Elm və təhsil

NOVRUZ YAZILARI – Aziz Sancar: bir türkün Nobelə gedən yolu və verdiyi mesajlar (6)

“Milliyyətçilik dəbdə deyil, amma mən milliyyətçiyəm”

Aziz Sancardan danışarkən onun milliyyətçi tərəfinə toxunmamaq mümkün olmaz. Türkiyədəki tələbəlik illərində ülkücülər sırasına da qoşulmuş Sancar, vətəninin və millətinin yüksəlişinə böyük önəm verən, milli qürur və ləyaqəti daim öndə tutan həqiqi bir vətənsevərdir. Nobel alması xəbərini ilk növbədə vətəni Türkiyə ilə bölüşən (jurnalist Orhan Bursalı ilə) Sancar, milliyyətçiliyi bir növ özünəhörmət kimi qəbul edir: “Hörmət görmək istəyirsinizsə, öncə özünüzə hörmət etməlisiniz. Biz hamıdan üstün deyilik, ancaq heç kimdən də aşağı deyilik. Özümüzlə fəxr edək ki, başqası da bizə hörmət göstərsin. Mən belə birisiyəm.[1]

Sancar bu yanaşmasını Nobel üçün yazdığı bioqrafiyasında belə açıq şəkildə ortaya qoyur. Qeyd olunan bioqrafiyanın əvvəlində Sancar Qərbin türk millətinə bir növ yuxarıdan aşağı baxışına işarə etdikdən sonra yazır: “Bu iki məsələ, elm və Türk milləti (Osmanlı İmperiyası və Türkiyə Respublikası), sıralamadan asılı olmayaraq, özümü tanıdığımdan bu tərəfə ağlıma hökm edir. Bir türk vətənsevəri kimi böyüdüm və hələ də eləyəm, eyni zamanda təxminən 10 yaşından bu yana elm adamı olmağı hədəfləyən və sonra da bunu reallaşdıran biriyəm.”[2]

Aziz Sancarın milliyyətçiliyi hər hansı marjinal milliyyəçilik anlayışı ilə açılana bilməz. Onun milliyyətçilik anlayışı birləşdirici, bütövləşdirici və dərin köklərə əsaslanan milliyyətçilik anlayışdır. Müsahibələrinin birində Anadolu türk mədəniyyətinə baxışını belə ifadə edir:“Osmanlı nəvəsi olmaqdan da qürur duyuram. Qalustukumda Osmanlı möhürü, pencəyimdə həmişə Türk bayrağı nişanı olur. Hər zaman deyirəm. Bizim burada, Anadoluda min illik tariximiz var. Səlcuqlu, Osmanlı, Türkiyə Respublikası ortaq mədəniyyətə malikdir. ABŞ-a getdiyim zaman heç kəs Atatürkü, Türkiyəni bilmirdi. Türkiyə ilə bağlı bildikləri yeganə şey “Midnight Exspress” rəzaləti ilə bağlı idi. Bunların doğru olmadığını, türklərə haqsızlıq edildiyini anlatdıqca ətrafımdakılar anladı.”[3]

Sancar bir türk olsa da, bu gün bir ABŞ professorudur və Nobel mükafatını da ABŞ North Carolina Universitetinin professoru kimi alır. Ancaq Sancar vətəninə, milli kimliyinə o qədər bağlı insandır ki, Nobel mükafatını aldıqdan sonra dünyada daha çox elm üzrə Nobel mükafatı alan ilk türk kimi tanınmağa başlayır. Nobel mükafatını təqdimetmə mərasiminə üzərində Osmanlı möhrlü naxışları olan qalustuku ilə gələn Sancar, burada da bir türk kimi qarşılanır. Belə ki, mükafatın təqdim edilməsi mərasimində İsveş Kralı XVI. Gustaf ona türk mədəniyyətində xüsusi yeri olan lalə gülləri təqdim edir, çalınan musiqi isə Mozartın “Türk marşı” olur. Təbii ki, Sancar da bu mükafatı bir türk kimi qəbul edir: “Mükafatı alarkən məmləkətim adına qürür düydüm. Milliyyətçilik dəbdə deyil, amma mən milliyyətçiyəm. Bu günə qədər mənim adım kimya sahəsindəki dərsliklərdə vardı, kimyaçılar adımı tanıyırdı. Ancaq nə Türkiyədə, nə də dünyada kimsə məni tanımırdı. İndi bir türk mükafat aldı deyə Hindistandan İngiltərəyə qədər hamı tanıyır. “10 min dollar verək gəlib çıxış edin” deyə saysız-hesabsız məktublar alıram. Bundan məmləkətim adına qürur duyuram.”[4]

Nobel mükafatlarının təqdimetmə mərasimində mühüm məqamlardan bir də mükafatı qazananların verdiyi “Nobel Dərsi”dir. Sancar bu dərsi də bir növ milli məsuliyyət hissi altında verir. Orhan Bursalıya yazdığı məktubların birində bu barədə yazır: “Salam Orhan, Nobeldə ən xoşbəxt olduğum an Nobel Dərsini verdiyim andı, çünkü həm araşdırmalarımın haqqını verdiyimi və həm də sən də daxil olmaqla salondakı bütün türkləri, ailəmi və məmləkətimi yaxşı təmsil etdiyimi hiss etdim.”[5]

Sancar, Nobel mükafatı almasına baxmayaraq, bir alim kimi onun üçün ən böyük mükafatı belə açıqlayır: “Mənim üçün ən böyük mükafat, Türk tədqiqatçıların biologiya, genetika və ya molekulyar biologiya kitablarında mənim kəşflərimə rast gəlmələri, bunları bir türk kəşf etdi demələridir.”[6] Bu fikirlərdən açıq şəkildə görünür ki, Sancarın uzunmüddətli və gərgin tədqiqatlarında əsas motivasiya mənbələrindən biri də məhz türk millətinin adını dünya elm xəzinəsinə yazdırma və bu millətin gələcək nəsillərini bu xəzinəni zənginləşdirmə yolunda cəsarətləndirmə istəyidir.

Sancar quru milliyyətçi deyil, eyni zamanda da bu yolda malını-mülkünü sərf edən insandır. 2007-ci ildə Vehbi Koç Vəqfi Sancarı 100 min dollarlıq Vehbi Koç mükafatına layiq görür. Mükafatın təqdimat mərasimindəki çıxışında Sancar bu fikirləri səsləndirir: “Öləndən sonra sərvətimin, türk tələbələrin gəlib qalacaqları bir Türk Evi qurulması üçün xərclənməsini vəsiyyət etmişdim. Mənə verdiyiniz bu 100 min dollara mən də 100 min dollar əlavə edəcəm və Türk Evinin qısa zamanda qurulmasını təmin edəcəm…”[7] Çox keçmir, Sancar bu xəyalını reallaşdırır və “Türk Evi”ni qurur. O, Nobeldən əldə etdiyi 325 min dollarlıq pul mükafatının da xərcləri çıxdıqdan sonra 315 min dollarını məhz bu evə bağılayır. “Türk Evi”nin qurulma səbəbini isə belə açıqlayır: “Mən Amerikaya gəldikdə çox çətinlik gördüm. Mənim olduğum yerdə türk yox idi. Amerikaya gələn gənclər də bu çətinliyi çəkməsin istədim. Bir də Amerikalıların 90 faizi Türkiyəni tanımır. Türk Evi üçün dövlətdən heç dəstək almadım, öz imkanlarım və millətin dəstəyi ilə 8 ildir bu ev fəaliyyət göstərir.”[8] Bu gün Şimali Karolinada uğurla fəaliyyət göstərən “Türk Evi” türk tələbələrin qalması üçün istifadə edilir və Türkiyənin tanıtımına xidmət edir.

Sancar “Türk Evi”ni yaratmaqla yanaşı, xanımı ilə birlikdə ABŞ-da oxuyan türk tələbələrə yardım etmək və Türk-Amerikan əlaqələrini inkişaf etdirmək məqsədilə “Aziz and Gwen Sancar Vəqfi”ni də qurur və hazırda bu Vəqf vasitəsilə bir çox xeyriyyə layihələrini həyata keçirir.

Sancarın vətəni üçün ən böyük arzu və istəyi, məmləkətinə tezliklə barışın gəlməsidir. Ən böyük üzüntü mənbəyinin ölkəsindəki savaş olduğunu qeyd edən Sancar, bu savaşın dayanması və Türkiyənin barışa qovuşması üçün əlindən gələni etməyə hazır olduğunu bildirir: “Həyatımda Nobel daxil olmaqla, bütün elmi nailiyyətlərimi, hər şeyimi Türkiyədəki barış üçün verməyə hazıram. Barışı təmin etmənin bir yolu varsa, onu edərəm, ona nail olmaq üçün Nobel mükafatından da imtina edə bilərəm. Nobel mükafatını geri qaytarmağa hazıram, yetər ki, ölkəmə barış gəlsin. Beynimi yoran, məni üzən həmişə bu olmuşdur.”[9]

[1]Günlük politikayla değil, bilimle uğraşın”, http://www.gazetevatan.com/-gunluk-politikayla-degil-bilimle-ugrasin–929582-yasam>, Gazetevatan, 30.03.2016

[2]Aziz Sancar – Biographical“. Nobelprize.org. Nobel Media AB 2014. Web. 5 Mar 2017. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/sancar-bio.html

[3]Sancar A. (2015). “Milliyetçilik moda değil ama ben milliyetçiyim”, Sabah Gazetesi,  <http://www.sabah.com.tr/pazar/2015/12/20/milliyetcilik-moda-degil-ama-ben-milliyetciyim&gt;, 20.12.2015.

[4] Sancar A. (2015). “Milliyetçilik moda değil ama ben milliyetçiyim”, Sabah Gazetesi,  <http://www.sabah.com.tr/pazar/2015/12/20/milliyetcilik-moda-degil-ama-ben-milliyetciyim&gt;, 20.12.2015.

[5] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.39.

[6] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.30.

[7] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.29.

[8]Kristal Elma’ya Aziz Sancar damgası”, <http://www.hurriyet.com.tr/kristal-elmaya-aziz-sancar-damgasi-40242166&gt; , Hürriyet gazetesi, 07.10.2016.

[9]Kristal Elma’ya Aziz Sancar damgası”, <http://www.hurriyet.com.tr/kristal-elmaya-aziz-sancar-damgasi-40242166&gt; , Hürriyet gazetesi, 07.10.2016.

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma