Müsahibə

Sülh və iqtisadi rifah dənizi

Regionun dayanıqlı inkişafına təhdid olan Xəzərin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlıq zəruridir

Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri və Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadədir.

Elşən müəllim, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ölkəmizə təsiri barədə nə deyə bilərsiniz?

E.B.: Bunun üçün ilk növbədə yeni konvensiyanın imzalanmasına qədər Xəzərin hüquqi statusunun necə tənzimləndiyinə və tərəflər arasında bu sahədəki anlaşılmazlıqlara diqqət yetirmək zəruridir. Bildiyiniz kimi, Sovetlər Birliyi dağılana qədər Xəzər dənizi bu ölkə ilə İranın daxili su hövzəsi kimi qəbul edilirdi. 1921 və 1940-cı illərdə Sovetlər Birliyi və İran arasında bağlanmış ticarət və dənizçilik haqqında müqavilələrlə Xəzər, bir növ, iki ölkə arasında bölüşdürülmüşdü və beynəlxalq hüquq da bu müqavilələri qəbul edirdi. 1970-ci ildən başlayaraq Sovetlər Birliyi Xəzər dənizinin özünə aid olan hissəsini Xəzərsahili ittifaq respublikaları arasında orta xətt prinsipi əsasında sektorlara da bölmüşdü. Lakin Sovetlər Birliyi dağılandan sonra Xəzərsahili ittifaq respublikaları müstəqilliklərini əldə etdilər və Xəzərin hüquqi statusunun yenidən müəyyən edilməsi aktual məsələyə çevrildi. Uzun müddət – təxminən 25 il sahilyanı ölkələr Xəzərin hüquqi statusunun müəyyən edilməsində razılığa gələ bilmədilər. Bu dövrdə Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin dibinin orta xətt prinsipi üzrə milli sektorlara bölünməsi, su səthinin isə ümumi istifadəsi ilə bağlı öz aralarında ikitərəfli sazişlər imzaladılar. İran isə Xəzərdə ən az sahil xəttinə malik ölkə olmasına baxmayaraq, 1921 və 1940-cı illərdə imzalanan müqavilələrə istinad edərək Xəzərin sahilyanı ölkələr arasında 5 bərabər hissəyə bölünməsini tələb edirdi. Həmçinin Türkmənistan da Xəzərin orta xətt prinsipi üzrə bölünməsinə tərəfdar olsa da, Azərbaycanla bir sıra istiqamətlərdə fikir ayrılıqları var idi. Konkret olaraq Türkmənistan Xəzərin Azərbaycanla öz arasında bölüşdürülməsində Abşeron və Çilov adalarının nəzərə alınmamalı olduğunu iddia edirdi. Nəticədə Azərbaycan Xəzərin şimal hissəsində qonşu olduğu ölkələrlə Xəzərin bölüşdürülməsi və ondan istifadə üzrə razılıqlar əldə etməsinə baxmayaraq, cənub hissəsində qonşu olduğu ölkələrlə bu sahədə razılıqlar əldə edə bilməmişdi və bu səbəbdən bir sıra karbohidrogen yataqlarından istifadə də müvəqqəti olaraq dayandırılmışdı.

12 avqust 2018-ci ildə Aktauda imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütün Xəzərsahili ölkələrin üzərində razılaşdığı bu qəbildən yeganə sənəddir. Sənədə əsasən, Xəzərdə sahil xətti olan hər bir ölkə dənizin üst hissəsində sahildən 15 mil məsafəyə qədər paya sahib olur, sahildən 10 mil məsafədə isə balıq tutmaq hüququ əldə edir. Dənizin qalan hissəsi isə ümumi istifadədə saxlanır. Bu, artıq o deməkdir ki, Xəzərin üst hissəsinin bölüşdürülməsi və istifadəsi ilə bağlı hər hansı bir mübahisə qalmır, İran və Türkmənistanın irəli sürdüyü, ancaq Azərbaycanın mənafelərinə cavab verməyən iddialar öz aktuallığını itirir.

Konvensiyada diqqəti çəkən mühüm məqamlardan biri də 14-cü maddədə sahilyanı ölkələrin öz aralarında razılaşaraq Xəzərin dibindən magistral boru xətləri çəkmə hüquqlarının təsbit edilməsidir. Hesab edirəm ki, bu maddə Azərbaycanın strateji maraqları baxımından mühüm əhəmiyyət daşıyan Transxəzər boru xətlərinin gələcəkdə reallaşması üçün də, bir növ, hüquqi zəmin yaradır.

Ancaq nəzərə almaq lazımdır ki, konvensiya Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir. Belə ki, hazırda Azərbaycanın bununla bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri olsa da, İran və Türkmənistanla belə sazişləri yoxdur. Buna görə də İran və Türkmənsitanla indiyə qədər mübahisə obyektinə çevrilmiş olan bir sıra karbohidrogen yataqlarının işlənməsinə yol açmaq üçün gələcəkdə bu ölkələrlə də müvafiq sazişlərin imzalanmasına ehtiyac yaranır.

Bütövlükdə konvensiyada Xəzərdən sülh və inkişaf məqsədləri üçün istifadəni, həmçinin də Xəzərin iqtisadi dayanıqlığının təminini nəzərdə tutan çoxlu sayda müddəalara yer verilməsi həm Azərbaycanın, həm də Xəzər hövzəsi ölkələrinin və dünyanın maraqlarına cavab verir.

Konvensiyada Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinə nə kimi önəm verilir?

E.B.: Bildiyiniz kimi, Xəzər hövzəsi tarixən Mərkəzi Asiya, İran, Qafqaz və Volqaboyu ərazilərin istehsal və ticarət mədəniyyətlərinin mərkəzində dayanmış, Şərq ölkələri ilə Avropanı birləşdirən möhtəşəm İpək yolu mədəniyyətinin isə mühüm halqasını təşkil etmişdir. Xəzər hövzəsi bu gün də qeyd olunan mövqeyini mühüm dərəcədə qoruyub saxlayır və təxminən illik 2,5 trilyon ABŞ dolları məbləğindəki istehsal həcmi, zəngin neft və qaz yataqları, qiymətli balıq və kürü resursları, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri ilə dünya iqtisadiyyatında mühüm yer tutur. Ancaq buna baxmayaraq, Xəzər hövzəsi ölkələrinin qeyd olunan mövqelərini daha da gücləndirmək və bu istiqamətdə əməkdaşlığı dərinləşdirmək potensialı yüksəkdir. Bu baxımdan konvensiyada Xəzərin resurslarını, bioloji müxtəlifliyini və bütövlükdə ekoloji tarazlıqlarını qoruma, regionun dayanıqlı inkişafını təmin etmə, nəqliyyat şəbəkələrini inkişaf etdirmə, qarşılıqlı iqtisadi əməkdaşlığı dərinləşdirmə, resurslardan yalnız sülh məqsədləri üçün istifadə, üçüncü ölkələrin hərbi gəmilərinin Xəzərə daxil olmasına yol verməmə, terrorizm və qaçaqmalçılıqla mübarizə sahələrində tərəfdaş ölkələrin birgə əməkdaşlığının nəzərdə tutulması əhəmiyyətli hesab olunmalıdır.

Mən regionun dayanıqlı inkişafı üçün mühüm təhdid hesab olunan Xəzərin ekoloji problemlərinin həlli məqsədilə konvensiyada nəzərdə tutulan birgə əməkdaşlığı xüsusilə əhəmiyyətli hesab edirəm. Artıq heç kimə sirr deyil ki, Xəzər dənizinin çirklənməsi və su səviyyəsinin dəyişməsi ciddi ekoloji problem kimi qarşımızda dayanır. Bu gün Xəzərin çaylar və sahil zonalarındakı yaşayış və sənaye məntəqələri vasitəsilə, neft və qaz hasilatı və su səviyyəsinin dəyişməsi yolu ilə çirklənməsi bir sıra ərazilərdə artıq kritik həddə gəlib çatmışdır. Çirklənmə bütövlükdə Xəzərin bioloji resursları və biomüxtəlifliyinə böyük ziyan vurmaqda davam edir. Eləcə də Xəzərin su səviyyəsinin yüksəlməsi sahilyanı ölkələrin bir sıra ərazilərinin iqtisadi dövriyyədən çıxmasına səbəb olur. Tərəfdaş ölkələrin bütün bu ekoloji problemlərlə birgə mübarizəsi regionun dayanıqlı iqtisadi inkişafı üçün ən vacib şərtlərdən biridir.

Konvensiyanın regionda nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsinə verə biləcək töhfələri barədə nə deyə bilərsiniz?

E.B.: İlk növbədə qeyd etməliyəm ki, konvensiyada bir çox maddələr Xəzərdə nəqliyyat məsələlərinin beynəlxalq hüquq normaları çərçivəsində və tərəflərin iqtisadi və təhlükəsizlik maraqlarının gözlənilərək tənzimlənməsini nəzərdə tutur. Bu isə Xəzər üzərində nəqliyyatla bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, həmçinin də nəqliyyat dəhlizlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edir.

Digər tərəfdən, bu konvensiya Xəzərdən yalnız sülh və iqtisadi rifah naminə istifadəni nəzərdə tutduğundan və tərəfdaş ölkələr arasında bu istiqamətdəki bir sıra fikir ayrılıqlarına son qoyduğundan regionda iqtisadi əməkdaşlıq üçün də əlverişli mühit yaradır və nəzərdə tutulan böyük iqtisadi layihələrin, eləcə də nəqliyyat layihələrinin reallaşması istiqamətində ümidləri artırır. Bildiyiniz kimi, Xəzər üzərindən Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində tranzit yüklər daşınır. Əsasən Çin və Avropa arasında yükdaşımaları nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi daha böyük potensiala malikdir. Bu dəhlizin inkişafı Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi maraqlarına daha çox cavab versə də, Rusiya və İranın da gələcəkdə bu dəhlizdən istifadə etməsi mümkündür. Son dövrlər Ələt, Aktau və Türkmənbaşı limanlarında görülən işlər, Bakı-Tbilisi- Qars dəmiryol xəttinin istifadəyə verilməsi, İstanbulda boğazın altından çəkilən nəqliyyat xətləri və yeni istifadəyə verilən üçüncü nəhəng beynəlxalq hava limanı kimi layihələr gələcəkdə Pekin və London arasında bu dəhliz vasitəsilə fasiləsiz şəkildə yük və sərnişin daşımalarının həyata keçirilməsini təmin etməyə xidmət edir. Şübhəsiz ki, Xəzərin hüquqi statusunun həllini tapması perspektivdə Xəzər hövzəsi ölkələrinin bu dəhliz üzərində birgə əməkdaşlığını gücləndirərək onun dayanıqlı inkişafına da öz töhfəsini verəcəkdir.

Nəhayət, Xəzər üzərində nəqliyyat dəhlizinin gələcək inkişafından danışarkən Bakı Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin Transxəzər uzantılarının reallaşmasını da diqqətdən kənarda saxlamaq olmaz. Bilindiyi kimi, bu günə qədər həm Qazaxıstan, həm də Türkmənistan hasil etdiyi neftin bir hissəsini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxarır. Yəni artıq bu istiqamətdə təcrübə mövcuddur. Hesab edirəm ki, imzalanan konvensiya gələcəkdə Transxəzər boru xətlərinin həyata keçirilməsi üçün də müəyyən iqtisadi, siyasi və hüquqi zəmin yaradır.

“EcoVision” jurnalı, Noyabr, 2018, No.35, s.18-20.

Standart
İqtisadi savadlılıq

Kölgə iqtisadiyyatı, vergidən yayınma və vergidən yan keçmə: nə nədir?

Kölgə iqtisadiyyatı (ing. shadow economy), vergidən yayınma (ing. tax evasion) və vergidən yan keçmə (ing. tax avoidance) təcrübədə bir-biri ilə ən çox qarışdırılan üç fərqli anlayışlardır.

Kölgə iqtisadiyyatı anlayışına vahid yanaşma, BMT-nin 1993-cü il Milli Hesablar Sistemi Konvensiyasının qəbul edilməsindən sonra formalaşmağa başlamışdır. Bu yanaşma kölgə iqtisadiyyatı anlayışına milli gəlir statistikası, başqa sözlə ÜDM hesablamaları çərçivəsində tərif verir ki, bu da 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Müstəqil Dövlətlər Birliyi Statistika Xidməti tərəfindən nəşr edilən “Müşahidə edilməyən iqtisadiyyatın ölçülməsi: Bələdçi kitab”da (“Mavi Kitab”) göstərilən müvafiq anlayış və yanaşmalara əsaslanır. Bu baxımdan kölgə iqtisadiyyatı, BMT-nin 1993-cü il Milli Hesablar Sistemi Konvensiyasına görə ÜDM göstəricisini hesablamaq məqsədilə qeydə alınmalı olan iqtisadi fəaliyyətlərin faktiki qeydə alınmamış hissəsi kimi qəbul edilir. Başqa sözlə, hər hansı bir fəaliyyətin kölgə iqtisadiyyatına aid edilməsi üçün o, nəticəsində əlavə dəyərin yaradıldığı məhsuldar fəaliyyət olma, bazar buraxılışı olma və statistika xidməti tərəfindən qeydə alına bilməmə kimi hər üç kriteriyaya cavab verməlidir.

ÜDM hesablamalarına daxil olmalı olduğu halda, müxtəlif səbəblərdən faktiki olaraq qeydə alınmamış iqtisadi fəaliyyətlər kriminal və qeyri-kriminal olmaqla iki sektor üzrə qruplaşdırılır.

Kölgə iqtisadiyyatının kriminal sektoruna, qanunvericiliklə qadağan olunan, lakin fəaliyyət subyektləri tərəfindən müvafiq dövlət orqanlarından tamamilə gizlədilərək həyata keçirilən iqtisadi fəaliyyətlərlə yanaşı, qanunvericiliklə həmin fəaliyyətlə məşğul olmaq hüququ olmayan subyektlər tərəfindən həyata keçirilən iqtisadi fəaliyyətlər (məsələn, lisenziyasız fəaliyyət göstərmə) də daxildir. Bu sektor fəaliyyətlərinin ÜDM hesablamalarına daxil edilməsinin zəruriliyi Milli Hesablar Sistemi Konvensiyası tərəfindən irəli sürülsə də, praktikada çox az ölkə buna nail ola bilmişdir.

Kölgə iqtisadiyyatının qeyri-kriminal sektoruna isə bəyan edilməyən iqtisadi fəaliyyətlər, qismən bəyan edilən iqtisadi fəaliyyətlər və qeyri-formal iqtisadi fəaliyyətlər aiddir.

Bəyan edilməyən iqtisadi fəaliyyətlər, qanunvericiliklə qadağan olunmayan, lakin fəaliyyət subyektinin bəzi qanuni öhdəlikləri (vergi və digər sosial ödəmələri həyata keçirmək, əmək şəraiti, təhlükəsizlik və ekoloji standartlara əməl etmək və.s) yerinə yetirməkdən yayınmaq məqsədilə, müvafiq dövlət orqanlarından tamamilə gizlətdiyi iqtisadi fəaliyyətlərdən ibarətdir. Qismən bəyan edilən iqtisadi fəaliyyətlər isə qeyd edilən məqsəd üçün müvafiq dövlət orqanlarından qismən gizlədilən fəaliyyətlərdir. Yəni, burada gizlilik subyektin tamamilə dövlət qeydiyyatından kənar fəaliyyət göstərməsi və dövlət qeydiyyatında olan subyektin fəaliyyətinin bir hissəsini qeydiyyatdan yayındırması kimi iki formada ola bilər.

Qeyri-formal iqtisadi fəaliyyətlər, əsas məqsədinin əlaqəli şəxsləri məşğullluq və gəlirlə təmin etmək olduğu, təsərrüfatlarının kiçik ölçülü, iş qüvvəsilə kapital sahibləri arasında fərqin olmadığı ya da çox az olduğu və əmək münasibətlərinin rəsmi müqavilələrə deyil, əsasən qohumluq, şəxsi və sosial əlaqələrə əsaslandığı iqtisadi fəaliyyətləri ifadə edir. Bu tip fəaliyyətlərin bəyan edilməyən və ya qismən bəyan edilən iqtisadi fəaliyyətlərdən əsas fərqi, dövlət qeydiyyatından qəsdən yayınmamış olmalarıdır. Belə ki, bu fəaliyyət subyektləri kiçik ölçülü olduğundan bəzən müstəqil mühasibatlığa belə malik olmur, hətta bəzi hallarda dövlətin iqtisadi subyektin qeydiyyata alınması üçün tələb etdiyi minimum şərtlərə belə cavab vermirlər. Sadəcə əlavə dəyər yaratmış olmaları və bu dəyərin bazar buraxılışı olması səbəbindən ÜDM hesablamalarında nəzərə alınmaları zəruri hesab edilmişdir.

Kölgə iqtisadiyyatı ilə vergidən yayınma (tax evasion) bir-birilə sıx bağlı olsa da, əslində fərqli anlayışlardır. İlk növbədə kölgə iqtisadiyyatının fəaliyyət qrupları baxımından yanaşsaq, bəyan edilməyən, qismən bəyan edilən fəaliyyət qrupları vergidən yayınan fəaliyyətlər olsa da, qeyri-formal fəaliyyətlər üçün bunu söyləmək mümkün deyildir. Həmçinin baxmayaraq ki, əksər ölkələrdə kölgə iqtisadiyyatının qeyri-kriminal sektoru müsadirə olunduğu zaman vergiyə də cəlb olunur, ancaq bu qrup fəaliyyətlərin dövlətə bəyan edilməsi mümkün olmadığından vergidən yayınan fəaliyyətlərə aid edilməsi də doğru deyildir. Digər tərəfdən bütün vergidən yayınmaların da kölgə iqtisadiyyatına aid olduğunu qeyd etmək düzgün deyildir. Belə ki, vergi tutulan gəlirdən çıxarılmalı olan xərclərin qəsdən yüksək göstərilməsi, şəxsi xərclərin şirkət xərcləri adıyla bəyan edilməsi kimi hallarda vergidən yayınma baş versə də, burada hər hansı iqtisadi fəaliyyətin dövlətdən gizlədilməsindən söhbət gedə bilməz.

Vergidən yan keçmə isə qanunvericilik çərçivəsində baş verən prosesdir. Vergidən yan keçmədə vergi ödəyiciləri qanunvericilikdəki boşluqlardan istifadə edərək və ya qanunvericiliyə uyğun olaraq vergi öhdəliyi doğuran hadisə və proseslərin baş verməsinə imkan verməyərək daha az vergi ödəyirlər. Vergidən yan keçmədə hər hansı fəaliyyətin gizlədilməsindən söhbət getmədiyi üçün kölgə iqtisadiyyatına və ya vergidən yayınmaya da aid edilə bilməz. Dünyanın əksər ölkələrində vergidən yan keçmə cinayət sayılmır və bunun üçün hər hansı cəza da nəzərdə tutulmur.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru, dosent

“UNEC EKSPERT” Jurnalı, No. 1(07) iyul 2019, s.12-13.

Standart
Elm və təhsil

Elmi dərəcələr və elmi adların verilməsi üzrə islahatlar: Gürcüstan təcrübəsi

Yaxud Sovet sistemindən Anqlo-sakson sisteminə keçidin əsas istiqamətləri

Gürcüstanda müstəqillikdən sonra uzun müddət “elmlər namizədi”, “elmlər doktoru” elmi dərəcələri və “dosent”, “professor” elmi adları verilmiş və elmi dərəcələrin və adların verilməsi mərkəzləşdirilmiş qaydada Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilmişdir. Lakin 2004-cü ildən sonra Gürcüstan bu modeldən tamamilə imtina edərək, Anqlo-sakson modelinə, daha dəqiq desək, ABŞ modelinə keçmişdir.

Gürcüstanda bu istiqamətdə aparılan islahatlar ilk növbdə elmi dərəcə və elmi adlarla bağlı olmuşdur. Belə ki, “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilmiş və ölkədə vahid elmi dərəcə – “doktor” (PhD) – müəyyən edilmişdir. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilmişdir. Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılmış və yeni sistemdə “asissent”, “asissent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilmişdir. Bunlarla yanaşı, fəxri elmi adlar olan “fəxri doktor” və “emeritus”un da verilməsi nəzərdə tutulmuşdur.

Aparılan islahatların ikinci mühüm istiqaməti isə Ali Attestasiya Komissiyasının ləğv edilməsi, onun elmi dərəcə və elmi adların verilməsi ilə bağlı bütün səlahiyyətlərinin ali təhsil müəssisələri və elmi təşkilatlara ötürülməsi olmuşdur. Belə ki, hazırda Gürcüstanda elmi dərəcə və elmi adların verilməsinin əsas şərtləri “Ali Təhsil Haqqında” (2004) qanunda təsbit edilmiş, ali təhsil müəssisələri və elmi təşkilatlar isə bu şərtlərə özlərinin də əlavə şərt müəyyən etmək hüququ ilə elmi dərəcə və adları verirlər.

Ölkədə ali təhsil müəssisələri yalnız bakalavr təhsili verən “kollec”, bakalavr və magistr təhsili verən “tədris universiteti” və bakalavr, magistr və doktorantura təhsili verən “universitet” olmaqla üç yerə bölünmüşdür. Ölkədə yeganə elmi dərəcə olan “doktor” (Ph.D) dərəcəsini əldə etmək üçün universitetlərdə doktorantura təhsilini tamamlamaq və dissertasiya yazaraq müdafiə etmək tələb olunur. Universitetlərin Elmi Şuraları dissertasiya müdafiə şuralarını yaradır və bu şuraların əsasnamələrini təsdiq edir.

Gürcüstanda elmi adlar universitetdə verilən elmi vəzifələrdir və yalnız həmin universitet çərçivəsində istifadə edilir. Bütün elmi vəzifələr universitetlərdə rəqabət şəraitində keçirilən seçkilər vasitəsilə tutulur. Assisent və assissent professor vəzifələri 3-4 illiyinə tutulur və ABŞ-dakı daimi olmayan elmi vəzifələrə uyğun gəlir. Dövlət ali təhsil müəssisəsində 65 yaşına çatmış şəxslər elmi vəzifə seçkilərində iştirak edə bilmir və bu yaşa çatmış elmi vəzifə tutanlar da bu vəzifədən azad edilir.

P.S. Əlavə məlumat üçün Gürcüstanın “Ali Təhsil Haqqında Qanunu”na baxıla bilər (Law of Georgia on Higer Education, http://www.mes.gov.ge/upload/text/geo/1196078343_legislation.pdf )

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisad

“Beynəlxalq iqtisad”ın tədrisi nə üçün önəmlidir?

Azərbaycan ali təhsilində iqtisadçıların yetişdirilməsi prosesində uzun müddət demək olar ki, istifadə edilməyən fənnlərdən biri də “beynəlxalq iqtisad” (ing. international economics) olmuşdur. “Mikroiqtisad” və “makroiqtisad” fənnləri universitetlərin tədris planlarında özünə yer tapsa da, “beynəlxalq iqtisad” çox vaxt bu planlardan kənarda qalmış, ən yaxşı halda isə yalnız “dünya iqtisadiyyatı” ixtisaslarında keçirilmiş və ya seçmə fənn olmuşdur. Hətta “Mikroiqtisad” və “makroiqtisad” fənnləri ilə bağlı milli dərsliklərin yazılması təşəbbüslərinə belə rast gəlindiyi halda, “beynəlxalq iqtisad” fənni üzrə Azərbaycan dilində yazılmış hər hansı diqqət çəkən tədris vəsaiti ortaya qoyulmamışdır.

Keçən ilin sonunda BP Azərbaycan dilində “beynəlxalq iqtisad” fənninin tədrisi baxımından çox mühüm bir işi reallaşdırdı. Belə ki, bu şirkətin maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq, Nobel mükafatı laureatı Paul Krugmanın rəhbərliyi ilə hazırlanmış “Beynəlxalq iqtisadiyyat: nəzəriyyə və siyasət” dərsliyi dilimizə tərcümə edilərək nəşr edildi. Doğrudur, Krugmanın bu kitabında Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin beynəlxlaq iqtisadi problemlərinə o qədər də yer verilməsə də, hər halda hazırda öz sahəsində dünyada ən prestijli dərsliklərdən olan bu əsərin dilimzə qazandırılması ilkin addım kimi yüksək qiymətləndirilməlidir. Yeri gəlmişkən, BP-nin bu addımı, Azərbaycandakı böyük holdinqlər, banklar üçün də yaxşı nümunə sayılmalıdır…

Heç şübhəsiz ki, “mikroiqtisad” və “makroiqtisad” fənnlərinin “beynəlxalq iqtisad” fənni ilə tamamlanmaması iqtisadçı mütəxəssislərin hazırlanmasında çox böyük bir boşluq kimi qiymətləndirilməlidir. Bu boşluğun uzun müddət ölkəmizdə olduğu kimi “beynəlxalq iqtisadi münasibətlər”, “dünya iqtisadiyyatı” kimi fənnlərlə doldurulması mümkün deyildir. Çünkü bu fənnlər, “iqtisad”dan daha çox, “siyasi iqtisad”ın, “beynəlxalq münasibətlər”in və “iqtisadi coğrafiya”nın təhlil metodlarına əsaslanır. “Beynəxlaql iqtisad” isə “iqtisadı”ın ayrılmaz bir qoludur.

İqtisad, ölkələr arasındakı münasibətlərin məhz iqtisadi xarakterli olanları ilə maraqlanır və bu istiqamətin öyrənilməsi onun ayrıca bir qolu olan beynəlxalq iqtisad tərəfindən həyata keçirilir. Bu baxımdan beynəlxalq iqtisadı, iqtisadın ölkələr arasındakı iqtisadi münasibətləri, bu münasibətlər nəticəsində ortaya çıxan xüsusi problemləri və mövzuları öyrənən ayrıca bir qolu kimi təqdim etmək olar.

Bəs ölkələr arasındakı iqtisadi münasibətlər dedikdə, nələr nəzərdə tutulur? Bunlar ölkələr arasında qarşılıqlı mal və xidmət axınları və faktor (kapital, iş qüvvəsi və texnologiya) axınları ilə bağlı ortaya çıxan iqtisadi münasibətlərdir. Belə ki, ölkələr arasında qarşılıqlı mal və xidmət axınları beynəlxalq ticarət münasibətlərini, kapital axınları beynəlxalq investisiya münasibətlərini, iş qüvvəsi axınları beynəlxalq əmək miqrasiyası münasibətlərini, texnologiya axınları isə beynəlxalq texnologiya transferti münasibətlərini təşkil edir.

Beynəlxalq iqtisadi münasibətlərin əsasında ölkələr arasındakı mal ticarəti dayanır. Ölkələr arasında mal axınları beynəlxalq iqtisadi münasibətlərin demək olar ki, ən qədim formasıdır. Mal axınları ilə yanaşı, digər mühüm iqtisadi münasibətlər də xidmət ticarəti ilə bağlıdır. Çox vaxt ölkələr arasındakı mal və xidmət ticarəti birlikdə öyrənilir, ancaq ənənəvi olaraq xüsusi əhəmiyyət daşıması səbəbindən mal ticarəti bir çox hallarda xarici ticarət adı altında ayrıca tədqiq edilir.

Beynəlxalq faktor axınları arasında kapital axınları əsas yeri tutur. Bu axınlar müxtəlif formalarda baş verir. Ölkə xaricində istehsalı təşkil etmək məqsədilə həyata keçirilən investisiyalar birbaşa xarici investisiyalar adlandırılır. Kapital bazarlarından istiqraz və  ya səhmlərin satın alınması yolu ilə həyata keçirilən kapital axınları isə portfel xarici investisiyaları təşkil edir. Bunlarla yanaşı, hökumətlərin və ya beynəlxalq maliyyə institutlarının ayrı-ayrı ölkələrə verdikləri kreditlər də mövcuddur ki, bunlar da beynəlxalq rəsmi kapital axınları adlandırılır.

Beynəlxalq faktor axınlarının bir hissəsini də beynəlxalq əmək miqrasiyası təşkil edir. İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə doğru həm ixtisassız, həm də yüksək ixtisaslı iş qüvvəsi axınları mövcuddur. Beynəlxalq səviyyədə iş qüvvəsi axınlarını məhdudlaşdıran bir çox hüquqi və təbii baryerlər vardır. Ancaq buna baxmayaraq, istər qanuni, istərsə də qeyri-qanuni yollarla olsun, önəmli miqyasda beynəlxalq əmək miqrasiyası mövcuddur.

Beynəlxalq faktor axınlarının digər bir istiqaməti də texnologiya axınlarıdır. Texnologiya istehsalda məhsuldarlığı artıran əsas amildir. Müasir dövrdə rabitə başda olmaqla, demək olar ki, bütün sahələrdə texnologiya görünməmiş dərəcədə inkişaf edir. Yeni texnologiyalar əsasən sənayeləşmiş ölkələrdə icad edilir. İnkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin yeni texnologiyaları əldə etmələri isə texnologiya transferti kanalları ilə mümkün ola bilir.

Beynəlxalq iqtisad, təkcə ölkə ilə qalan dünya arasında mal və xidmət axınlarını və faktor axınlarını deyil, eyni zamanda da hökumətlərin bu axınları tənzimləmək məqsədilə həyata keçirdiyi siyasətləri və onların ölkə və qlobal iqtisadiyyat üzərində yaratdığı təsirlərini öyrənir.

Ədəbiyyatlarda ən geniş yayılmış yanaşmaya görə “beynəlxalq iqtisad” fənni, “beynəlxalq ticarət”, “beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisad)” və “açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət” olmaqla üç əsas hissədən ibarət olur.

“Beynəlxalq ticarət” hissəsi, ölkələr arasında mal və xidmət axınlarını öyrənir və beynəlxalq ticarət nəzəriyyəsi və beynəlxalq ticarət siyasəti olmaqla iki əsas bölməyə ayrılır. Beynəlxalq ticarət nəzəriyyəsi ölkələr arasındakı ticarətin səbəblərini, faydalarını, strukturunu və beynəlxlalq ticarətdə tarazlığı təmin edən nisbi qiymətlərin (xarici ticarət həddləri) formalaşması kimi məsələləri açıqlamağa çalışır. Bu baxımdan qeyd olunan mövzuları əhatə edən nəzəri modelləri özündə birləşdirir. Beynəlxalq ticarət siyasəti isə hökumətin beynəlxalq ticarətə müdaxilələrini izah edir. Bu çərçivədə hökumətin beynəlxalq ticarət siyasətinin məqsədləri və vasitələri, beynəlxalq ticarəti məhdudlaşdırıcı və sərbəstləşdirici tədbirlərinin səbəbləri və təsirləri üzərində dayanır.

“Beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisadda)” hissəsində ölkələr arasında pul və kapital axınları araşdırılır. Ölkənin qalan dünya ilə iqtisadi əlaqələrindən doğan və valyuta ilə həyata keçirilən qarşılıqlı ödəmələrini özündə əks etdirən tədiyyə (ödəmələr) balansı, valyuta kursları, valyuta bazarları, valyuta siyasəti,  beynəlxalq valyuta sistemi, beynəlxalq kapital bazarları kimi mövzular bu bölmədə öyrənilir.

“Açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət” hissəsində isə açıq iqtisadiyyatlarda işsizliyin və inflyasiyanın qarşısının alınaraq daxili tarazlığın təmin edilməsi, tədiyyə balansının defisit (kəsir) və profsitlərinin aradan qaldırılaraq xarici tarazlığın əldə edilməsi, beynəlxalq iqtisadi siyasətlərin kordinasiyası kimi mövzualar üzərində dayanılır.

Əksər “beynəlxalq iqtisad” kitabları 1960-cı illərdən başlayaraq yazılmışdır və əsasən də ABŞ mənşəlidirlər. Buna görə də bu kitablar daha çox ABŞ-ın beynəlxalq iqtisadiyyatdakı mövqeyinə fokslanmış və strukturları da əsasən bu çərçivədə formalaşmışdır. Bu baxımdan standart beynəlxalq iqtisad kitabları adətən yuxarıda göstərilən strukturda hazırlanır. Ancaq inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi siyasətdən eyni zamanda iqtisadi inkişaf vasitəsi kimi istifadə etdikləri nəzərə alınaraq, bəzən bu struktura “beynəlxalq iqtisad və iqtisadi inkişaf” hissəsi də əlavə edilir. Bu hissədə isə iqtisadi inkişafla beynəlxalq ticarət siyasəti, beynəlxalq investisiyalar, beynəlxalq texnologiya axınları, beynəlxalq xidmət ticarəti, beynəlxalq əmək miqrasiyası və beynəlxalq yardımlar arasındakı əlaqələr, həmçinin də beynəlxalq iqtisadi problemlər və inkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri təhlil edilir.

İqtisadi subyektlərin motivasiyası və davranışları beynəlxalq və daxili iqtisadi əlaqələrdə eyni olduğundan beynəlxalq iqtisad da iqtisadın digər qolları kimi əsas iqtisadi təhlil metodlarından istifadə edir. Bu baxımdan “beynəlxalq iqtisad, ayrıca iqtisadi nəzəriyyə tələb edirmi?”, “beynəlxalq iqtisad, iqtisadın ümumi prinsiplərindən istifadə edə bilərmi?” kimi suallara hələ 1930-cu illərdə iqtisadçı Gottfried Haberler “beynəlxalq iqtisad ümumi iqtisadi nəzəriyyənin beynəlxalq müstəviyə tətbiqidir” şəklində cavab vermişdir. “Beynəlxalq iqtisad”, ümumi iqtisadi nəzəriyyənin öyrəndiyi iqtisadi problemləri beynəlxalq səviyyədə araşdırır. Başqa sözlə, “beynəlxalq iqtisad”, sonsuz insan ehtiyaclarını ödəmək məqsədilə məhdud resursların bölüşdürülməsinə qərar vermə prosesində birdən çox iqtisadiyyatın bir-birilərinə necə təsir göstərdiyini müəyyən etməyə çalışır. Buna görə də “beynəlxalq iqtisad”, iqtisadi problemlərə qapalı iqtisadiyyatın deyil, açıq iqtisadiyyatın tələbləri əsasında yanaşır.

“Beynəlxalq iqtisad”, iqtisadi nəzəriyyənin beynəlxalq müstəvidə tətbiqi olduğundan problemlərinin öyrənilməsində də “mikroiqtisad”ın və “makroiqtisad”ın prinsiplərindən və təhlil metodlarından istifadə edir. “Beynəlxalq iqtisad”ın “beynəlxalq ticarət” hissəsi demək olar ki, tamamilə mikroiqtisadi təhlil metodlarına əsaslanır. Belə ki, bu hissədə ayrı-ayrı ölkələr vahid kimi, ayrı-ayrı məhsulların qiymətləri nisbi qiymət kimi öyrənilir və müxtəlif mallarla bağlı istehsal, istehlak, idxal, ixrac və nisbi qiymət kimi dar çərçivəli dəyişənlər üzərində dayanılır.

“Beynəlxalq iqtisad”ın, “beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisad)” və “açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət” hissələri isə əsasən makroiqtisadın prinsiplərindən və təhlil metodlarından istifadə edir. Belə ki, bu hissələrdə tədiyyə (ödəmələr) balansının tənzimlənməsinin və ayrı-ayrı iqtisadi siyasətlərin milli gəlir, inflyasiya, valyuta kursları, faiz dərəcələri və məşğulluq üzərindəki təsirləri geniş təhlil edilir.

“Beynəlxalq iqtisad”ın tədrisi heç bir zaman müasir dövrdə olduğu qədər önəmli olmamışdır. XXI əsrdə ölkələr mal və xidmət ticarəti, qarşılıqlı pul və investisiya axınları  vasitəsilə indiyə qədər görünməmiş səviyyədə qarşılıqlı asılılıqda yaşayırlar. Bu əlaqələr nəticəsində ortaya çıxan qlobal iqtisadiyyat isə kifayət qədər qeyri-müəyyən sferadır. Buna görə də hər bir ölkədə istər siyasətçilər, istərsə də biznes subyektləri qlobal iqtisadiyyatda sürətlə baş verən  prosesləri daim diqqət mərkəzində saxlamağa çalışır və onları dərindən öyrənmək istəyir. Digər tərəfdən isə ölkələrin qarşılıqlı iqtisadi əlaqələri dərinləşdikcə, onların iqtisadiyyatlarının açıqlıq səviyyəsi də yüksəlir ki, belə iqtisadiyyatlarda da baş verən prosesləri qapalı iqtisadiyyatlar üçün formalaşdırılmış iqtisadi nəzəriyyələrlə izah etmək çətinləşir. Bu çətinlik isə aşağıdakı səbəblərlə bağlıdır:

1) Ölkə daxilində malların hərəkəti üzrə hökumət məhdudiyyətləri olmadığı halda, beynəlxalq səviyyədə bu məhdudiyyətlər mövcuddur.

2) Ölkə daxilində əmək və kapital sərbəst hərəkət etdiyi halda, beynəlxalq səviyyədə bu sərbəstlik məhdudlaşdırılır.

3) Ölkə daxilində iqtisadi əməliyyatlar Mərkəzi Bankın nəzarətində olan milli pul vahidi ilə aparıldığı halda, beynəlxalq səviyyədə dəyərləri valyuta bazarlarında sərbəst müəyyən edilən müxtəlif vayutalarla aparılır.

4) Ölkə daxilində makroiqtisadi siyasət monetar və fiskal kanallarla əsasən daxili iqtisadi proseslərə təsir etdiyi halda, beynəlxalq səviyyədə fərqli valyutalara malik ölkələrin makroiqtisadi siyasətləri qarşılıqlı təsirlərə malikdir.

Beynəlxalq iqtisadın öyrəndiyi “beynəlxalq ticarət” və “beynəlxalq maliyyə” mövzuları iqtisadın bir növ başlanğıc nöqtəsini təşkil edir. Belə ki, əksər iqtisad tarixçiləri Şotland filosofu David Hume tərəfindən 1752-ci ildə qələmə alınan “Xarici Ticarət Balansı” əsərini ilk həqiqi iqtisadi model kimi qəbul edirlər. 1776-cı ildə Davidin dostu, digər bir Şotland filosofu Adam Smith “Millətlərin Zənginliyi” adlı məşhur əsərini nəşr etdirir və həmin əsərdə beynəlxalq iqtisadın bir çox mövzularına geniş yer ayırır. XIX əsrin əvvəllərində İngiltərənin beynəlxalq ticarət siyasəti haqqında aparılan geniş müzakirələr iqtisadın modellərə əsaslanan elmə çevrilməsinə çox böyük töhfələr verir. Ümumilikdə, 250 ildən çoxdur ki, “beynəlxalq iqtisad”, David Hume, Adam Smith, David Rikardo, Robert Torrens, John Stuart Mill, Alfried Marshall, Jacop Viner, Gottfried Haberler, Francis Ysidro Edgeworth, Wassily Leontief, James Meade, Eli Hecksher, Bertil Ohlin, John Maynard Keynes, Paul Samuelson, Abba Lerner, Bela Ballassa, Harry Johnson, Jagdish Bhagwati, Warner Max Corden, Richard Baldwin, Alan Dearddroff, Herbert Grubel, Alan Krueger, Marc Melitz, Paul Krugman kimi dünyanın məşhur iqtisadçılarının xidmətləri ilə zəngin bir inkişaf yolu keçmişdir.

Beynəlxalq iqtisad, ümumi iqtisadi nəzəriyyədə o qədər mühüm yer tutmuşdur ki, hətta başda Paul Samuelson olmaqla bir çox məşhur iqtisadçı beynəlxalq iqtisad olmadan müasir iqtisadiyyatı tam dərk etmənin mümkün olmayacağını qeyd etmişdir. Keçən dövr ərzində iqtisadi nəzəriyyənin bəzi nəzəriyyələri (məs. ikinci ən yaxşı nəzəriyyəsi) yalnız “beynəlxalq iqtisad” çərçivəsində ortaya çıxmış, istehsal və ümumi tarazlıq nəzəriyyəsi, artım nəzəriyyəsi, rifah iqtisadı və digər nəzəriyyələr də beynəlxalq iqtisaddan mühüm dərəcədə faydalanmışdır. Nəticədə, beynəlxalq iqtisad, iqtisadın xüsusi və əhəmiyyətli bir qoluna çevrilmişdir.

Ümid edirəm ki, ölkə ali təhsilində yeni tədris standartlarının hazırlanması prosesində dünyanın nüfuzlu universitetlərinin təcrübəsinə uyğun olaraq, “beynəlxalq iqtisad” fənni də iqtisadiyyat istiqaməti üzrə bütün ixtisasların tədris planlarında öz yerini tutacaq və olduğu kimi universitetlərimizdə tədris ediləcəkdir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisad,İqtisadi gündəm,İqtisadi savadlılıq

Qloballaşma və qlobal iqtisadiyyat: müasir dünyanı anlamaq

Ölkələr iqtisadi, sosial, siyasi və mədəni ehtiyaclarını qarşılamaq məqsədilə tarixən bu və ya digər səviyyədə qarşılıqlı münasibətlərdə olmuşdur. Bu münasibətlər müxtəlif səbəblərdən bəzi dövrlərdə daha da genişlənmiş, bəzi dövrlərdə isə nisbi olaraq məhdudlaşmışdır. Bəşəriyyətin inkişaf tarixi göstərir ki, zaman keçdikcə ölkələrin daxilində olduğu kimi onların arasında da müəyyən əmək bölgüsü və ixtisaslaşma ortaya çıxmışdır. Ölkələr arasında qarşılıqlı iqtisadi münasibətlər də məhz bu beynəlxalq əmək bölgüsü beynəlxalq ixtisaslaşma əsasında inkişaf etmişdir. Bu baxımdan dünya ölkələri və xalqları hər zaman bu və ya digər səviyyədə bir-birindən asılı şəkildə yaşamış və birlikdə dünya cəmiyyətinin inkişafını təmin etmişdir.

Yaşadığımız müasir zaman, yuxarıda qeyd edilən münasibətlərin əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə genişliyi, dərinliyi və mürəkkəbliyi ilə seçilir. Fikrimizi misallarla izah etməyə çalışaq. Bu gün biz, ABŞ-da müxtəlif millətlərə mənsub iqtisadçıların ingilis dilində yazdığı, Sinqapurdakı nəşriyyatların birində nəşr edilən, Türkiyədəki iqtisadçılar tərəfindən türk dilinə tərcümə edilərək oradakı bir nəşriyyatda çap edilən “Beynəlxalq iqtisad” kitabını Azərbaycandakı kitab mağazaları şəbəkələrinin birindən satın alırıq. Müxtəlif hissələri Almaniya, Fransa, İspaniya və Polşada hazırlanan, İtaliyada son məhsul kimi istehsal edilən mebel sənayesi dəzgahlarından birini Birləşmiş Ərəb Əmirliklərinin ticarət şirkətlərinin birindən Çində yaradılan elektron ticarət şirkəti vasitəsilə satın alır və onun pulunu İsveçrədəki bank hesabımızdan ödəyirik. Azərbaycandakı şirkətlərdən birinin səhmlərini Bakı Fond Birjasında Rusiya vətəndaşlarından birinə satıb, əldə etdiyimiz pulla Yaponiya şirkətlərindən birinin səhmlərini və ya ABŞ hökumətinin buraxdığı istiqrazları Nyu-York Fond Birjasından Hindistan vətəndaşlarının birindən almaq yalnız bir neçə dəqiqə vaxtımızı alır. Bu gün Azərbaycan vətəndaşı olaraq ən ucqar rayonlardan biri olan Lerikdə doğulub, Bakıdakı orta məktəblərdən birini bitirib, Londondakı universitetlərin birində maliyyə təhsili alıb, Niderlandın audit şirkətlərindən birinin Sidneydəki ofisində işləmək mümkündür. Los-Ancels şəhərinin Hollivud rayonunda ingilis dilində istehsal edilmiş bir filmin Moskvada rus dilində hazırlanmış dublyajını Qazaxıstanın peykdən yayınlanan TV kanallarının birindən Bişkekdə izləmək heç də çətin deyildir. Bütün bunlarla yanaşı, bu gün biz, dünyanın istənilən nöqtəsi ilə mobil telefon, elektron poçt, telekörpü kimi vasitələrdən istifadə edərək sürətlə əlaqə saxlaya bilir, sosial şəbəkələr vasitəsi ilə müxtəlif ölkələrin vətəndaşları ilə dostluqlar qurur, istənilən yerə qısa müddətdə səyahət edir, dünyanın istənilən nöqtəsində baş verən hadisə və proseslər haqqında qlobal TV kanalları və INTERNET vasitəsilə çox sürətlə, hətta birbaşa xəbər alırıq. Bu misalları istənilən qədər uzatmaq olar, ancaq bütün bunlardan çıxarılacaq bir əsas nəticə var: dünya sürətlə qloballaşır və biz artıq qlobal dünyada yaşayırıq.

Ölkələr və onların vətəndaşları arasında daha böyük qarşılıqlı asılılıq prosesi olan qloballaşma, iqtisadi, siyasi, sosial və mədəni aspektlərə malikdir. Heç şübhəsiz ki, bunlar arasında aparıcı olan iqtisadi qloballaşmadır. Belə ki, bu gün dünya iqtisadiyyatında: istehlakçı zövqləri eyniləşir; ölkələr xaricdən çoxlu sayda mal və xidmət idxal edir; firmalar əvvəllər lokal və regional səviyyədə rəqabət aparırdılarsa, indi qlobal səviyyədə rəqabət aparırlar; mal və xidmətlər ölkələr arasında sərbəst hərəkət edir; milyonlarla işçi başqa ölkələrə miqrasiya edir; iş yerləri inkişaf etmiş ökələrdən inkişaf etməkdə olan ölkələrə doğru hərəkət edir; bir məhsulun istehsalı üzrə çoxlu sayda ölkələrin firmaları əməkdaşlıq edir və məhsulların istehsal üsulları sürətlə dünyaya yayılır; transmilli korporasiyalar dünyanın müxtəlif regionlarını əhatə edən vahid istehsal və istehlak şəbəkələri yaradır; dünyanın istənilən şirkətinə investisiya qoymaq və istənilən şirkətindən maliyyə alətləri satın almaq olur; pensiya fondları sürətlə xarici ölkələrdə investisiyalar edir; valyutaların kursları sürətlə dəyişməklə yanaşı, onlar sürətlə də mübadilə edilirlər; maliyyə və iqtisadi böhranlar kompüter düymələrilə müxtəlif kanallar vasitəsilə sürətlə dünyaya yayılır; beynəlxalq iqtisadi təşkilatlar qlobal iqtisadi nizamı formalaşdırır və inkişafını təmin edir. Bir sözlə, dünya iqtisadiyyatında istehsal, istehlak, ticarət və maliyyə sürətlə qloballaşaraq qlobal iqtisadiyyatı formalaşdırmış və hazırda dünya əhalisi qlobal iqtisadiyyatda yaşayır.

Qlobal iqtisadiyyatın mahiyyətini bir qədər də açmağa çalışsaq, əvvəlki dövrlərdə önəmli ölçüdə bir-birindən müstəqil şəkildə fəaliyyət göstərən ölkə iqtisadiyyatlarının məcmusundan ibarət olan dünya iqtisadiyyatının, qloballaşma nəticəsində yerini kifayət qədər bütöv xarakter daşıyan yeni qlobal iqtisadi struktura verdiyini qeyd edə bilərik. Başqa sözlə, dünya iqtisadiyyatı müxtəlif ölkələrə görə bir-birindən fərqlənən istehsal, istehlak, ticarət və maliyyə modellərindən təşkil edilən iqtisadi vahidlərin məcmusu olduğu halda, qlobal iqtisadiyyat, bütün yer kürəsini əhatə edən yekcins istehsal, istehlak, ticarət və maliyyə modelləri və bunlarla bağlı vahid tənzimləmə mexanizmlərindən ibarət olan bütöv iqtisadi strukturu ifadə edir. Dünya iqtisadiyyatından qlobal iqtisadiyyata keçid edən iqtisadi vahidlər, əvvəlcə öz aralarında parçalanmaya səbəb olan maneələri bir-bir aradan qaldırır ki, bunlara da ölkə sərhədlərindən irəli gələn siyasi baryerlər, gömrük sərhədlərindən irəli gələn iqtisadi baryerlər, dəyərlər sistemindəki fərqliliklərdən irəli gələn mədəni baryerlər, nəqliyyat və rabitənin qarşısındakı fiziki baryerlər və müxtəlif tənzimləmə mexanizmlərindən irəli gələn hüquqi baryerlər aiddir.

Tarixi yaddaşımızı işə salsaq, qloballaşmanın dünyada yeni bir proses olmadığını görə bilərik. Müxtəlif dövrlərdə dünyanın önəmli hissəsinin vahid iqtisadi sistemə çevrilmə prosesləri baş vermişdir. Belə ki, tarixdə dünyanın böyük bir hissəsini əhatə edən Roma İmperiyası, Çin İmperiyası, Monqol İmperiyası kimi imperiyalar eyni zamanda da işğal etdikləri əraziləri özlərinin vahid iqtisadi sisteminə qatır, müxtəlif xalqlar arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafını təmin edirdilər. Tarixi İpək Yolu keçdiyi bütün ərazilərdəki ölkələr və xalqlar arasında qarşlıqlı əlaqələri mühüm dərəcədə dərinləşdirmiş və onlar arasında vahid iqtisadi münasibətlər sisteminin formalaşmasına səbəb olmuşdur. XV əsrdən başlayaraq “yeni dünya”nın kəşfi və Avropada ticarət kapitalizminin vüsət alması ilə Amerika, Avropa, Asiya və Afrika bazarları arasında qarşılıqlı əlaqələr və inteqrasiya prosesləri görünməmiş dərəcədə artmışdır. Lakin buna baxmayaraq, indiyə qədər dünyanın üç sürətli qloballaşma dalğası yaşadığından danışmaq mümkündür. Bunlar 1870-1914-cü illəri əhatə edən birinci dalğa, 1945-1980-cı illəri əhatə edən ikinci dalğa, 1980-cı ildən başlayaraq müasir dövrdə də davam edən üçüncü dalğadır.

Birinci qloballaşma dalğası (1870-1914) Avropada “sənaye inqilabı” ilə, Şimali Amerika (ABŞ, Kanada), Cənubi Amerika (Argentina, Çili, Uruqvay), Avstraliya, Yeni Zellandiya və Cənubi Afrikada isə zəngin, ancaq az əhalinin yaşadığı yeni ərazilərin dünyaya inteqrasiyası ilə nəticələnmişdir. Bu torpaqlar, əsasən İngiltərədən olmaqla, milyonlarla immiqrant, çox böyük həcmdə xarici investisiyalar cəlb etmiş və dünya üçün ərzaq və xammal istehsalı baxımından yeni imkanlar yaratmışdır. O dövrdə Avropadan sənaye məhsulları idxal edən həmin ərazilər, bunun əvəzində Avropaya çox böyük miqdarda ərzaq və xammal ixrac edərək yüksək sürətli iqtisadi artıma nail olmuşdur. Qloballaşma prosesinin bu dalğasına məhz həmin dövrdə tarif baryerlərindəki azalmalar, yeni texnologiyaların yelkənli gəmiləri buxar gəmiləri ilə əvəzləməsi və dəmiryolunu ortaya çıxarması ilə nəqliyyat xərclərindəki ucuzlaşmalar yol açmışdır. Qloballaşma prosesi əsasən Avropa və Amerikalılar tərəfindən aparılmış və prosesdə aktiv iştirak edən ABŞ kimi ölkələr dünyanın ən zəngin ölkələrinə çevrilmişdir. 1914-cü ildə I Dünya müharibəsinin başlanmasıyla sona çatan birinci dalğa, o dövrdə sənayeləşmiş ölkələrin xarici ticarət həcmini onların ÜDM-lərinin təxminən 12%-ə qədər yüksəltmişdir ki, sonralar bu səviyyəyə yalnız 1970-ci illərdə çatmaq mümkün olmuşdur.

İkinci qloballaşma dalğası (1945-1980) II Dünya müharibəsinin bitməsilə başlamış və təxminən 1980-ci ilə qədər davam etmişdir. Bu dövr, iki dünya müharibəsi arasındakı müddətdə dünyada ortaya çıxan siyasi və iqtisadi böhranların, xüsusilə də 1929-cu ildə ABŞ-da başlayan Böyük Böhranın nəticəsində xarici ticarətə tətbiq edilən ağır məhdudiyyətlərin sonralar aradan qaldırılması və bununla da beynəlxalq ticarətin sürətlə artması ilə xarakterizə edilir. Bu dövrdə nəqliyyat xərcləri daha da aşağı düşmüş və ölkələr əvvəllər tətbiq edilən xarici ticarət baryerlərinin azaldılması istiqamətində əməkdaşlıq etmişdir. İkinci qloballaşma dalğasının ortaya çıxmasında II Dünya müharibəsinin doğurduğu millətçilik qorxusu səbəbindən dünyada yüksəlməkdə olan beynəlmiləlçiliyin rolu da böyük olmuşdur. Bu qloballaşma dalğasında beynəlxalq ticarətin liberallaşdırılması ilə yanaşı, 1946-cı ildən başlayaraq dünyadakı müstəmləkə sistemi ləğv edildi, 1950-ci illərdə regional iqtisadi inteqrasiya birliyi kimi Avropa İqtisadi Birliyi yaradıldı, 1960-cı illərdə transmilli korporasiyalar ortaya çıxaraq dünya iqtisadiyyatında hakim mövqeyə yüksəlməyə başladılar, 1970-ci illərdə isə kapital bazarlarının liberallaşdırılmasına start verildi. Nəhayət, yarandıqları dövrdən (1944-1947-ci illər) indiyə qədər qlobal iqtisadi nizamın əsas memarları olmaqda davam edən Beynəlxalq Valyuta Fondu, Dünya BankıTicarət və Tariflər üzrə Baş Saziş və ya indiki Dünya Ticarət Təşkilatının da təməlləri məhz bu dövrdə atılmışdır.

1980-ci ildən başlayaraq müasir dövrümüzdə də davam edən üçüncü qloballaşma dalğası, özünün sürəti, dərinliyi, telekommunikasiya və nəqliyyat sektorlarındakı inqilabi yenilikləri, milli sərhədlər arasındakı əksər baryerlərin aradan qaldırılması yolu ilə kütləvi beynəlxalq kapital axınlarına səbəb olması və dünyanın əksər ölkələrini əhatə etməklə qaçılmaz xarakter daşıması ilə seçilir. Qloballaşmanın sonuncu dalğasının məhz bu xüsusiyyətləri onu bir növ qloballaşma inqilabı kimi də qiymətləndirməyə imkan verir. Həqiqətən də müasir qloballaşma sürəti, miqyası və əhəmiyyətinə görə yalnız sənaye inqilabı ilə müqayisə oluna bilər. Hətta sənaye inqilabı belə təxminən bir əsirlik müddətdə dünyaya yayıldığı halda, müasir qloballaşma inqilabı cəmi 20-30 il ərizndə bütün dünyanı bürümüşdür. Lakin onu da qeyd etmək lazımdır ki, II dünya mühasribəsindən sonrakı dövrün ən dərin iqtisadi böhranı olan 2008-2009-cu il qlobal maliyyə və iqtisadi böhranı qloballaşma prosesinin sürətini son ilər müvəqqəti olaraq yavaşlatmışdır.

Bütün inqilablar kimi qloballaşma da ölkələr və millətlər üçün çoxlu imkanlar yaratmaqla yanaşı, çoxlu da təhdidlər doğurur. Ancaq bu imkanlar və təhdidlərin əhatə dairəsi və formaları ilə bağlı insanlar arasında, hətta mütəxəssislər arasında belə bir sıra uzlaşmazlıqlar mövcuddur. Bu baxımdan haqqında ən çox uzlaşmazlığın olduğu suallardan bəziləri bunlardır: Ölkə xaricindən daha ucuz və ya daha keyfiyyətli  mal və xidmət satın almaq naminə ölkədaxili iş yerlərini qurban vermək olarmı? Nə üçün bəzi ölkələrdə əhali zəngin və şişman olduğu halda, bəzilərində çox yoxsul və acdır? Ölkələr arasında iş qüvvəsi axınları bir tərəfdən əməyin daha səmərəli istifadəsinə imkan verir, ancaq digər tərəfdən iş qüvvəsi idxal edən ölkənin aşağı ixtisaslı işçiləri üçün iş yerlərinin itirilməsi və aşağı əmək haqqı, bir çox hallarda da iş qüvvəsi ixrac edən ölkələr üçün “beyin axını” kimi zərərli nəticələr doğurmurmu? Maliyyənin qloballaşması və kapitalın hərəkətinin sərbəstləşdirilməsi bir tərəfdən dünya üzrə kapitaldan daha səmərəli istifadə, fərdlər və firmalar üçün yüksək mənfəət və risqin diversifikasiyası imkanları yaradır, ancaq digər tərəfdən dövri olaraq qlobal maliyyə böhranları doğurmaqla (məs. 1997-ci il Asiya, 2008-2009-cu il ABŞ) xüsusilə də inkişaf etməkdə olan ölkələrə ciddi mənfi təsirlər göstərmirmi? Neft və digər mineral resurslar, su resursları həqiqətənmi artıq tükənmişdir? Dünya iqlim fəlakətinə doğrumu gedir?

Qloballaşmanın yaratdığı təhdidlər, onu dünyadakı bir sıra humanitar və ekoloji problemlərin səbəbkarı kimi görən anti-qloballaşma hərəkatının 1990-cı illərdən başlayaraq, güclənməsinə səbəb olmuşdur. Bu hərəkat qloballaşmanı, humanitar və ekoloji mənafelərin şirkət (əsasən də transmilli korporasiyalar) mənafelərinə qurban verilməsi, dünyada yoxsulluğun dərinləşməsi, kasıb ölkələrdə uşaq əməyindən istifadənin geniş yayılması, zəngin ölkələrdə iş yerlərinin itirilməsi və əmək haqqlarının aşağı salınması, ətraf mühitin çirkləndirilməsi və iqlim dəyişiklikləri kimi problemlərdə günahlandırır.

Qloballaşma əleyhdarlarının əsas arqumentlərindən biri də bu prosesin heç də təbii proses olmadığı, əsasən Qərb ölkələri tərəfindən idarə olunan, onların mənafelərinə cavab verən bir qlobal sistemin formalaşdırılması məqsədi daşıdığı, başqa sözlə qloballaşma deyil, bir növ qloballaşdırma prosesi olduğudur. Hətta bəzi iqtisadçılar bu prosesi fizikada olduğu kimi sıx (ağır) kütlənin yüngül kütləyə doğru hərəkət etməsi və ya onu təzyiqi altında saxlaması qaydasına oxşadırlar. Necə ki, ortadan ikiyə bölünmüş hovuzda dolu olan hissədən boş olan hissəyə doğru bir təzyiq yaranırsa və aradakı maneə qaldırıldıqda dolu hissədən boş hissəyə doğru böyük bir axın baş verirsə, bu gün dünyada baş verən qloballaşma prosesi də bundan fərqli deyildir. Belə ki, istehsal həcmi, kapital yığımı, texnoloji üstünlük, mədəni dərinlik və hərbi güc baxımından zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən qat-qat öndə olan inkişaf etmiş ölkələr qloballaşma nəticəsində bu ölkələrə doğru böyük bir təzyiq yaradırlar. Elə buna görə də bir çoxları qloballaşmanı Amerikanlaşdırma və Qərbliləşdirmə prosesi kimi də qələmə verir.

Qloballaşma əleyhdarlarının çox istifadə etdiyi digər bir arqument də ondan ibarətdir ki, bu proses nəticəsində ölkələr arasında qarşılıqlı iqtisadi asılılıq dərinləşir, bu isə bir ölkədə baş verən hər hansı iqtisadi problemin sürətlə dünyaya yayılmasına səbəb olur. Şübhəsiz ki, qloballaşma prosesi davam etdikcə, ölkələr arasında iqtisadi inteqrasiya da güclənir və bu da qarşılıqlı iqtisadi asılılığı artırır. Başqa sözlə desək, ölkələr arasında qarşılıqlı iqtisadi asılılığın səviyyəsi elə bir növ iqtisadi qloballaşmanın da səviyyəsini ifadə edir.

Bəs iqtisadi qloballaşmanın səviyyəsini müəyyən edərkən konkret olaraq, hansı göstəricilərdən istifadə edilir? İqtisadçılar istər ayrı-ayrı iqtisadiyyatların qloballaşma səviyyəsini, istərsə də bütövlükdə dünya iqtisadiyyatının qloballaşma səviyyəsini müəyyən etmək üçün adətən 3 kriteriyadan istifadə edirlər: ticarət axınları, kapital axınları, iş qüvvəsi axınları.

Ticarət axınları üçün ən çox istifadə edilən göstərici xarici ticarət dövriyyəsinin ümumi istehsal həcmindəki payıdır. Bu göstərici ölkə iqtisadiyyatı səviyyəsində hesablandıqda, iqtisadiyyatın açıqlıq indeksini ifadə edir və aşağıdakı kimi hesablanır:

Açıqlıq indeksi = (İxrac +İdxal) ÷ ÜDM

Xarici ticarət dövriyyəsinin ümumi istehsal həcmindəki payı qlobal səviyyədə hesablandıqda isə qlobal ixracın Ümumi Dünya Məhsulundakı payı göstəricisindən istifadə edilir.

Kapital axınları üçün geniş edilən göstəricilər xarici investisiyaların, çox vaxt da birbaşa xarici investisiyaların Ümumi Daxili Məhsulda və Ümumi Dünya Məhsulundakı payı göstəriciləridir.

İş qüvvəsi axınları üçün isə emiqrantimmiqrantların cəminin əhalinin orta illik sayındakı payı göstəricilərindən istifadə edilir. Bu ölkə səviyyəsində hesablandıqda, emiqrantların və immiqrantların cəminin ölkənin orta illik əhali sayındakı payı göstəricisindən, qlobal səviyyədə hesablandıqda isə immiqrantların qlobal sayının əhalinin orta illik qlobal sayındakı payı göstəricisindən istifadə edilir.

Hazırda dünyada bir sıra qurumlar tərəfindən qloballaşma, xüsusilə də iqtisadi qloballaşma səviyyəsi ölçülür və bunlar arasında ən geniş yayılmışı KOF İsveçrə İqtisadiyyat İnstitutu tərəfindən nəşr edilən KOF Qloballaşma İndeksidir. İndeks iqtisadi, sosial və siyasi qloballaşma alt indekslərindən ibarətdir. Şəkil 1-dən göründüyü kimi son 30-40 il ərzində dünya üzrə qloballaşma indeksi davamlı şəkildə yüksəlir və bu meyl iqtisadi, sosial və siyasi qloballaşma alt-indeksləri üçün də xarakterikdir. Təqdim edilən şəkildə diqqəti çəkən digər bir məqam isə iqtisadi qloballaşma alt indeksinin göstərilən dövr ərizində həm qloballaşma indeksindən, həm də onun digər alt-indekslərindən daim yüksək olmasıdır. Bu bir daha göstərir ki, qloballaşma prosesində iqtisadi qloballaşma aparıcı mövqeyə malikdir.

Şəkil 1. Dünya üzrə qloballaşma indeksi 1

Mənbə: KOF Index of Globalization 2017, KOF Swiss Economic Institute.

Şəkil 2-də qloballaşma indeksi üzrə dünya xəritəsi də təqdim edilmişdir. Xəritədən görünür ki, ən çox qloballaşmış ölkələr əsasən inkişaf etmiş ölkələrdən təşkil olunan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr olduğu halda, ən az qloballaşmış ölkələr əsasən Afrika, Latın Amerikası, Cənubi və Cənubi-Şərqi Asiyada yerləşən inkişaf etməkdə olan ölkələrdir.

Şəkil 2. Dünya üzrə qloballaşma xəritəsi

2

Mənbə: KOF Index of Globalization 2017, KOF Swiss Economic Institute.

Beləliklə, bu gün qloballaşma haqqında müxtəlif uzlaşmazlıqlar olsa da, onun zəruriliyi və qaçılmazlığı da bir həqiqətdir. Zəruridir, ona görə ki, dünyada kapital və iş qüvvəsindən istifadədə, başqa sözlə, mal və xidmətlərin istehsalında səmərəliliyi artırır, qaçılmazdır, ona görə ki, qlobal proses olduğundan heç bir ölkə ondan kənarda qala bilmir. Ancaq o da həqiqətdir ki, bu gün qloballaşmanın dayanıqlı, humanist və ədalətli prosesə çevirilməsi naminə qlobal əməkdaşlığa daha çox ehtiyac vardır.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

ABŞ iqtisadiyyatında lobbiçilik

Yaxud necə olur ki, milyarder Buffet katibəsindən daha az vergi ödəyir?

Dərs dediyim universitetdə hər semestr tələbələrimə verdiyim tövsiyələrdən biri də müasir iqtisadiyyatın, xüsusilə də qlobal iqtisadiyyatın işləmə mexanizmini daha dolğun dərk etmələri üçün ABŞ iqtisadiyyatını çox yaxşı öyrənmələridir. Hər dəfə də bu fikrimi ABŞ-ın dünyanın ən böyük iqtisadiyyatı olması, dünya iqtisadiyyatının başlıca innovasiya mənbəyi rolunda çıxış etməsi, mövcud beynəlxalq iqtisadi nizamın əsas qurucusu olması kimi amilləri sadalayaraq əsaslandırmağa çalışıram.

Tələbələrimizə bu tövsiyəni versək də, onu da etiraf etməliyik ki, Azərbaycan iqtisadçılarının da ən az tədqiq etdikləri mövzulardan biri ABŞ iqtisadiyyatıdır. Bu gün  ABŞ iqtisadiyyatı ilə bağlı Azərbaycan dilində yazılmış elmi və ya kütləvi əsərlərə rast gəlmək çətin olmaqla yanaşı, tərcümə əsərlər də demək olar ki, yox dərəcəsindədir.

Bilindiyi kimi ABŞ iqtisadiyyatı, kapitalizm, demokratiya və hüquq olmaqla üç başlıca institutun, başqa sözlə, “sacayaqlar”ın üzərində dayanır. Bu ölkədə hər üç institut bir-birini şərtləndirir və biri digərinin hesabına inkişaf edir. Bu gün ABŞ iqtisadiyyatını, onun işləmə mexanizmini daha yaxşı anlamaq, bu iqtisadiyyatın özünəməxsus bir sıra cəhətlərini, o cümlədən də lobbiçilik fəaliyyətləri və onların iqtisadiyyatdakı rolunu daha dərindən öyrənməkdən keçir. Lobbiçilik fəaliyyətləri, nəinki ABŞ iqtisadiyyatının və ya kapitalizminin, eyni zamanda ABŞ demokratiyasının və hüquq sisteminin də xarakterini anlamağa imkan verən başlıca cəhətlərdən biridir.

Lobbiçilik (ing. lobbying), ödəniş əsasında müəyyən maraq qruplarını təmsil edən fərdlərin və ya şirkətlərin həmin qrupların maraqlarına uyğun olaraq, dövlət məmurlarının və ya dövlət qurumlarının verdiyi qərarlara təsir göstərmə cəhdidir. Lobbiçiliyi həyata keçirənlərə də lobbiçi (ing. lobbyist) deyirlər. “Lobbiçilik” sözünün mənşəyi, parlamentlərin dəhlizləri ilə bağlıdır. Belə ki, lobbiçilər fəaliyyətlərini müştərilərinin maraqları naminə əsasən parlament üzvlərinə parlamentlərin dəhlizlərində təsir göstərmək yolu ilə həyata keçirdiklərindən zaman keçdikcə bu fəaliyyətlər də ingiliscə “dəhliz” (ing. lobby) sözünə uyğun olaraq lobbiçilik adlandırılmışdır.

ABŞ-da lobbiçilik fəaliyyəti qanuni fəaliyyətdir və yerli hökumətlərdən fedreal hökumətə qədər dövlət idarəetməsinin bütün mərhələlərində mövcuddur. Bu ölkədə 1971-ci ildə qeydiyyata düşmüş lobbiçilik şirkətlərinin sayı 175 olduğu halda, hazırda bu say 14000-ə yaxınlaşmışdır. Həmin şirkətlər ABŞ Konqresi üzvlərinə təsir göstərmək üçün hər il təxminən 3,5 milyard dollar məbləğində pul xərcləyirlər. Lobbiçilər Konqres üzvlərinin onların müştərilərinin maraqları yönündə səs vermələrinə nail olmaq üçün günboyu Konqres dəhlizlərində aktiv çalışırlar. Lobbiçilərin əksəriyyəti hüquqşünaslardan, keçmiş Konqres üzvlərindən, senatorlardan və dövlət məmurlarından ibarət olur.

Bu gün ABŞ-da demək olar ki, bütün iqtisadi sektorların lobbiçiliyini edən lobbiçilik şirkətləri və ya şəxslər mövcuddur. Ən güclü lobbiçilər, böyük iqtisadi sektorların, xüsusilə də neft, kənd təsərrüfatı, əczaçılıq və müdafiə sektorlarının lobbiçiləri sayılır. Neft sektoru lobbiçiləri daha çox dövlətdən subsidiyalar və digər imtiyazlar əldə etməyə çalışır. Kənd təsərrüfatı sektoru lobbiçiləri daha çox böyük fermərlərə xidmət edir. Əczaçılıq sektoru lobbiçiləri çox vaxt dərman qiymətlərinin yüksək səviyyədə saxlanılması üçün lobbiçilik edirlər. Müdafiə sektoru lobbiçiləri isə dövlətin daha çox silah və digər hərbi məhsullar satın almasına çalışırlar.

ABŞ-da sağlamlığın təmin edilməsi, ekologiyanın qorunması, təhsilin inkişafı, cinsi və irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi istiqamətlərdə çalışan lobbiçilər də mövcuddur, ancaq bu lobbiçilər digərləri ilə müqayisədə elə də böyük gücə malik deyildir. Çünkü iqtisadi gücü əlində tutan zəngin təbəqə daha çox birbaşa öz maraqlarının reallaşmasına xidmət edən lobbiçilik fəaliyyətlərini maliyyələşdirməyə üstünlük verirlər.

Əslində qanunvericilik lobbiçilərin məmurları və ya Konqres üzvlərini ələ almasına icazə vermir. Lobbiçilərin işi sadəcə qərar qəbul edəcək bu şəxsləri məlumatlandırmaq və inandırmaqdır. Onlar təmsil etdikləri müştərilərinin maraqlarını qorumaq məqsədilə qərar qəbul edəcək məmurlara və ya Konqres üzvlərinə sadəcə müvafiq problemlə bağlı məlumat verməli, bununla da onların düzgün qərar qəbul etmələrinə kömək etməlidirlər.

ABŞ-da lobbiçilik, qanunverciliklə icazə verilən normal fəaliyyət kimi qəbul olunsa da, təcrübədə bir sıra fəsadlarının olduğu da açıqdır. Bu fəsadlar ilk növbədə ABŞ-da siyasətin maliyyələşdirilməsi mexanizmlərindən irəli gəlir. Belə ki, ABŞ-da seçki kampaniyaları çox böyük məbləğdə pullar tələb edir və bu pulları namizədin və ya onun partiyasının verməsi əksər hallarda mümkünsüdür. Ona görə də maliyyələşmə əsasən ianələr yolu ilə təmin edilir. Bu ölkədə lobbiçilik şirkətləri ayrı-ayrı siyasətçilərin seçki kompaniyalarını maliyyələşdirmək üçün ianələr verə bilirlər və bu qanunvericiliklə qadağan edilmir. Siyasətçilər onların seçki kampaniyasına hansı lobbiçilərin nə qədər ianə verdiyini və bu lobbiçilərin hansı iqtisadi sektorların və böyük şirkətlərin maraqlarını təmsil etdiklərini də yaxşı bilirlər. Belə olduğu təqdirdə, həmin siyasəçilərin fəaliyyətlərində bu lobbiçilərin və onların təmsil etdiyi iqtisadi qrupların maraqlarını nəzərə almamaları demək olar ki, mümkün deyildir.

Digər tərəfdən, lobbiçilik kifayət qədər gəlirli iş olduğundan əksər siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində çalışmağa böyük həvəs göstərirlər. Məsələn, ABŞ-da hər hansı bir keçmiş konqresmen hər hansı bir lobbiçilik şirkətində çalışaraq lobbiçilik edərsə, konqresmen olduğu dövrdə əldə etdiyi gəlirdən qat-qat daha çox gəlir əldə etmək imkanı var. Belə olduğu təqdirdə də, siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində iş tapmaqda çətinlik çəkməmək üçün əsasən bu şirkətlərin maraqlarını nəzərə almağa çalışırlar.

Göründüyü kimi, ABŞ-da dövlətin aldığı iqtisadi qərarlara zəngin təbəqə böyük təsir imkanına malikdir və təcrübə göstərir ki, alınan qərarlar da əsasən bu təbəqənin maraqlarına xidmət edir. Məsələn, Filip Kotler “Kapitalizmlə üzləşmək” adlı kitabında (2015) qeyd edir ki, zənginlərdən alınan vergilərin artırılması qərarının ABŞ Konqresindən keçməsi demək olar ki, mümkün deyildir. Çünkü Konqres üzvləri seçki kampaniyalarını əsasən zənginlərin verdiyi ianələr hesabına maliyyələşdirirlər, zənginlər isə mümkün qədər az vergi verməyi sevirlər.

Nəticədə nə baş verir? O baş verir ki, məsələn, ABŞ-da Warren Buffet kimi zənginlərin kapital gəlirlərinə tətbiq edilən verginin dərəcəsi, onun katibəsinin əmək haqqına tətbiq edilən verginin dərəcəsindən aşağı ola bilir. Hətta Buffet, bir dəfə bundan xəcalət çəkdiyini ifadə etsə belə…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

Filip Kotler belə mərhəmətli kapitalizm axtarışındadırsa…

Kapitalizmin, ortaya çıxdığı gündən bu tərəfə bütün alternativlərinə qalib gələrək, dünyanın əsas iqtisadi sisteminə çevrildiyi şübhəsizdir. Eyni zamanda bu iqtisadi sistemi fasiləsiz şəkildə tətbiq edən ölkələrin adambaşına düşən gəlirlərinin 100-200 ABŞ dolları səviyyəsindən bu günkü 30-100 min ABŞ dolları səviyyəsinə çatdığı və digər ölkələrlə müqayisə edilməyəcək dərəcədə yüksək rifaha nail olduqları da inkarolunmaz həqiqətdir. Amma buna baxmayaraq, kapitalizm hər zaman tənqidlərə məruz qalmışdır. Tənqidçilərin bəziləri kapitalizmə tamamilə alternativ iqtisadi sistem axtarışlarında olmuş, bəziləri isə bu sistemi təkmilləşdirmə istiqamətində düşünmüşdür. Təcrübə göstərir ki, bu günə qədər kapitalizmin bütün rəqiblərini üstələyərək, əsas iqtisadi sistem kimi çıxış etməsi, məhz onu təkmilləşdirmə istiqamətində ortaya qoyulan ideya və baxışlara borcludur.

Kapitalizmə yönəlmiş tənqidlərin hər dəfə maliyyə və iqtisadi böhranlardan sonra daha da intensiv xarakter aldığını görmək çətin deyildir. 2009-cu il qlobal iqtisadi böhranından sonra da bu istiqamətdə çoxlu sayda tədqiqatlar aparıldı, böhrandan çıxış yollarına və bütövlükdə kapitalist sistemin mövcud yetərsizliklərinə həsr edilmiş çoxlu sayda əsərlər ortaya qoyuldu. Bu əsərlər arasında birisi var ki, əslində dünyada çox böyük  rezonans doğurmalı olduğu halda, layiq olduğu diqqətdən kənarda qaldı. Fikrimcə, bunda əsərin yazarının, kapitalizmin qlobal güclərinin hər zaman arxalandığı çox nüfuzlu müəlliflərdən biri olmasının da payı az deyil. Həqiqətən də kapitalizm bu dəfə çox ciddi ideoloqlarından biri tərəfindən və çox ciddi şəkildə tənqid edilirdi. Bizim ölkəmizdə isə demək olar ki, bu kitabdan bəhs edən olmadı. Kapitalizmin hər hansı formada tənqidi ürəklərinə “yağ” kimi yayılan iqtisadçılar arasında belə bu əsər demək olar ki, müzakirə mövzusuna çevrilmədi.

Kapitalizmlə üzləşmək: problemli bir iqtisadi sistem üçün real həllər” (Confronting Capitalism: Real Solutions for a Troubled Economic System) adlı qeyd edilən kitab, “müasir marketinqin atası” kimi tanınan məşhur iqtisadçı Filip Kotler tərəfindən 2015-ci ildə qələmə alınmışdı. Kitab, kapitalizmlə bağlı mövcud tənqidi baxışların sistemli təqdimatı olmaqla yanaşı, həmçinin də Filip Kotlerin bu iqtisadi sistem haqqındakı konkret tənqidi fikirlərini və onun təkmilləşdirilməsi üçün irəli sürdüyü tövsiyələri özündə birləşdirən təsirli bir əsərdir. Təsadüfi deyil ki, “Financial Times” qəzeti Filip Kotlerin bu əsəri haqqında belə yazır: “Kapitalizmin tənqidi ilə bağlı bir problemimiz yoxdur. Ancaq tənqidçi Filip Kotlerdirsə, kapitalizm papağını qarşısına qoyub düşünməyə məcburdur!

Kotler, elə kitabının giriş hissəsində hər hansı bir ölkədə vətəndaşların “vəhşi kapitalizm”, “mərhəmətli kapitalizm” və “qatı sosializm” olmaqla üç müxtəlif iqtisadi sistemdən birini seçə biləcəklərini, özünün isə orta mövqedə dayanan “mərhəmətli kapitalizm”ə üstünlük verdiyini bəyan edir. O, belə bir kapitalizmə mövcud kapitalist sistemin qüsurlarını aradan qaldırmaqla nail oluna biləcəyini ifadə edir və bu sistemin düzəldilməli olan aşağıdakı 14 qüsurunu göstərir:

  1. Baş alıb gedən edən yoxsulluğu həll edə bilmir.
  2. Gəlir və rifahın bölgüsündə ədalətsizliyi gücləndirir.
  3. Milyardlarla işçiyə keçimlərinə yetəcək qədər əmək haqqı ödəmir.
  4. Getdikcə artan avtomatlaşdırma prosesləri qarşısında insanlar üçün kifayət qədər məşğulluq imkanları yaratmır.
  5. Şirkətlərə, fəaliyyətlərinin yol açdığı sosial problemlərin əvəzini ödətmir.
  6. Qanunvericilikdəki boşluqlardan istifadə edərək ətraf mühitə və təbii resurslara ziyan vurur.
  7. İqtisadi dalğalanmalara və qeyri-sabitliyə yol açır.
  8. Fərdiyyətçiliyi və şəxsi maraqları cəmiyyətin maraqlarından üstün tutur.
  9. İstehlakçıların borclanmasını təşviq edərək istehsal yönümlü iqtisadiyyat əvəzinə maliyyə yönümlü iqtisadiyyatı dəstəkləyir.
  10. Siyasətçilərin və şirkətlərin maraqlarını birləşdirərək xalqın böyük əksəriyyətinin maraqlarını arxa plana atmalarına imkan verir.
  11. Uzunmüddətli investisiya planlaşdırması əvəzinə qısamüddətli mənfəət planlaşdırmasını dəstəkləyir.
  12. Məhsulun keyfiyyəti, təhlükəsizlik, dürüst reklam, rəqabətin qarşısını alan davranışlarla bağlı tənzimləmələrə ehtiyacı var.
  13. Yalnız ÜDM-nin artımına əhəmiyyət verir.
  14. İctimai dəyərlərin və xoşbəxtliyin də bazar tarazlığında nəzərə alınmasına ehtiyac var.

Kotlerin qeyd olunan qüsurlarla bağlı təhlilləri, həm dünya, həm də ABŞ üzrə mövcud mənzərəni aydın şəkildə təqdim etməsi və oxucuları müvafiq nəticələr çıxarmağa sövq etməsi baxımından qiymətlidir. Kitabdakı faktlara və faktlar əsasında aparılan təhlillərə nəzər yetirdikdə, ABŞ cəmiyyətinin və iqtisadiyyatının bir sıra parametrlər üzrə dünyadakı mövcud yüksək imicinə heç də adekvat olmadığını da açıq şəkildə görmək mümkündür.

Hesab edirəm ki, iqtisadi islahatların gün keçdikcə daha da dərinləşdiyi ölkəmizdə, cəmiyyətimizin bu tipli müzakirələrdən kənarda qalması yolverilməzdir. Belə kitablar sürətlə ana dilimizə tərcümə edilməli, müvafiq elm və təhsil müəssisələrimizdə onların müzakirələri keçirilməlidir. Kapitalist sistemin ən qatı ideoloqları belə bu gün bu sistemi tənqid edərək, onun təkmilləşdirmə yollarını tapmağa çalışırlarsa, bizim də bu müzakirələri müasir iqtisadiyyat quruculuğu prosesində nəzərə almağımız zərurdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı kimi qurumlar önəmli qurumlardır. Ölkələrin bu qurumlarla əməkdaşlıq etməsi də önəmlidir. Ancaq nəzərə almaq lazımdır ki, çox vaxt müasir kapitalizmin “qalaları” adlandırılan bu qurumlar, onlar üçün əvvəlcədən yazılmış prinsiplər əsasında, müəyyən edilmiş dəyərlər əsasında fəaliyyət göstərirlər və ölkələrə təqdim etdikləri reseptlər də bu prinsip və dəyərlərə söykənir. Dünyada isə alternativ ideyalar, baxışlar, reseptlər çoxdur. Sadəcə bütün bunları öyrənmək, təhlil etmək və ölkə üçün düzgün nəticələr çıxarmaq lazımdır. Bu isə ilk növbədə biz iqtisadçıların işidir…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart