Elm və təhsil

NOVRUZ YAZILARI – Aziz Sancar: bir türkün Nobelə gedən yolu və verdiyi mesajlar (2)

Atatürkün açdığı yol Nobelə aparır  

Aziz Sancarın təhsil almağa başladığı ilk illərdə üzərində ən böyük təsiri olan şəxslər Atatürk, anası, atası və böyük qardaşı olur. Xüsusilə də Atatürkü idealı hesab edən anasının uşaqların təhsilə yönəlməsindəki rolu həlledici xarakter daşıyır. “Atatürk və Respublika rejimi olmasaydı, Mardin Savurlu Aziz heç vaxt Nobel ala bilməzdi, buna görə də Nobel mükafatını Atatürkün movzeleyinə hədiyyə edirəm” deyən Aziz Sancar, Nobel mükafatı üçün yazdığı bioqrafiyasında Atatürkün həyatında oynadığı rolu belə izah edir: “Mustafa Kamal Atatürk, işğalçı Avropa dövlətlərinə qarşı modern Türkiyə Cumhuriyyətinə yol açan Qurtuluş Savaşını idarə etdi və qazandı. Yeni cumhuriyyət bütövlükdə türk xalqına uyğun gələ biləcək bir sistem qurmağa böyük əhəmiyyət verdi. Qısa müddət ərzində ölkə miqyasında yeni məktəblər açıldı və bu məktəblərdə Atatürkün təhsilli vətəndaşlıq vizyonuna bağlı, ölkələri haqqında idealist olan və ölkənin gələcəyi haqqında ümidli olan müəllimlərə vəzifələr verildi. Nəticədə, valideyinlərim və babalarımdan fərqli olaraq Türkiyənin geriqalmış, ucqar bölgəsində olmağıma baxmayaraq ölkəmin tarixilə bağlı mənə qürur verən və möhtəşəm başarıları haqqında mənə güvən verən çox mükəmməl təhsil almaq şansı əldə etdim.[1]. İbtidai və orta məktəbi birinciliklə bitirən Sancarın ən çox sevdiyi dərslər Riyaziyyat, Türkçə, Fransızca və Kimya olur. Onuncu sinifdə oxuyarkən müəkəmməl bir kimya müəllimi olur və bu müəllim onu kimya sahəsinə yönəldir. Orta məktəb dövründə aktiv futbol oynayan Sancar, həmyaşıdlarının yaddaşında həm də mükəmməl qapçı kimi də qalır. İstanbul Universitetinin həm Kimya, həm də Tibb Bölməsinə qəbul olsa da dostlarının təkidilə Tibb bölməsini seçir və bununla da  ali təhsil həyatına qədəm qoyur.

 Elm sevgisi və mədəniyyəti aşılayan universitetin və müəllimin önəmi

Türkiyə Cumhuriyyəti qurulduğu ilk illərdən elmə və təhsilə çox böyük önəm verir, bütövlükdə təhsil sistemi inkişaf etmiş Qərbin təhsil sistemi modelində yenidən qurulmağa başlanır. Ali təhsil sistemində yeni universitetlər, müasir fakültələr qurulur. Bütün bu quruculuq işlərində isə heç şübhəsiz ki, dahi Atatürkün ölkəyə dəvət etdiyi və onlara ali təhsil qurumlarında vəzifələr verdiyi Hitler zülmündən qaçan yahudi əsilli alimlərin böyük rolu olur. O dövrdə bu alimlərin təcrübəsilə Türkiyədə “müasir mədəniyyət səviyyəsinin üstünə çıxmaq” yönündə yaranmış milli arzu və istək birləşərək qısa müddət ərzində yüksək səviyyəli ali təhsil qurumlarını ortaya çıxarır. Bu qurumlardan ilki də məhz İstanbul Universiteti olur. Aziz Sancar da elə bu universitetdə tibb təhsili alır. O dövrdə İstanbul Universitetində Mutahhar Yenson, Ekrem Kadri Unat, Muzaffer Aksoy kimi böyük alimlərdən tibb təhsili alan, “məmləkətim mənə yüksək səviyyədə tibb təhsili verdi və ABŞ-dakı uğurumun mənbəyi oldu” deyən Aziz Sancar Nobel mükafatı üçün yazdığı bioqrafiyasında yahudi əsilli alimlərin Türkiyə ali təhsil sisteminin qurulmasındakı rolunu da unutmur: “Mənim bir çoxu yahudi olan professorlarım, II dünya müharibəsindən əvvəl və sonra Almaniyadan və yaxın ölkələrdən qaçıb gəlmişdi. Əksəriyyəti öz sahələrində çox yaxşı pedaqoq olmalarına baxmayaraq, Avropadan qovulduqları üçün Türkiyəyə gəlib buradakı təhsil sistemini Avropa standartlarına yüksəltməyi hədəfləyirdi. Türk milləti bu insanlara elm, təhsil, hətta filologiya sahəsində göstərmiş olduqları xidmətlərdən ötürü böyük minnətdarlıq borcludur.[2]

Təhsil aldığı dövrdə də, indi də İstanbul Universitetində dünyanın ən uğurlu tibb təhsilinin verildiyini qeyd edən Sancar, eyni zamanda burda təhsil almanın çətinliyinə də diqqəti çəkir. İstanbul Tibb Fakültəsində təhsil aldığı illərdə gecə-gündüz oxuduğunu, sosial və şəxsi həyatını demək olar ki, unutduğunu, xüsusilə də İstanbul kimi dünyanın möhtəşəm şəhərindən bixəbər yaşadığını tez-tez dilə gətirir. Harvard, Yale, Cambridge məzunları arasında qürurla “mən də İstanbul Tibb Fakültəsi məzunuyam” deyən Sancar, aldığı Nobel mükafatının üç replika medalından birini də məhz İstanbul Universitetinə hədiyyə edir. O universitetə ki, ona mükəmməl tibb təhsili verməklə yanaşı, eyni zamanda da onu gələcəyin elm adamı olma yolunda təşviq edir. İstanbul Universitetindəki müəllimlərinin onun elm yolunu seçməsindəki böyük rolunu hər zaman dilə gətirən Sancar, bu baxımdan müəllimi Muzaffer Aksoyu xüsusilə vurğulayır: “Müəllimim Muzaffer Aksoyun mənə elm sevgisi aşılamadakı payı böyükdür… Xaricdə təhsil alma və oraların elm mədəniyyətini mənimsəmə yolunda məni çox təşviq etdi.[3]. Nə qədər də gözəl ifadə edir: “elm sevgisi aşılama” və “elm mədəniyyətini mənimsəmə”! Elə geriqalmış dünyanın əsas problemi də bu sevgidən və mədəniyyətdən məhrum qalmaqdır. Buna görə də bu gün “üçüncü dünya” ölkələrində universitetlərin təkcə elm öyrədən, araşdırma aparan qurumlar deyil, ilk növbədə elm sevgisi və mədəniyyəti aşılayan qurumlar olmaları zəruriliyi öz aktuallığını qoruyur.

[1]Aziz Sancar – Biographical“. Nobelprize.org. Nobel Media AB 2014. Web. 5 Mar 2017. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/sancar-bio.html

[2]Aziz Sancar – Biographical“. Nobelprize.org. Nobel Media AB 2014. Web. 5 Mar 2017. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/sancar-bio.html

[3]Aziz Sancar – Biographical“. Nobelprize.org. Nobel Media AB 2014. Web. 5 Mar 2017. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/sancar-bio.html

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma