Elm və təhsil

NOVRUZ YAZILARI – Aziz Sancar: bir türkün Nobelə gedən yolu və verdiyi mesajlar (son)

İslam dünyası və Türkiyədə elm necə inkişaf edə bilər?

Hər bir müsəlman və türk aydını kimi Aziz Sancar da İslam dünyasında, eləcə də vətəni Türkiyədə elmin nə üçün inkişaf etmiş Qərbdən bu qədər geri qaldığı üzərində düşünür və bu barədə fikirlərini dilə gətirir. Müsahibələrindən birində bu haqda deyir: “Təkcə Türkiyədə deyil, bütövlükdə İslam dünyasında son 500 ildə elmə elə bir ciddi xidmət yoxdur. Elmlə məşğul olmaq, elm mədəniyyətini inkişaf etdirmək bir növ ənənə olmalıdır. Bunu Türkiyədə inkişaf etdirmək lazımdır. Yahudi qardaşlarımız dünya əhalisinin 2%-i təşkil edir, ancaq Nobel mükafatlarının 20%-i qazanıblar. Onlar digər insanlardan daha üstün zəkaya sahibdirlərmi? Xeyr. Onların mədəniyyətində elmə, təhsilə əhəmiyyət verilir.”[1] Yenə də klassik sual ortaya çıxır: Bəs nə etməli? Sancara görə övladlarımıza uşaq vaxtından elm sevgisi və mədəniyyəti aşılamağa başlamaq lazımdır: “Uşaqlarımıza elmi sevdirmək lazımdır. Uşaqlarımızı fizika, kimya, biologiya və texnologiya sahələrinə təşviq etmək lazımdır. Çox gənc yaşlarında onlarda təcrübə etmə vərdişi yaratmalıyıq. Təcrübə etməyə alışan insan düşünər və bu vərdiş halını alar. Bunu bir ənənə halına gətirməliyik. Hər şeyi də dövlətdən gözləməməliyik. Bunun məsuliyyəti mühüm dərəcədə də valideynlərin üzərinə düşür.[2]

Övladlarımıza elm sevgisi və mədəniyyətini aşılayacaq olanlar bir tərəfdən valideyinlərdirsə, digər tərəfdən də müəllimlərdir. Müəllimlərin cəmiyyətdəki statusu və maaşları mühüm dərəcədə yüksəldilməli, onlara elmli və bilikli nəsil yetişdirmək üçün hər cür şərait yaradılmalıdır. Sancara görə təəssüf ki, bu gün dünyada heç bir ölkədə müəllimlərə yetərincə dəyər verilmir: “Müəllimlər dünyanın hər tərəfində az təqdir edilir. Amerikada da, Avropada da, burda da belədir. Təəssüf ki, dünyanın hər tərəfində müəllimlər təqdir edilmir. Bu bizə məxsus bir cəhət deyil. Onlar uşaqlarımızı, sabahın insanlarını yetişdirən şəxslərdir. Onlara daha çox dəyər vermək lazımdır. Dünyaya təkrar gəlsəm, müəllim olmaq istərdim. Çünkü gələcəyi onlar qurur, onlar yaradır. Məncə müəllimlərin həkimlər qədər maaş almaq haqqı var.”[3]

İslam dünyası üçün zəruri olan digər bir sual da “hansı elmə daha çox üstünlük verilməlidir?” sualıdır. Aziz Sancarın bu suala birmənalı olaraq cavabı belədir: fundamental elmlərə. Həqiqətən də bu gün İslam dünyasına nəzər yetirdikdə fundamental elm sahələrində daha çox geridə qaldıqlarını, inkişafın isə daha çox bu elmlərə bağlı olduğu qənaətinə varmaq çətin deyildir. Fikrimizcə, bu barədə Sancarın İstanbul Aydın Universiteti elm və texnologiya mərkəzinin açılışında ifadə etdiyi bu fikirlərə diqqət yetirmək faydalıdır: “Hər universiteti ziyarət edərkən deyirəm. Türkiyənin inkişafı, Avropa və Amerika ilə eyni səviyyədə olması üçün fundamental elmə əhəmiyyət verməli, fundamental elmdə insan yetişdirməliyik. Texnologiya təbii ki, çox vacibdir, texnologiyanın təməlində fundamental elm dayanır. Burada bir sıra müasir cihaz gördüm, bunların üzərində xarici ölkələrin markası var. İnşallah bu məhsulları biz istehsal edərik. Fundamental elmdən ən son dərmanları istehsal etməyə, avtomobillər istehsal etməyə, təyyarələr yaratmağa qədər bütün mərhələdə öz məhsulumuz olar. Bunu bacardığımız vaxt özümüzü Avropa və Amerika səviyyəsində hesab edə bilərik.Yoxsa biz xaricdən material, maşın idxal edib burada Avropa və Amerika ilə yarışa bilmərik. Bunu təkrar edirəm, biz mütləq bunları istehsal etməliyik. Yoxsa xaricdən asılı vəziyyətdə qalırıq. Bu bizim sürətimizi yavaşladır. 2023 düşüncəmiz var. Respublikanın 100-cü ilində bizim Atatürkə, atalarımıza borcumuz var. Biz Avropa və Amerika səviyyəsində olmalıyıq, bu bizim namus borcumuzdur, vəfa borcumuzdur.”[4]

Aziz Sancardan gələcəyin elm adamlarına 15 tövsiyə

Aziz Sancar haqqında bu silsilə yazımda daha çox onun fikirlərinə, mesajlarına yer verərək, onu öz dilindən tanıtmağa və vermək istədiyi mesajları da məhz öz dilindən sizlərə çatdırmağa çalışdım. Nə qədər nail olduğumu hər halda sizlər daha doğru qiymətləndirəcəksiniz, ancaq mən yenə də üslubumu sona qədər qoruyur və yazımı bu böyük insanın gələcəyin elm adamları üçün faydalı olacağını düşündüyüm aşağıdakı tövsiyələri ilə tamamlayıram:

  1. Oxumaqla yanaşı, düşünmək üçün də özünüzə vaxt ayırın.
  2. Çox vaxt və əziyyət tələb etsə də analitik və kreativ düşünmə bacarığı əldə edin.
  3. Elm adamı kimi yaxşı kariyera əldə etmək üçün uzun illər tələb olunduğunu və bu istiqamətdə çalışmanın davamlı proses olduğunu bilin.
  4. Elm adamı kimi yetişmə prosesində hər addımda sizin inkişafınıza kömək edəcək yaxşı məsləhətçilər və müəllimlər tapın.
  5. Təhsil almaq və tədqiqat aparmaq üçün xaricə gedin, ancaq sonra mütləq ölkənizə qayıdın.
  6. Üzərində çalışacağınız bir mövzu müəyyən edin, mövcud ədəbiyyatı da araşdırın, tələb olunan qədər öyrənin.
  7. Uğurlu elm adamında üç təməl xüsusiyyət olmalıdır: biliyə əsaslanan yaradıcılıq, ciddi çalışmaq və uğursuzluq qarşısında dirənmək.
  8. Uğur, zəka ilə bağlı olduğu qədər də çalışmaqla əldə edilir. Bunun üçün səbat lazımdır, inad etmək lazımdır və çalışmaq lazımdır.
  9. Birincisi, çox çalışmaq, ikincisi ətrafınızda mövzunuzla əlaqəli hadisələri izləmək, üçüncüsü ən müasir texnologiyanı öyrənərək öz işinizə tətbiq etmək. Mənim uğurumun addımları bunlardır.
  10. Özünüzdən razı olmayın. Özündən razı olmaq Allaha yaraşır, insana yaraşmaz. Əlinizdən gəldiyi qədər təvazökar olun.
  11. Elm könül işidir, fədakarlıq işidir, maraq işidir, məmləkətinə-insanına xidmət işidir. Yəni elmə pul qazanmaq üçün gəlməyin.
  12. Elmdə heç vaxt ümüdsüzlüyə qapılmayın. Nobel aldıqdan sonra yaxşı bir jurnala göndərdiyim məqalə 4 resenzentdən 8 səhfə tənqid yazılaraq rədd edilmişdi. Yəni Nobel alanın belə məqaləsi rədd edilə bilər. Siz yaxşı tədqiqat aparsanız, əvvəl-axır mükafatınızı alacaqsınız.
  13. Gündəlik siyasətlə, dedi-qodularla məşğul olmayın, onunla məşğul olanlar var. Məmləkətə xidmət üçün elm lazımdır, Avropa və Amerika səviyyəsinə gəlmək üçün elm lazımdır.
  14. Vətən sevgisi olmasaydı bu səviyyələrə gələ bilməzdim. Çox çalışın, övladlarınıza da həm çox çalışmağı, həm də vətən sevgisini öyrədin. Məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar.
  15. Nobel mükafatı qazanmaqdan daha önəmli şeylər var: insanın ailəsi, insanlıq və ölkəsinə xidmət etməsi.

[1] Sancar A. (2016). “Prof.Dr. Aziz Sancar: 500 yıldır İslam dünyasında bilime neden doğru dürüst katkı yok?”. <http://www.hurriyet.com.tr/prof-dr-aziz-sancar-500-yildir-islam-dunyasinda-bilime-neden-dogru-durust-katki-yok-40109103&gt;, Hürriyet gazetesi, 26.05.2016.

[2] Sancar A. (2016). “Prof.Dr. Aziz Sancar: 500 yıldır İslam dünyasında bilime neden doğru dürüst katkı yok?”. <http://www.hurriyet.com.tr/prof-dr-aziz-sancar-500-yildir-islam-dunyasinda-bilime-neden-dogru-durust-katki-yok-40109103&gt;, Hürriyet gazetesi, 26.05.2016.

[3] Sancar A. (2016). “Prof.Dr. Aziz Sancar: 500 yıldır İslam dünyasında bilime neden doğru dürüst katkı yok?”. <http://www.hurriyet.com.tr/prof-dr-aziz-sancar-500-yildir-islam-dunyasinda-bilime-neden-dogru-durust-katki-yok-40109103&gt;, Hürriyet gazetesi, 26.05.2016.

[4]“Aziz Sancar, “Türkiye Artık Kendi Teknolojisini Üretmeli!”, <http://etkinlik.aydin.edu.tr/haber_detay.asp?haberID=3431&gt;, 28.05.2016.

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma