ELŞƏN BAĞIRZADƏ

Əsas səhifə » Kitab təqdimatı » Milton Fridmanın tələbəsi olmuş Azərbaycan türkü Oktay Yenal

Milton Fridmanın tələbəsi olmuş Azərbaycan türkü Oktay Yenal

9786053602477_1_org_zoom

XX əsrdə Türkiyənin yetişdirdiyi önəmli iqtisadçılardan olan Oktay Yenalın əslən Azərbaycan türkü olduğunu yəqin ki, çoxları bilmir.  İş Bankası Yayınları tərəfindən hazırlanmış bu kitabda Oktay Yenal öz dilindən əsli-kökü, həyat yolu, yaradıcılığı və.s. haqqında müfəssəl məlumat verir.

Oktay Yenal Gümrünün Yenal kəndindən olan tacir Muxtar Əzizzadənin övladı olaraq 1931-ci ildə dünyaya gəlmişdir. Atası və yaxınları ermənilərin təzyiqi ilə 1920-ci ildə Gümrüdən mühacirət edərək Qarsa yerləşmişdir. Türkiyə Respublikasında soyadlar dəyişdirildiyi zaman ailəsi də Əzizzadə soyadını Gümrüdəki kəndlərinin adı olan Yenal ilə dəyişdirmişdir.

Oktay Yenal uşaqlıq çağlarında atası Muxtarın ona və bacılarına “Gəncədən furqun gəlir, atları yorğun gəlir ay balam, atları yorğun gəlir”, “Çırpınırdı Qaradəniz…” mahnılarını, Azərbaycan segahlarını və “Arşın mal alan” operettasından müxtəlif mahnıları oxuduğunu qeyd edir.

Sonralar atası ticarət işlərini İstanbula köçürür və onlar da ailəcə İstanbulda yaşamağa başlayırlar. Oktay Yenal Nişantaşındakı “English High School”da, sonra isə Robert Kollecdə təhsil alır. Robert Kollecdə sonradan hamının tanıdığı Rahmi Koç (Vehbi Koçun oğlu) ilə dostluğu yaranır və bu dostluq ömrünün sonuna qədər davam edir.

Oktay Yenal Robert Kolleci bitirdikdən sonra, “London School of Economics”da (LSE) iqtisad təhsili alır. Oktay, LSE-də oxuduğu zaman Lionel Robbins, Karl Popper, James Meade kimi o dövrün çox məşhur alimlərindən dərs alır, onların tələbəsi olur. Ümumiyyətlə Oktay Yenal LSE-də təhsil alan 4 və ya 5-cü türk olmuş və təhsil aldığı müddətdə Rahmi Koçla bir evdə yaşamışdır.

LSE təhsilindən sonra Oktay Yenal İstanbul Universiteti İqtisad Fakültəsində məşhur alim Şükrü Babanın asissenti kimi işə başlayır. Bu universitetdə “Ümumi tarazlıq təhlilləri” mövzusunda dissertasiya işini müdafiə edərək, iqtisad doktoru elmi dərəcəsini alır. Tələbələrə iqtisadı, “iqtisad keçim üçün seçim elmidir” kimi təqdim edən Oktay, sonra dosentlik işini yazmaq üçün Rokfeller Vəqfinin maliyyə dəstəyi ilə Çikaqo Universitetinə gedir. Orada tədqiqatlarını Milton Friedmanın rəhbərliyi altında həyata keçirir.

Bir il ərzində Milton Friedmanın rəhbərliyi altında “Türkiyədə Pul Təklifi və Tələbi” adlı dosentlik işini yazan Oktay, 1960-cı ildə İstanbul Universitetində bu işini müdafiə edərək iqtisad dosenti olur. Milton Friedman Oktayla çox yaxşı münasibətlər qurur, onu Çikaqo Universitetində rəhbərlik etdiyi “Money and Banking Workshop”un həqiqi üzvü seçir və bu münasibətləri sona qədər davam edir. Oktay Yenal müəllimi Milton Friedmanı Türkiyəyə də gətirir, birlikdə bəzi layihələr həyata keçirirlər.

Oktay Yenalın liberal iqtisadi mövqeyi, artıq Milton Friedmanla tanış olduqdan sonra daha da möhkəmlənir və o, ömrünün sonuna qədər Türkiyədə liberal iqtisadın təmsilçisi kimi tanınır. Oktay, Çikaqoda olarkən Friedrich Hayekdən də dərslər alır və onun seminarlarına qatılır. Ancaq Hayekin seminarlarının Friedman qədər təsirli olmadığını da qeyd edir. Oktay Çikaqo Universitetində Theodor Schultz, George Stigler, Frank Knight, Arnold Harberger, Gary Becker kimi iqtisadçıların da dərslərində, seminarlarında iştirak edir ki, bunların da çoğu sonradan Nobel Mükafatı almış böyük alimlər idi.

Dosent olduqdan sonra Oktay, 1960-61-ci ilərdə Türkiyədə Dövlət Planlaşdırma Təşkilatında çalışmağa başlayır. Bu dövrdə Türkiyənin ən önəmli siyasətçiləri və iqtisadçıları ilə yaxın münasibətləri yaranır. Bunlar arasında Turgut Özal və Süeyman Dəmirəl də var. Həmin dövrdə məşhur Holland iqtisadçısı Jan Tinbergen və AID baş iqtisadçısı Hollis Chenery ilə birlikdə çalışmaq imkanı əldə edir.

Oktay Yenal əsgərlikdən sonra 1963-64-cü illərdə Princeton Universitetində Yaxın Şərq Tədqiqat Qrupunda qonaq professor kimi çalışır. Bu universitetdə də məşhur iqtisadçı Arthur Lewis və məşhur tarixçi Bernard Lewis ilə tanış olur.

1964-cü ildə Oktay Yenal Dünya Bankında çalışmağa başlayır. İki il iqtisad departamentində, Cənubi Koreya, İspaniya və Peru missiyalarında aparıcı iqtisadçı vəzifəsində çalışır.

Oktay, 1966-cı ildə Robert Kollecin ilk türk dekanı olur. İqtisad və biznes fakültəsində beş il dekan kimi çalışır. Dekanığı dövründə müxtəlif vaxtlarda məşhur iqtisadçılar Jagdush Bhagwati və Anne Krueger ilə tanış olur. 1970-ci ildə bir il Robert Kollecin stipendiyası ilə Sussex Universitetinin İnkişaf Araşdırmaları İnstitutunda çalışır.

1972-ci ildə Oktay, yenidən Dünya Bankına qayıdır. Dörd il özəl və ictimai maliyyə departamentinin direktoru vəzifəsində çalışır. 1975-ci ildə Dünya Bankının Yeni Dehli Bürosunda baş iqtisadçı vəzifəsinə təyin edilir. 1980-82-ci illərdə bankın Şərqi Afrika Bölgəsi Xüsusi Tədqiqatlar Qrupunun rəhbəri olur. Tanzaniya, Keniya, Zimbabve və Zambiya hesabatlarını hazırlayır. 1982-1990-cı illərdə Dünya Bankının Asiya departamentinin baş iqtisadçısı işləyir, 1990-cı ildə isə Yeni Dehli Bürosunun direktoru vəzifəsinə təyin edilir və 1994-cü ildə bu vəzifədən pensiyaya çıxır.

Oktay Yenal Dünya Bankında çalışdığı zaman Türkiyə hökumətlərinə də qeyri-rəsmi məsləhətçilik edir, xüsusilə də Tansu Çillərin Baş nazirliyi dövründə qəbul edilən məşhur “5 aprel qərarları”nın hazırlanmasında yaxından iştirak edir.

Professor Oktay Yenal, Dünya Bankından pensiyaya çıxdıqdan sonra İstanbulda Böyükadada yaşayır. Bir müddət nüfuzlu İş Bankı İdarə Heyətinin üzvü olan Oktay, sonra Koç Universitetində professor, Himayədarlar Şurasının və Məsləhətçilər Şurasının üzvü vəzifələrində işləyir.

Oktay Yenal 2013-cü ildə Böyükadada həyata gözlərini yumur. O, zəngin həyat yolu, təcrübəsi və aydın mövqeyi ilə Türkiyənin yetişdirdiyi dünya miqyaslı iqtisadçı idi. Təcrübəli iqtisadçının aşağıdakı əsərləri işıq üzü görmüşdür:

“Development of the Financial System” Four Studies on the Economic Development of Turkey. London: Frank Cass&Co. (1967)

İktisat Siyasası Üzerine İncelemeler (1999)

Ulusların Zenginliği ve Uygarlığı – Eğitim Boyutu (1999 və 2010)

Cumhuriyetin İktisat Tarihi (2003 və 2010)

Görünen Köyün Kilavuzu (2002)

İktisat Penceremden / Anılar-Düşünceler (2005)

Hayal Penceremden / Şiirler, Skeçler, Resimler (2009)


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: