Elm və təhsil

NOVRUZ YAZILARI – Aziz Sancar: bir türkün Nobelə gedən yolu və verdiyi mesajlar (4)

Elmdə yaxşı alim olmaqla yanaşı, geniş şəxsi əlaqələr də önəmlidir

Sancar post-doktorantura tədqiqatlarını başqa labaratoriyalarda davam etdirməli idi. Bu məqsədlə Stanford Universiteti başda olmaqla, bir necə universitet labaratoriyalarına müraciət edir, ancaq hamısından “yox” cavabı alır. Universitetlərin onun kimi yüksək hazırlıqlı post-doktorantura namizədini qəbul etməmələri bir müddət yenə də onda psixoloji sarsıntılar yaradır və nəhayət bir dostunun tövsiyəsi ilə Yale Universitetində Dean Ruppa müraciət edir və onun labaratoriyasında işləmək istədiyini bildirir. Rupp buna razılıq verir, ancaq labaratoriyasında yalnız texnik ştatının olduğunu və texnik maaşı alacağını qeyd edir. Sancar buna razılıq verir və elmə çox böyük xidmətlər göstərən araşdırmalarının mühüm hissəsini məhz Yale Universitetində həyata keçirir. Burada çalışdığı labaratoriyanın rəhbəri Rupp onun haqqında heyrətlə danışır: “Çox parlaq, çox orjinal, çox hədəfinə fokslanmış tədqiqatçıdır. Tamamilə özünü işinə həsr etmişliyin çox yaxşı bir nümunəsidir.[1] Bu arada Sancarın 1978-ci ildə evləndiyi, Texas Universitetində doktorant yoldaşı, Gwen Bolen Sancar da iki il Nyu-York Universitetində post-doktorantura araşdırmaları apardıqdan sonra Ruppın labratoriyasında işə düzəlir və Aziz Sancarla birlikdə tədqiqat aparmağa başlayır.

Sancarlar Yale Universitetində də tədqiqatlarını tamamlayırlar və artıq universitetlərin birində daimi ştatda, öz labaratoriyalarında və müstəqil professor kimi fəaliyyət göstərmək qərarına gəlirlər. 1981-ci ildə Aziz Sancar bu məqsədlə ABŞ-ın 50 universitetinə rəsmi müraciət edir, ancaq heç birindən müsbət cavab ala bilmir. Çox maraqlı bir vəziyyətdir: Kəşfləri ABŞ universitetlərində geniş istifadə olunduğu halda, bu universitetlərdə özünə iş tapa bilmir. Sonradan Sancar bu vəziyyəti daha çox konfranslarda, toplantılarda az iştirak etməsi və elm ictimaiyyəti arasında şəxsi münasibətlərinin zəif olması ilə əlaqələndirir.

Nəhayət, bir gün North Carolina Universitetindən iş dəvəti alır və xanımının da işə götürülməsi razılığını aldıqdan sonra indi də xanımı ilə ayrı-ayrı bölmələrində çalışdıqları bu universitetə gəlir. O universitetdə ki, uzun müddət uğurlu tədqiqatları ilə onun şanına şan qatır və ona ilk Nobel Mükafatını qazandırır.

“Bunu bir Allah, bir də mən bilirəm” hissinin verdiyi sonsuz motivasiya

Sancar eyni zamanda da inanclı insandır. Elmi axtarışlarında ən böyük motivasiya mənbəyi yalnız Allahın bildiyi bir həqiqəti yenə də yalnız Allahın verdiyi zəkanın imkanları ilə aşkarlamağın onda yaratdığı mənəvi rahatlıqdır. Elə məhz buna görə də Sancar onu Nobel mükafatına aparan mühüm kəşfini – “DNA-nın ikili kəsim təmir mexanizmi”ni – tamamlayan kimi tələsik xanımının yanına gəlir və deyir: “İndiyə qədər yalnız Allahın bildiyi mühüm bir həqiqəti hazırda bütün dünyada yalnız mən bilirəm.[2]. Doğurdan da çox möhtəşəm hissdir və şübhəsiz ki, heç bir başqa güc inanclı insanı bu qədər motivasiya edə bilməz.

Aziz Sancar 2000-ci ildə New York universitetindən tədqiqatçı dostu Johannes Schelvislə elmi kəşflərin mənəvi və maddi dəyərləri haqqında söhbət edərkən dostunun maraqlı bir sualı ilə üzləşir: “Bu kəşfinə maddi dəyər verə bilərsənmi, məsələn sənə on milyon dollar versələr bu kəşfi başqa birinə verərsənmi?” Sancarın cavabı həmişəki kimi özünəməxsus və möhtəşəm olur: “Heç fikirləşmədən “xeyr” deyərəm. Çünki bu kəşf hər cür maddi mükafatdan fərqli olaraq məndə çox nadir hallarda tapa biləcəyim bir daxili sükunət yaratmışdır. Həmçinin də gələcək nəsil türk tədqiqatçıları biokimya və molekulyar biologiya dərslərində bunu görərək, “bu kəşfi bizdən biri etdi” deyə biləcəklər. Onlarda bu güvəni yaratmaqla, məmləkətimə xidmət etdiyimi hiss edirəm.[3].

Həqiqətən də insanın uzunmuddətli elmi axtarışlarının uğurlu nəticələri olan elmi kəşflərin onda yaradacağı mənəvi rahatlıq və güvən hissinin hər hansı maddi ölçüsünün tapılması çətindir, bəlkə də heç mümkün deyildir. Aziz Sancarda isə bu hissə millət və məmləkət sevgisi də əlavə olunur ki, bu da qeyd olunan məsələni tamamilə mümkünsüz edir. İllər keçdikdən sonra Orhan Bursalı haqqında kitab yazarkən Schelvisin verdiyi sualı Aziz Sancara bir daha yönəldir. Sancar bu dəfə cavabında elmi həqiqətə, doğruluğu qəti şəkildə təsdiqlənmiş biliyə, bir sözlə elmə olan sonsuz inancını bu ifadələrlə dilə gətirir: “Nobel üçün bioqrafiyamı yazarkən, bu kəşfin dəyəri haqqında təkrar fikirləşdim və nəinki on milyon, on Nobel versələr də dəyişmərəm deyərək içimdən keçirdim. Çünki Nobel mükafatı verilməsi belə başqalarının (Nobel Komitəsinin) təqdirindən asılıdır. Ancaq “Bunu bir Allah, bir də mən bilirəm” deməyə imkan verəcək səviyyədə olan kəşf qəti bilikdir, fenomendir. Bu, bu gün də elədir, bundan 100 il sonra da elə olacaqdır. Bu, bir az fəlsəfi və duyğu yüklü düşüncə tərzi kimi görünə bilər, ancaq bu, biz türklərin təbiətidir. Bir amerikalı və ya bir ingilis bu kəşfi etsəydi, hesab edirəm ki, mənim qədər sevinərdi, ancaq mənim etdiyim kimi müqayisələr etməyi düşünməzdi. Onların şəxsiyyəti və düşüncə tərzi fərqlidir.”[4]

[1] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.126

[2] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.151

[3] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.151

[4] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.151

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma