Elm və təhsil

Baltikyanı ölkələr elmi dərəcə və adların verilməsində hansı modeldən istifadə edir?

Baltikyanı ölkələr müstəqilliklərini əldə etdikdən sonra elmi dərəcə və elmi adların verilməsində keçmiş Sovet sistemindən imtina etmiş və bu sahədə Anqlo-sakson və Qitə Avropası modellərinin qarışığı olan bir model formalaşdırmışlar. Sovet sistemindən imtina etdiklərindən müstəqillik dövründə bu ölkələrdə Ali Attestasiya Komissiyası adlı mərkəzi dövlət qurumu da olmamışdır. Avropa İttifaqına üzvlük,  Boloniya prosesinə keçid və Anglo-sakson ali təhsil modelinin dünyada geniş yayılmağa başlaması bu ölkələrdə də son illər elmi dərəcə və adların verilməsində ABŞ modeli istiqamətində dəyişikliklərin aparılmasına meyli gücləndirmişdir.

Qeyd edilən ölkələrdə elmi dərəcə və adların verilməsi, onların nostrifikasiyası sahəsində əsas standart və prosedurlar, müvafiq qanunlar (əsasən ali təhsil və elm haqqında qanunlar) və hökumətin (müvafiq nazirliyin) təsdiq etdiyi qaydalar əsasında müəyyən edilir. Bu qaydaların müəyyən edilməsində Litvada Hökumətin və Parlamentin, Latviyada Elm və Təhsil Nazirliyinin kollegial məsləhət orqanları olan “Elm Şuralar” mühüm rol oynayır. Ancaq elmi dərəcə və elmi adların verilməsi Gürcüstanda olduğu kimi universitetlər tərəfindən həyata keçirilir.

Gürcüstanda olduğuna oxşar şəkildə bu ölkələrdə də ali təhsil müəssisələrinin təsnifatı aparılmış və “doktor (PhD)” elmi dərəcəsi yalnız bakalavr, magistr və doktorantura təhsil pillələrinin olduğu “universitet” tipli ali təhsil müəssisələri tərəfindən verilir. Müstəqillikdən sonra Latviya və Litvada “doktor (PhD)” elmi dərəcəsi ilə yanaşı, Qitə Avropasındakına bənzər şəkildə “doktor habilitat” elmi dərəcəsi də verilirdi, ancaq 1999-cu ildə Latviya bu elmi dərəcəni ləğv etmiş və hər iki dərəcəni vahid “doktor (PhD)” elmi dərəcəsi kimi qəbul etmişdir.

Bu ölkələrdə universitetlərdə verilən elmi ad və vəzifələr, onların tutulması qaydaları müvafiq qanunlarla müəyyən edilmişdir. Hazırda mövcud qanunvericiliyə görə Baltikyanı ölkələrdə ardıcıl olaraq “assistent”, “müəllim”, “dosent”, “assosiativ professor” və “professor” elmi vəzifələri tətbiq edilir. Eyni zamanda “professor emeritus” fəxri adı da verilir.

Universitetlərdə bütün elmi vəzifələr müəyyən müddət üçün (5 və ya 6 il) seçki yolu ilə tutulur. Seçkilər, onların prosedurları qanunvericiliyə uyğun olaraq Universitetlərin kollegial orqanları (əsasən senat) tərəfindən keçirilir. Latviyada “assosiativ professor” və “professor” vəzifələrinə namizədləri universitetlərdə müvafiq istiqamət üzrə yaradılmış “Professorlar Şurası” seçir,  Rektor təsdiq edir; digər elmi vəzifələrə namizədləri isə Fakültə elmi şurası seçir və universitet elmi şurası təsdiq edir. Hər üç ölkədə “assosiativ professor” və “professor” elmi vəzifələri üçün “doktor (PhD)” elmi dərəcəsinin olması mütləq şərtdir.

Bu ölkələrdə də elmi adlar, universitetlərdəki müvafiq vəzifəni əks etdirir və yalnız müvafiq universitetdə işləyən zaman istifadə edilir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
Elm və təhsil

Rusiyada elmi dərəcə və adların verilməsi üzrə islahat təşəbbüsləri

Yaxud vaxtilə Stalinin yaratdığı Ali Attestasiya Komissiyasının keçdiyi inkişaf yoluna qısa baxış

Rusiyada elmi və elmi-pedaqoji kadrlara elmi dərəcə olaraq “elmlər namizədi” və “elmlər doktoru”, elmi ad olaraq isə “dosent” və “professor” elmi adları verilir. Elmi dərəcələr ali təhsil müəssisələri və elmi-tədqiqat institutları nəzdində fəaliyyət göstərən dissertasiya müdafiə şuralarının vəsadətləri əsasında, elmi adlar isə həmin qurumların elmi şuralarının vəsadətləri əsasında Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi tərəfindən verilir və Nazirin əmri ilə rəsmiləşdirilir.

Elmi dərəcə və elmi adların verilməsi üzrə dövlət elmi attestasiyasını təmin etmək məqsədilə Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası fəaliyyət göstərir. Komissiya, ilk dəfə 1934-cü ildə Stalin tərəfindən yaradılmışdır və bir çox müəllifin fikrincə, Sovet elmində Stalinizmin kök salmasını təmin etmək məqsədi daşımışdır. Bu qurum yaradılana qədər Rusiyada elmi dərəcə və adların verilməsi səlahiyyəti tamamilə universitetlərdə olmuşdur. Sovetlər Birliyi dağıldıqdan sonra Rusiyada Ali Attestasiya Komissiyası 1992-1998-ci illər arasında müstəqil dövlət komitəsi kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən komitə statusu dəyişdirilərək komissiyaya çevrilmiş, əvvəlcə Rusiya Federasiyası Təhsil Nazirliyinin yanında, Təhsil Nazirliyi Təhsil və Elm Nazirliyinə çevrildikdən sonra bir müddət Təhsil və Elm Nəzarəti üzrə Federal Xidmətin yanında, 2011-ci ildən 15 may 2018-ci il tarixinə qədər isə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi yanında fəaliyyət göstərmişdir.

Rusiya Federasiyası Prezidentinin 15 may 2018 tarixli 215 nomrəli fərmanı ilə Təhsil və Elm Nazirliyinin bazasında iki ayrı nazirlik – Təhsil Nazirliyi, Elm və Ali Təhsil Nazirliyi – yaradıldıqdan sonra Komissiya fəaliyyətini Elm və Ali Təhsil Nazirliyi yanında davam etdirir. Komissiyanın yenidən təşkili ilə bağlı müzakirələr davam etsə də, hazırda onun tərkibi Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq edilən elm, texnika, təhsil və mədəniyyət üzrə elmlər doktorları və aparıcı mütəxəssislərdən ibarətdir. Onun hazırkı sədri Xalqların Dostluğunun Rusiya Universitetinin rektorudur.

Son illər Rusiyada Ali Attestasiya Komissiyasının funksiyalarının bir çox ölkədə olduğu kimi ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının elmi şuralarına ötürülməsi istiqamətində müzakirələr aparılır və artıq bu istiqamətdə konkret addımlar da atılmışdır. Belə ki, 2016-cı ildə qanunvericiliyə edilən müvafiq dəyişiklikdən sonra əvvəlcə Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinə, 23 avqust 2017-ci il tarixdə hökumət tərəfindən təsdiq edilən müvafiq siyahı üzrə isə 23 ali təhsil müəssisəsi və elmi təşkilata 1 sentyabr 2017-ci il tarixindən etibarən müstəqil şəkildə elmi dərəcələr (elmlər namizədi, elmlər doktoru) vermək hüququ verilmişdir. Bu siyahıda 19 ali təhsil müəssisəsi və 4 elmi təşkilat yer almışdır. 19 ali təhsil müəssisəsinin 11-i milli tədqiqat universiteti statuslu, 4-ü federal universitet statuslu, 4-ü isə müstəqil inkişaf etmək və təhsil standartlarını müstəqil müəyyən etmək hüququ olan ali təhsil müəssisələridir. Qeyd edilən qurumlar müstəqil şəkildə dissertasiya müdafiə şuraları yaratmaq və onların səlahiyyətlərini müstəqil şəkildə müəyyən etmək hüququna malikdirlər.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
Elm və təhsil

Türkiyədə elmi dərəcə və adların verilməsi təcrübəsi: Anqlo-sakson və Qitə Avropası modellərinin sintezi

Türkiyə elmi dərəcə və adların verilməsində ABŞ və Fransa modellərinin bir sıra cəhətlərini özündə əks edirən özünəməxsus bir modeldən istifadə edir.

İlk növbədə ölkədə elmi dərəcə və adların verilməsini tənzimləyən mərkəzi bir qurum – Universitetlərarası Şura (UAK) fəaliyyət göstərir. Şura universitet rektorları ilə hər universitetin senatı tərəfindən 4 il üçün seçilən 1 professordan formalaşır.  Rektorlar Şuraya növbəlilik prinsipi ilə bir il sədrlik edir. Şura ölkədə “doktor (PhD)” elmi dərəcəsinin verilməsini qaydalarını müəyyən edir, xaricdən alınan elmi dərəcə və adların nostrifikaisyasını həyata keçirir və “dosent” elmi adını verir.

Türkiyədə yeganə elmi dərəcə kimi “doktor (PhD)” elmi dərəcəsi tətbiq edilir. Bu dərəcə ən azı 4 semestrlik doktorantura təhsil proqramının sonunda orjinal elmi tədqiqat olan dissertasiyanın yazılıb müdafiə edilməsi ilə əldə edilir. Doktorantura təhsili qanunvericilik və Universitetlərarası Şuranın müəyyən etdiyi əsaslar üzrə həyata keçirilir, dissertasiyalar universitetlərin yaratdığı müdafiə şuralarında müdafiə edilir və doktorluq dərəcəsi diplomu da fakültə dekanı və universitet rektorunun imzası ilə verilir.

Doktorantura təhsili alanlar təhsil aldıqları müddət ərzində Universitetlərdə “asissent” kimi çalışa bilirlər. “Doktor (PhD)” dərəcəsi alındıqdan sonra “doktor müəllim (doktor öğretim üyesi)”, “dosent (doçent)” və “professor (profesör)” elmi vəzifələrinə yüksəlmək mümkündür.

 “Doktor müəllim (doktor öğretim üyesi)” elmi vəzifəsini (adını) tutmaq üçün universitetlərin elan edilmiş boş ştat yerlərinə müraciət edilir. Qanunvericiliyə uyğun olaraq dekan ərizəçilərin sənədlərini rəy almaq üçün 3 professor və ya dosentə göndərir. Dekan rəyləri yığdıqdan sonra Fakültə Elmi şurasının da rəyini alır və Rektora təyinat üçün təklif verir. Rektor namizədi ən çox 4 illik müddət üçün bu vəzifəyə təyin edir. Vaxt bitdikdən sonra təkrar təyinat mümkündür. Universitetlər namizədlər üçün qanunvericilikdə nəzərdə tutulan tələblərdən əlavə tələblər də müəyyən edə bilir.

Türkiyədə “dosent” elmi adını Universitetlərarası Şura verir. Şura bu məqsədlə ildə iki dəfə iddiaçıların ərizələrini qəbul edir. İddiaçının doktorluq dərəcəsi, xarici dildən müvafiq imtahan nəticəsi, müəyyən say və keyfiyyətdə orjinal elmi əsərləri olmalıdır. Bu sənədlər 5 nəfərlik imtahan komissiyasına təqdim edilir. İmtahan komissiyası rəylərini Şuraya təqdim edir. Bundan sonra Şura “dosent” elmi adının verilməsi haqqında qərar qəbul edir və namizədə Universitetlərarası Şura sədrinin imzası ilə dosent sertifikatı verilir. Ancaq universitetlərin dosent ştatlarına təyinat yenə də elan yolu ilə aparılır. “Dosent” elmi adını alanlar universitetlərin elan etdikləri boş dosent ştatları üçün ərizə ilə müraciət edirlər. Rektor ərizələri qiymətləndirmək üçün 3 professordan ibarət komissiya yaradır, onların rəylərini və Universitet İdarə heyətinin rəyini aldıqdan sonra təyinatı həyata keçirir. Universitetlər dosent vəzifəsi üçün qanunvericilikdə nəzərdə tutulanlardan  əlavə şərtlər də müəyyən edə bilir.

“Professor” Türkiyədə ən yüksək elmi ad (vəzifə) hesab edilir. Qanunvericiliyə əsasən dosentlikdən sonra ən azı 5 il müvafiq istiqamət üzrə işləyənlər və orjinal tədqiqatlar aparanlar bu vəzifə üçün müraciət edə bilirlər. Müraciət ərizələrində tədqiqatlarının birini başlıca tədqiqat əsəri kimi göstərirlər. Universitetlər bu vəzifəni tutmaq üçün əlavə şərtlər də müəyyən edə bilir. “Professor” boş ştatlarına elan Rektorluq tərəfindən verilir. Universitet İdarə Heyəti iddiaçıların sənədlərini 3-ü kənardan olmaqla 5 professora göndərir. Professorlar rəy yazır, rəylər İdarə Heyəti tərəfindən qiymətləndirilir və Rektor bunları nəzərə alaraq təyinatla bağlı qərarını verir.

Göründüyü kimi Türkiyə universitetlərində “doktor (PhD)” elmi dərəcəsi diplomu, “doktor müəllim” və “professor” sertifikatları Universitetlər tərəfindən verildiyi halda, “dosent” sertifikatı Universitetlərarası Şura tərəfindən verilir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Orta Doğu Teknik, Hacettepe, Dokuz Eylül və Uludağ universitetlərinin keçmiş qonaq alimi

Standart