Elm və təhsil

NOVRUZ YAZILARI – Aziz Sancar: bir türkün Nobelə gedən yolu və verdiyi mesajlar (3)

“Pul istəmirəm, yeganə istəyim tədqiqat aparmaqdır”

Aziz Sancar İstanbul Universitetini bitirdikdən sonra doğulduğu Savurda çətin şərtlər altında iki il həkimlik etdikdən sonra Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumundan (TÜBİTAK) NATO stipendiyası alaraq, müəllimi Muzaffer Aksoyun da tövsiyə etdiyi kimi 1971-ci ildə ABŞ-a, Johns Hopkins Universitetinə doktoranturaya gəlir. İngiliscə bilmir, bir az Fransızca bilir. Qısa müddətdə ingiliscə öyrənir, dərslər alır, təməl biokimya üsulları ilə tanış olur və Roger Herriotun elmi rəhbərliyi altında çalışır. Ancaq heç cür rahat ola bilmir, mədəni şoklar yaşayır, elmi rəhbəri ilə dil tapa bilmir. Sancar sonradan elmi rəhbəri ilə arasındakı anlaşmazlığı belə izah edir: “Hər gün onun yanına yeni bir fikirlə gedirdim. Bir gün mənə Aziz müəllim kimdir, tələbə kim? Mən sənə nə etməli olduğunu deyəcəyim halda, sən mənə nə etməli olduğumu söyləyirsən.[1]. Elmi rəhbərilə arasındakı anlaşmazlıqlarla yanaşı, çox gərgin işləməsi və ABŞ mədəniyyətinə uyğunlaşa bilməməsi Sancarın psixologiyasında ciddi problemlər yaradır. O, həmin günləri haqqında belə danışır: “Həftənin yeddi günü və gündə 18 saat işləyirdim, heç bir dostum-tanışım yox idi. Buna əlavə olaraq özümə çox güvənirdim və yuxarıdan aşağı baxırdım, özümdən razı idim. Amerikalılar ölkələrinə gələn əcnəbilərə çox vərdiş etməmişdilər və özlərini daha üstün görməyə alışmışdılar. Bütün bunlar məni oradakı sosial həyatdan ayırdı və ciddi bir depresiyaya girdim. Tam şəkildə təcrid edilmişlik hissi mənliyimi əsir etmişdi.[2]. Belə bir vəziyyətdə ABŞ-dakı həkimləri ona bir müddətlik Türkiyəyə qayıtmağı tövsiyə edirlər və 1972-ci ildə Aziz Sancar müalicə və bərpa olmaq məqsədilə Türkiyəyə gəlir. Hacettepe Universitetində müalicə olunduqdan və bir müddət də doğulduğu bölgədə yaşadıqdan sonra yenidən ABŞ-da yarım qalan doktorantura təhsilini davam etdirməyə qərar verir. Lakin bu dəfə TÜBİTAK ABŞ-da yaşadığı problemləri əsas gətirərək, onu İngiltərəyə, Lancaster Universitetinə göndərir. Ancaq Sancar İngiltərədə çox vaxt itirməyi düşünmür, beynində ABŞ-a qayıtmaq var. ABŞ-a qayıtmasına təsir edən əsas amillərdən biri də bir gün Johns Hopkins Universitetində seminarını dinlədiyi Texas Universitetindən Claud Stan Rupertin fotoliyaz fermenti ilə bağlı tədqiqatlarına göstəridyi maraq olur.

Aziz Sancar 1973-cü ildə cibində 60 dollar pul ilə İngiltərədə təyyarəyə minir və yenidən ABŞ-a, Johns Hopkins Universitetinə gəlir. Müəllimi Herriota Texas Universitetində Stan Rupertlə birlikdə fotoliyaz fermenti üzərində tədqiqatlar aparmaq istədiyini və bu tədqiqatların böyük perspektivi olduğuna inandığını bildirir. Herriotun razılığını aldıqdan sonra bu məqsədlə Rupertə məktub yazır və cavab məktubu gələnə qədər keçən müddət ərzində cibində bir qəpik pulu olmayan Sancar bir çox müxtəlif işlərdə işləyərək çörəkpulu qazanır. O dövrü xatırladıqda ABŞ-da yaşayan türklərdən də çox dəstək aldığını qeyd edir: “Bu dövrdə türk qardaşlarım da mənə çox yardımçı oldular. Professorundan yanacaqdoldurma stansiyası işlədəninə qədər bir çox türk qardaşımdan kömək gördüm.[3]

Bir gün, Rupertdən cavab məktubu gəlir və məktubda ona stipendiya verə bilməyəcəkləri, başqa sözlə maliyyə ayıra bilməyəcəkləri qeyd edilir. Sancar buna baxmayaraq, Texasa uçur və Rupertin labaratoriyasına gedərək “mən gəlmişəm, pul istəmirəm, yeganə istəyim fotoliyaz fermenti üzərində tədqiqat aparmaqdır” deyir. Rupert ona yox deyə bilmir və Sancar onun labaratoriyasında çalışmağa başlayır. Gedəcək yeri yox, yatacaq yeri yox, hamı iş saatı bitdikdən sonra evinə getdiyi halda, o, gecələr də labaratoriyada işləyir və orada da yatır. Bir neçə ay sonra universitet labaratoriyada yatmağı ona qəti qadağan edir və o da məcbur qalıb, bir müddət Paksitanlı tanışların evində yaşayır. Ancaq belə səfil həyatı çox çəkmir, Rupert ondakı perspektivi görür və ona normal həyat şəraiti yaradacaq maliyyə mənbəyi tapır.

Tələbəsinə yol göstərən və tədqiqat sərbəstliyi verən elmi rəhbərin önəmi

Aziz Sancar yeni elmi rəhbəri Rupert haqqında həmişə çox böyük minnətdarlıq hissilə danışır. Onu özünün peşə həyatında ən təsirli insan hesab edərək, elmi rəhbərlik xüsusiyyətlərini belə ifadə edir: “Mənim üstün olduğum tərəflərimi və yetərsizliklərimi anlamışdı. Məni ürəkləndirdi, tövsiyələr verdi və mənə doğru yol göstərdi. Ancaq hamısından önəmlisi öz fikirlərimi formalaşdırmamda və bunları test etməmdə mənə sərbəstlik verdi. Bir elm adamı və alicanab olaraq mənim peşə həyatımda ən təsirli insandır.[4]Ancaq Aziz Sancar da belə bir insanın əməyini yerdə qoymur, onun tərəfindən kəşf edilən fotoliyaz fermenti üzərində tədqiqatlarını 40 il davam etdirir, bu sahədəki tədqiqatlara yekun vurur və Nobel mükafatı alır. Sancar bu sahədə araşdırmalarını o qədər dərinləşdirir ki, artıq elmi ədəbiyyatlarda fotoliyaz fermenti “Sancar fermenti” kimi ifadə edilməyə başlanır. O, “Fotoliyaz geninin klonlanması haqqında” mövzusunda doktorluq işini tamamladıqdan sonra ABŞ universitetlərindəki qaydalara uyğun olaraq başqa bir universitetdə fəaliyyətini davam etdirmək məqsədilə Texas Universitetindən ayrılarkən elmi rəhbəri Rupert onun gələcəyini dəqiqliklə görürmüşcəsinə öz xanımına üzünü tututaraq “Azizin getməsi ilə mənim Nobel almaq şansım da əldən gedir!” deyir. Aziz Sancar da heç vaxt müəllimini unutmur və Nobel mükafatını aldıqdan sonra ilk telefon edib sevincini bölüşdüyü şəxslərdən biri də məhz 97 yaşlı Rupert olur.

[1] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.66

[2] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.67

[3] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.73

[4] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.77

 

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma