sancar, 8 sentyabr 1946-cı ildə Türkiyə Cumhuriyyətinin ucqar bölgələrindən olan Mardin Vilayətinin Savur mahalında doğulur. Oxuyub-yaza bilməyən, ancaq təhsilin əhəmiyyətinə inanan ata və ananın səkkiz övladından yeddincisidir. Çox çətin şərtlər altında ibtidai və orta məkətbi Savurda, liseyi isə Mardin şəhərində bitirdikdən sonra 1963-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olur. Altı il bu Fakültədə təhsil alır və oranı birinciliklə başa vurur. Təhsilinin ikinci ilində biokimya dərsinə böyük maraq göstərir və gələcəkdə bu sahədə araşdırmalar aparmaq qərarına gəlir. Fakültəni bitirdikdən sonra müəllimlərinin tövsiyəsi ilə Savura qayıdaraq iki il orada həkimlik edir. Sonra NATO-TÜBİTAK stipendiyası ilə elmi araşdırma məqsədilə Johns Hopkins Universitetinə gedir. Dallasdakı Texas Universitetində Molekulyar Biologiya sahəsində doktorluq dərəcəsini, Yale Universitetində dosentlik elmi adını alır. Özü də, xanımı da hazırda Şimali Karolina Universiteti Biokimya və Biofizika Bölməsinin professorudur. Aziz Sancar hələ doktoranturada oxuyarkən çox əhəmiyyətli kəşf olan “Maxicell” metodunu icad edir və ABŞ-da gen mühəndisliyi sahəsini inkişaf etdirən azsaylı alimlər sırasına qoşulur. DNA təmiri və bioloji saatın tənzimlənməsi sahələrində araşdırmalar aparan Sancar, elmdə altı mühüm kəşfin müəllifi olur. 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə Kimya üzrə Nobel mükafatına layiq görülür. Nüfuzlu ABŞ Milli Elmlər Akademiyasının üzvü olan üç türkdən biri və elm sahəsi üzrə Nobel mükafatı alan ilk türk olur.

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma