Elm və təhsil

NOVRUZ YAZILARI – Aziz Sancar: bir türkün Nobelə gedən yolu və verdiyi mesajlar (5)

Elmdə uğurun təməl şərti alın təridir

Başqa sahələrdə olduğu kimi elmdə də uğurun təməl şərti olaraq bəziləri zəka səviyyəsini, bəziləri şansı, bəziləri isə çox çalışmağı qəbul edir. Sancar daha çox sonuncular sırasındadır və əldə etdiyi nailiyyətlərdə alın tərinin önəmli olduğuna inanır: “Elmdə uğurlu olmq üçün həm çox çalışmaq, həm də çox oxumaq lazımdır. Uğurumun sirri budur. Bütün elmi nailiyyətlərimi alın tərilə qazandım. Heç birində şansın ən kiçik bir payı yoxdur. Amma bunu da qəbul etmək lazımdır ki, şans da elmi nailiyyətlərdə rol oynayır. Təbii ki, Pasteurun dediyi kimi şans da hazırlıqlı zehinləri seçir.”[1] Bir də şübhəsiz ki, bu yolda insanın çalışmaq, alın təri tökmək həvəsini daim canlı tutan elmi maraq olmalıdır. Bu maraq hər insanda olmur. Hər insan ətrafında baş verən hadisə və proseslərə, onların təbiətinə, səbəblərinə maraq göstərmir. Bu maraqdan yoxsul insanların elm adamı kimi formalaşması çətindir. Sancar digər elm adamlarında olduğu kimi onun da formalaşmasında bu marağın rolunu xüsusi vurğulayır: “Mən özümü idealist hesab etmirəm, məmləkətimə, ailəmə böyük sevgi duyuram, o ayrı. Amma bu işin təməlində maraq lazımdır. Təbiətin sirlərini açmağa maraq, istək lazımdır. Məni də, digər elm adamları kimi elmə gətirən bu oldu.[2]

Aziz Sancar insanın elmə olan marağının və bu yolda çalışmasının hər hansı bir mükafat naminə olmasını da düzgün hesab etmir. Bir gün şöbəsində onunla birlikdə çalışan bir xanım “Çox çalışacam, Nobeli alacağıq” dediyi zaman Sancar ona belə cavab verir: “Biz tədqiqatı Nobel üçün aparmırıq. Mən sadəcə maraqlıyam və bəzi şeyləri kəşf etmək istəyirəm. Mən ölkəmi çox sevirəm və ölkəm üçün bir iş görmək istəyirəm. Nobel almaq üçün tədqiqat aparacağam deməyin, insanlıq üçün, cəmiyyət üçün nəsə edəcəyəm deyin…Çox mühüm bir tədqiqatçı ola bilərsiniz, ancaq İsveçdəki seçici qrup sizin tədqiqatlarınıza maraq göstərmirsə, Nobel ala bilməzsiniz. Çox fövqəladə elm adamı ola bilərsiniz, amma Nobeli almaya bilərsiniz.”[3]

Aziz Sancar zəhmətə, çalışmağa o qədər əhəmiyyət verir ki, Nobeli aldıqdan sonra ona ünvanlanan təbriklər arasında ən çox sevdiyi təbrik də məhz onun zəhmətsevərliyinə işarə edən İsveçdəki Türk-İsveç Həmkarlar Təşkilatından gələn təbrik olur. Ofisinin divarına da asdığı bu təbrikdə deyilir: “Gözəl çalışdın, gözəl nəticələr aldın, Nobeli aldın, təbrik edirik.[4]

Bütün bunlardan sonra Sancar, gənclərin şan-şöhrətin yalnız çalışmanın nəticəsi olduğunu dərk etmələrini və Nobel almasına baxmayaraq, onu yalnız belə tanımalarını arzu edir: “Həyatı boyu çox, hədsiz çox çalışmış və kəşflərilə insanlığa xidmət etmiş bir vətənsevərdir.[5]

Həqiqətən də Sancarın elmi karyerasına nəzər yetirdikdə, qarşımıza böyük zəhmət və səbr hesabına yüksək performans nümayiş etdirən bir elm adamının karyerası çıxır. 420-dən çox elmi məqaləyə, 33 mindən çox elmi istinada malik olan, Hirş indeksi isə 99-a çıxan Aziz Sancar, fotoliyaz təmir mexanizmini kəşf etmək üçün 40 il, DNA ikili kəsim mexanizmini kəşf etmək üçün 35 il, kriptokrom ve period proteinlərinin funksional mexanizmini kəşf etmək üçün isə 16 il zaman sərf etmişdir. Hazırda bioloji saat üzərində tədqiqatlar aparan Sancar bu sahəyə də 20 ildir ki, zaman sərf edir. Bütün bu dövr ərzində Sancarın sərf etdiyi əməyin intensivliyinə baxdıqda isə özünün də qeyd etdiyi kimi çox vaxt həftədə orta hesabla 70 saat çalışdığı ortaya çıxır.

Elmə pul qazanmaq üçün gəlməzlər

Elmi fəaliyyətin nəticəsi inasana pul qazandıra bilər, hətta bəzən xəyal belə etmədiyi qədər çox pul qazandıra bilər. Ancaq bir insanın elmə pul üçün gəlməsi anlamsızdır. Elm pul qazanmaq üçün deyil, yeni biliklər yaratmaq, bəşəriyyətə xidmət etmək üçündür. Bu sahə böyük səbr və zəhmət tələb edir. Eyni zamanda da dövlət və cəmiyyət tərəfindən zəruri diqqət və dəstək tələb edir. Dünyada pul qazanmanın elmdən qat-qat asan olduğu çoxlu sahələr qala-qala, bir insanın pul qazanmaq üçün elmə gəlməsi məntiqə də sığmır. Elmdə pul qazanmanın çətin olduğu və buna görə də gənclər üçün cəlbediciliyin yüksək olmadığı deyildiyi zaman Aziz Sancar bu barədə fikirlərini belə ifadə edir: “İşin doğrusu, məsələn mən elm əvəzinə başqa bir işlə məşğul olsaydım, indi milyarder olardım. Elm könül işidir, fədakarlıq işidir, maraq işidir, məmləkətinə-insanına xidmət işidir, yəni elmə pul qazanmaq üçün gəlməzlər. Bunu belə qəbul etmək lazımdır.[6] Ancaq buna baxmayaraq, Sancar elmdə, xüsusilə fundamental elmdə yüksək məbləğlərdə pulun da qazanıla biləcəyini qeyd edir: “İndi CRISPR deyilən bir şey var, bu əslində DNA genomunu dəyişdirmək üçün istifadə edilən bir metoddur. Bu fundamental elm sahəsinə aiddir, bakteriyalarla məşğul olan bir neçə elm adamı tərəfindən icad edildi. O elm adamlarına 5 il öncə sual veriləndə ki, “bunun nə faydası olacaq, nə qədər pul qazanacaqsınız?” Onlar “biz bundan pul qazanmarıq, biz sadəcə bu işin sirrini açmaq istəyirik”deyə cavab verirdilər. Ancaq bu iş hazırda 10 milyard dollarlıq bir iş oldu. Buna görə də fundamental elm işinə girdiyiniz təqdirdə bunları həm nəzərdə tutmanız, həm də düşünməməniz lazımdır.”[7]

Aziz Sancar elmə və tədqiqata o qədər könül vermiş adamdır ki, Nobel mükafatını aldıqdan sonra da həyatında maddi olaraq elə bir dəyişiklik baş vermir, mükafatdan gələn gəlirləri xeyriyyə işlərinə ötürür, mənəvi qazancları isə özünə saxlayır. Bu barədə ona verilən sualı belə cavablandırır: “Maddi olaraq heç nə dəyişmədi. Maaşım eyni qaldı. Mənəvi olaraq isə məmləkətimdə böyük bir sevinc oldu. Gənclər məni tanıdı, mənim işimlə, etdiklərimlə maraqlanmağa başladı. Mənim üçün mənəvi qazanc budur və hər şeydən dəyərlidir. İşçi adamam mən. Mənim ən çox dəyər verdiyim şey çalışmaqdır.[8]

[1] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.176.

[2] Sancar A. (2016). “Nobel Ödüllü Aziz Sancar Habertürk’e konuştu”,  <http://www.haberturk.com/ekonomi/is-yasam/haber/1242987-nobel-odullu-aziz-sancar-haberturke-konustu&gt;, Habertürk Gazetesi, 22.05.2016.

[3] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.15.

[4] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.14.

[5] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.8.

[6]Sancar A. (2016). “Nobel Ödüllü Aziz Sancar Habertürk’e konuştu”,  <http://www.haberturk.com/ekonomi/is-yasam/haber/1242987-nobel-odullu-aziz-sancar-haberturke-konustu&gt;, Habertürk Gazetesi, 22.05.2016.

[7] Sancar A. (2016). “Nobel Ödüllü Aziz Sancar Habertürk’e konuştu”,  <http://www.haberturk.com/ekonomi/is-yasam/haber/1242987-nobel-odullu-aziz-sancar-haberturke-konustu&gt;, Habertürk Gazetesi, 22.05.2016.

[8] Sancar A. (2016). “Nobel Ödüllü Aziz Sancar Habertürk’e konuştu”,  <http://www.haberturk.com/ekonomi/is-yasam/haber/1242987-nobel-odullu-aziz-sancar-haberturke-konustu&gt;, Habertürk Gazetesi, 22.05.2016.

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma