Elm və təhsil

Qazaxıstanda elmi dərəcə və adların verilməsində islahat təşəbbüsləri

Qazaxıstanda elmi və elmi-pedaqoji kadrlara uzun illər elmi dərəcə kimi “elmlər namizədi” və “elmlər doktoru” dərəcərləri, elmi ad kimi isə “dosent” və “professor” adları verilmişdir. Eyni zamanda elmi dərəcə və elmi adların verilməsi prosesini hazırda Azərbaycanda da olduğu kimi mərkəzləşdirilmiş qaydada müstəqil dövlət qurumu olan Prezident yanında Ali Attestasiya Komissiyası həyata keçirmişdir.

2011-ci ildən qanunvericiliyə edilən müvafiq dəyişikliklə Qazaxıstanda elmi dərəcələr “fəlsəfə doktoru” və “profil üzrə doktor”, elmi adlar isə “assosiativ professor” və “professor” kimi təsbit edilmişdir. Həmçinin elmi dərəcə və adların alınması zamanı çap edilməli olan elmi əsərlərlə bağlı tələblər ağırlaşdırılaraq, beynəlxalq nüfuzlu indekslərdəki jurnallara geniş yer verilməyə başlanmışdır.

Qazaxıstanda dövət idarəetməsində həyata keçirilən islahatlar nəticəsində 1999-cu ildən Ali Attestasiya Komissiyasının müstəqil dövlət qurumu kimi fəaliyyətinə son verilmiş və bu qurum eyni adla Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi yanında fəaliyyət göstərməyə başlamışdır. 2016-cı ildən isə bu qurumun səlahiyyətlərini Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi  yanında Təhsil və Elmə Nəzarət Komitəsi həyata keçirir. Hazırda Komitə ali təhsil müəssisələri və elmi təşkilatlarda yaradılan dissertasiya müdafiə şuralarının və həmin təşkilatların elmi şuralarının vəsadətləri əsasında elmi dərəcə və elmi adların verilməsini həyata keçirir. Komitə elmi dərəcə və adların verilməsi zamanı daxil olan sənədlərin ekspertizası məqsədilə müvafiq profillər üzrə yaratdığı ekspert şuralarından istifadə edir. Komitəyə Baş Nazir və Prezident Adiministratsiyasının rəhbəri ilə razılaşdırılmaqla Təhsil və Elm Naziri tərəfindən vəzifəyə təyin edilən sədr rəhbərlik edir. Komitənin elmi dərəcə və adların verilməsi prosesini idarə edən ayrıca “Kadr Hazırlığının Keyfiyyətinin Qiymətləndirilməsi” idarəsi fəaliyyət göstərir. Elmi dərəcə və elmi adların verilməsi haqqında müvafiq dövlət sənədi Komitə rəhbəri tərəfindən imzalanır.

Hazırda Qazaxıstanda da Qərb ölkələrində olduğu kimi elmi dərəcə və elmi adların verilməsində universitetlərə müstəqillik verilməsi məsələsi müzakirə edilməkdədir. Son olaraq, Qazaxıstan Təhsil və Elm Nazirliyi elmi dərəcə və elmi adların verilməsində Nazirliyin ekspert şuralarının ləğv edilərək bütün səlahiyyətlərin universitetlərə ötürülməsini nəzərdə tutan qanunvericilik dəyişikliyi layihəsi hazırladığını və müzakirə üçün parlementə təqdim etdiyini bəyan etmişdir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
Elm və təhsil

Baltikyanı ölkələr elmi dərəcə və adların verilməsində hansı modeldən istifadə edir?

Baltikyanı ölkələr müstəqilliklərini əldə etdikdən sonra elmi dərəcə və elmi adların verilməsində keçmiş Sovet sistemindən imtina etmiş və bu sahədə Anqlo-sakson və Qitə Avropası modellərinin qarışığı olan bir model formalaşdırmışlar. Sovet sistemindən imtina etdiklərindən müstəqillik dövründə bu ölkələrdə Ali Attestasiya Komissiyası adlı mərkəzi dövlət qurumu da olmamışdır. Avropa İttifaqına üzvlük,  Boloniya prosesinə keçid və Anglo-sakson ali təhsil modelinin dünyada geniş yayılmağa başlaması bu ölkələrdə də son illər elmi dərəcə və adların verilməsində ABŞ modeli istiqamətində dəyişikliklərin aparılmasına meyli gücləndirmişdir.

Qeyd edilən ölkələrdə elmi dərəcə və adların verilməsi, onların nostrifikasiyası sahəsində əsas standart və prosedurlar, müvafiq qanunlar (əsasən ali təhsil və elm haqqında qanunlar) və hökumətin (müvafiq nazirliyin) təsdiq etdiyi qaydalar əsasında müəyyən edilir. Bu qaydaların müəyyən edilməsində Litvada Hökumətin və Parlamentin, Latviyada Elm və Təhsil Nazirliyinin kollegial məsləhət orqanları olan “Elm Şuralar” mühüm rol oynayır. Ancaq elmi dərəcə və elmi adların verilməsi Gürcüstanda olduğu kimi universitetlər tərəfindən həyata keçirilir.

Gürcüstanda olduğuna oxşar şəkildə bu ölkələrdə də ali təhsil müəssisələrinin təsnifatı aparılmış və “doktor (PhD)” elmi dərəcəsi yalnız bakalavr, magistr və doktorantura təhsil pillələrinin olduğu “universitet” tipli ali təhsil müəssisələri tərəfindən verilir. Müstəqillikdən sonra Latviya və Litvada “doktor (PhD)” elmi dərəcəsi ilə yanaşı, Qitə Avropasındakına bənzər şəkildə “doktor habilitat” elmi dərəcəsi də verilirdi, ancaq 1999-cu ildə Latviya bu elmi dərəcəni ləğv etmiş və hər iki dərəcəni vahid “doktor (PhD)” elmi dərəcəsi kimi qəbul etmişdir.

Bu ölkələrdə universitetlərdə verilən elmi ad və vəzifələr, onların tutulması qaydaları müvafiq qanunlarla müəyyən edilmişdir. Hazırda mövcud qanunvericiliyə görə Baltikyanı ölkələrdə ardıcıl olaraq “assistent”, “müəllim”, “dosent”, “assosiativ professor” və “professor” elmi vəzifələri tətbiq edilir. Eyni zamanda “professor emeritus” fəxri adı da verilir.

Universitetlərdə bütün elmi vəzifələr müəyyən müddət üçün (5 və ya 6 il) seçki yolu ilə tutulur. Seçkilər, onların prosedurları qanunvericiliyə uyğun olaraq Universitetlərin kollegial orqanları (əsasən senat) tərəfindən keçirilir. Latviyada “assosiativ professor” və “professor” vəzifələrinə namizədləri universitetlərdə müvafiq istiqamət üzrə yaradılmış “Professorlar Şurası” seçir,  Rektor təsdiq edir; digər elmi vəzifələrə namizədləri isə Fakültə elmi şurası seçir və universitet elmi şurası təsdiq edir. Hər üç ölkədə “assosiativ professor” və “professor” elmi vəzifələri üçün “doktor (PhD)” elmi dərəcəsinin olması mütləq şərtdir.

Bu ölkələrdə də elmi adlar, universitetlərdəki müvafiq vəzifəni əks etdirir və yalnız müvafiq universitetdə işləyən zaman istifadə edilir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
Elm və təhsil

Rusiyada elmi dərəcə və adların verilməsi üzrə islahat təşəbbüsləri

Yaxud vaxtilə Stalinin yaratdığı Ali Attestasiya Komissiyasının keçdiyi inkişaf yoluna qısa baxış

Rusiyada elmi və elmi-pedaqoji kadrlara elmi dərəcə olaraq “elmlər namizədi” və “elmlər doktoru”, elmi ad olaraq isə “dosent” və “professor” elmi adları verilir. Elmi dərəcələr ali təhsil müəssisələri və elmi-tədqiqat institutları nəzdində fəaliyyət göstərən dissertasiya müdafiə şuralarının vəsadətləri əsasında, elmi adlar isə həmin qurumların elmi şuralarının vəsadətləri əsasında Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi tərəfindən verilir və Nazirin əmri ilə rəsmiləşdirilir.

Elmi dərəcə və elmi adların verilməsi üzrə dövlət elmi attestasiyasını təmin etmək məqsədilə Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası fəaliyyət göstərir. Komissiya, ilk dəfə 1934-cü ildə Stalin tərəfindən yaradılmışdır və bir çox müəllifin fikrincə, Sovet elmində Stalinizmin kök salmasını təmin etmək məqsədi daşımışdır. Bu qurum yaradılana qədər Rusiyada elmi dərəcə və adların verilməsi səlahiyyəti tamamilə universitetlərdə olmuşdur. Sovetlər Birliyi dağıldıqdan sonra Rusiyada Ali Attestasiya Komissiyası 1992-1998-ci illər arasında müstəqil dövlət komitəsi kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən komitə statusu dəyişdirilərək komissiyaya çevrilmiş, əvvəlcə Rusiya Federasiyası Təhsil Nazirliyinin yanında, Təhsil Nazirliyi Təhsil və Elm Nazirliyinə çevrildikdən sonra bir müddət Təhsil və Elm Nəzarəti üzrə Federal Xidmətin yanında, 2011-ci ildən 15 may 2018-ci il tarixinə qədər isə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi yanında fəaliyyət göstərmişdir.

Rusiya Federasiyası Prezidentinin 15 may 2018 tarixli 215 nomrəli fərmanı ilə Təhsil və Elm Nazirliyinin bazasında iki ayrı nazirlik – Təhsil Nazirliyi, Elm və Ali Təhsil Nazirliyi – yaradıldıqdan sonra Komissiya fəaliyyətini Elm və Ali Təhsil Nazirliyi yanında davam etdirir. Komissiyanın yenidən təşkili ilə bağlı müzakirələr davam etsə də, hazırda onun tərkibi Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq edilən elm, texnika, təhsil və mədəniyyət üzrə elmlər doktorları və aparıcı mütəxəssislərdən ibarətdir. Onun hazırkı sədri Xalqların Dostluğunun Rusiya Universitetinin rektorudur.

Son illər Rusiyada Ali Attestasiya Komissiyasının funksiyalarının bir çox ölkədə olduğu kimi ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının elmi şuralarına ötürülməsi istiqamətində müzakirələr aparılır və artıq bu istiqamətdə konkret addımlar da atılmışdır. Belə ki, 2016-cı ildə qanunvericiliyə edilən müvafiq dəyişiklikdən sonra əvvəlcə Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinə, 23 avqust 2017-ci il tarixdə hökumət tərəfindən təsdiq edilən müvafiq siyahı üzrə isə 23 ali təhsil müəssisəsi və elmi təşkilata 1 sentyabr 2017-ci il tarixindən etibarən müstəqil şəkildə elmi dərəcələr (elmlər namizədi, elmlər doktoru) vermək hüququ verilmişdir. Bu siyahıda 19 ali təhsil müəssisəsi və 4 elmi təşkilat yer almışdır. 19 ali təhsil müəssisəsinin 11-i milli tədqiqat universiteti statuslu, 4-ü federal universitet statuslu, 4-ü isə müstəqil inkişaf etmək və təhsil standartlarını müstəqil müəyyən etmək hüququ olan ali təhsil müəssisələridir. Qeyd edilən qurumlar müstəqil şəkildə dissertasiya müdafiə şuraları yaratmaq və onların səlahiyyətlərini müstəqil şəkildə müəyyən etmək hüququna malikdirlər.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
Elm və təhsil

Türkiyədə elmi dərəcə və adların verilməsi təcrübəsi: Anqlo-sakson və Qitə Avropası modellərinin sintezi

Türkiyə elmi dərəcə və adların verilməsində ABŞ və Fransa modellərinin bir sıra cəhətlərini özündə əks edirən özünəməxsus bir modeldən istifadə edir.

İlk növbədə ölkədə elmi dərəcə və adların verilməsini tənzimləyən mərkəzi bir qurum – Universitetlərarası Şura (UAK) fəaliyyət göstərir. Şura universitet rektorları ilə hər universitetin senatı tərəfindən 4 il üçün seçilən 1 professordan formalaşır.  Rektorlar Şuraya növbəlilik prinsipi ilə bir il sədrlik edir. Şura ölkədə “doktor (PhD)” elmi dərəcəsinin verilməsini qaydalarını müəyyən edir, xaricdən alınan elmi dərəcə və adların nostrifikaisyasını həyata keçirir və “dosent” elmi adını verir.

Türkiyədə yeganə elmi dərəcə kimi “doktor (PhD)” elmi dərəcəsi tətbiq edilir. Bu dərəcə ən azı 4 semestrlik doktorantura təhsil proqramının sonunda orjinal elmi tədqiqat olan dissertasiyanın yazılıb müdafiə edilməsi ilə əldə edilir. Doktorantura təhsili qanunvericilik və Universitetlərarası Şuranın müəyyən etdiyi əsaslar üzrə həyata keçirilir, dissertasiyalar universitetlərin yaratdığı müdafiə şuralarında müdafiə edilir və doktorluq dərəcəsi diplomu da fakültə dekanı və universitet rektorunun imzası ilə verilir.

Doktorantura təhsili alanlar təhsil aldıqları müddət ərzində Universitetlərdə “asissent” kimi çalışa bilirlər. “Doktor (PhD)” dərəcəsi alındıqdan sonra “doktor müəllim (doktor öğretim üyesi)”, “dosent (doçent)” və “professor (profesör)” elmi vəzifələrinə yüksəlmək mümkündür.

 “Doktor müəllim (doktor öğretim üyesi)” elmi vəzifəsini (adını) tutmaq üçün universitetlərin elan edilmiş boş ştat yerlərinə müraciət edilir. Qanunvericiliyə uyğun olaraq dekan ərizəçilərin sənədlərini rəy almaq üçün 3 professor və ya dosentə göndərir. Dekan rəyləri yığdıqdan sonra Fakültə Elmi şurasının da rəyini alır və Rektora təyinat üçün təklif verir. Rektor namizədi ən çox 4 illik müddət üçün bu vəzifəyə təyin edir. Vaxt bitdikdən sonra təkrar təyinat mümkündür. Universitetlər namizədlər üçün qanunvericilikdə nəzərdə tutulan tələblərdən əlavə tələblər də müəyyən edə bilir.

Türkiyədə “dosent” elmi adını Universitetlərarası Şura verir. Şura bu məqsədlə ildə iki dəfə iddiaçıların ərizələrini qəbul edir. İddiaçının doktorluq dərəcəsi, xarici dildən müvafiq imtahan nəticəsi, müəyyən say və keyfiyyətdə orjinal elmi əsərləri olmalıdır. Bu sənədlər 5 nəfərlik imtahan komissiyasına təqdim edilir. İmtahan komissiyası rəylərini Şuraya təqdim edir. Bundan sonra Şura “dosent” elmi adının verilməsi haqqında qərar qəbul edir və namizədə Universitetlərarası Şura sədrinin imzası ilə dosent sertifikatı verilir. Ancaq universitetlərin dosent ştatlarına təyinat yenə də elan yolu ilə aparılır. “Dosent” elmi adını alanlar universitetlərin elan etdikləri boş dosent ştatları üçün ərizə ilə müraciət edirlər. Rektor ərizələri qiymətləndirmək üçün 3 professordan ibarət komissiya yaradır, onların rəylərini və Universitet İdarə heyətinin rəyini aldıqdan sonra təyinatı həyata keçirir. Universitetlər dosent vəzifəsi üçün qanunvericilikdə nəzərdə tutulanlardan  əlavə şərtlər də müəyyən edə bilir.

“Professor” Türkiyədə ən yüksək elmi ad (vəzifə) hesab edilir. Qanunvericiliyə əsasən dosentlikdən sonra ən azı 5 il müvafiq istiqamət üzrə işləyənlər və orjinal tədqiqatlar aparanlar bu vəzifə üçün müraciət edə bilirlər. Müraciət ərizələrində tədqiqatlarının birini başlıca tədqiqat əsəri kimi göstərirlər. Universitetlər bu vəzifəni tutmaq üçün əlavə şərtlər də müəyyən edə bilir. “Professor” boş ştatlarına elan Rektorluq tərəfindən verilir. Universitet İdarə Heyəti iddiaçıların sənədlərini 3-ü kənardan olmaqla 5 professora göndərir. Professorlar rəy yazır, rəylər İdarə Heyəti tərəfindən qiymətləndirilir və Rektor bunları nəzərə alaraq təyinatla bağlı qərarını verir.

Göründüyü kimi Türkiyə universitetlərində “doktor (PhD)” elmi dərəcəsi diplomu, “doktor müəllim” və “professor” sertifikatları Universitetlər tərəfindən verildiyi halda, “dosent” sertifikatı Universitetlərarası Şura tərəfindən verilir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Orta Doğu Teknik, Hacettepe, Dokuz Eylül və Uludağ universitetlərinin keçmiş qonaq alimi

Standart
Elm və təhsil

Fransada Universitetlərarası Milli Şura və elmi dərəcə və adların verilməsi təcrübəsi

Fransa elmi dərəcə və adların verilməsi sahəsində bir sıra cəhətləri ilə  özünəməxsus xarakter daşıyan təcrübəyə malikdir. Əsas cəhət elmi dərəcə və elmi adların verilməsində mərkəzləşdirilmiş tənzimləmə mexanizminin mövcud olmasıdır. Belə ki, Fransada Universitetlərarası Milli Şura (CNU) elmi dərəcə və elmi adların verilməsində çox böyük səlahiyyətlərə malikdir. Şura, elmi və elmi-pedaqoji kadrların karyera məsələlərini tənzimləyən rəsmi orqandır. Üzvlərinin 2/3-ü üniversitet professorları tərəfindən seçilir, 1/3-i isə Ali Təhsil və Tədqiqat Nazirliyi (MESR) tərəfindən təyin edilir. Şura, elmi dərəcə və adların verilməsinin əsaslarını müəyyən edir və bu sahədə müvafiq attestasiya komissiyalarını təşkil və koordinasiya edir.

Fransada “doktor (PhD)” elmi dərəcəsi, “dosent (maître de conférence – MCF)” və “professor (professeur des universités)” elmi adları (vəzifələr) və Almaniyada olduğu kimi “habilitat (habilitation)” kvalifikasiyası mövcuddur.

“Doktor (PhD)” elmi dərəcəsi universitetlərdə doktorantura təhsili əsasında və elmi rəhbərlərin nəzarəti altında dissertasiyaların yazılaraq müdafiə edilməsi ilə əldə edilir. Universitetlərarası Milli Şura müdafiə edilmiş dissertasiyaları attestasiya edir, dissertasiya məqbul hesab edilmədiyi təqdirdə onun sahibi aldığı elmi dərəcəni itirmir, sadəcə universitetlərdə vəzifə tutmaq üçün müsabiqələrə buraxılmır.

Universitetlərdə daimi vəzifələr hesab edilən “dosent” və “professor” vəzifələrindən öncə “təhsil və tədqiqat üzrə müvəqqəti attaşe (ATER)” və ya “araşdırmalar üzrə əlaqələndirici monitor” kimi müvəqqəti və müqaviləli akademik vəzifələri tutmaq mümkündür.

Fransa universitetlərində “dosent (maître de conférence – MCF)” elmi vəzifəsini tutmaq üçün  “doktor (PhD)” dərəcəsini almış və bir neçə il (əsasən 3 il) post-doktorantura fəaliyyəti göstərmiş şəxslər müraciət edirlər. Onlar bunun üçün ilk növbədə Universitetlərarası Milli Şuradan (CNU) “dosent (maître de conférence – MCF)” kvalifikasiyasını qazanır və dosentlər üçün müvafiq kvalifikasiya sahibi olanların milli siyahısına əlavə edilirlər. Bu kavalifikasiya onlara elmi-pedaqoji fəaliyyətlərinin nəticələri əsasında verilir. Kvalifikasiya əldə edildikdən sonra vakant dosent vəzifələrini tutmaq üçün universitetlərə müraciət etmək hüququ əldə edilir. Universitetlər də seçki komitələri vasitəsilə bu vəzifələrə rəqabətli şərtlərlə seçki keçirirlər. Hər hansı bir universitetdə bu vəzifəyə seçilənlər daimi əsaslarla seçilir və dövlət qulluğu statusu alırlar.

Universitetlərdə “professor (professeur des universités)” vəzifəsini tutumaq üçün dosent elmi vəzifəsinə sahib olan və “habilitat” kvalifikasiyasını qazanan şəxslər müraciət edirlər. “Habilitat”  kvalifikasiyasını da Universitetlərarası Milli Şura (CNU) verir. Bunun üçün 3-10 il ərzində tutarlı bir tədqiqat, həmçinin də elmi-pedaqoji fəaliyyət və çoxlu sayda elmi əsər nəşr etdirmək tələb edilir. “Professor” elmi adı (vəzifəsi) ən yüksək elmi addır və bu ad da Universitetlərarası Milli Şura (CNU) tərəfindən verilir. Namizədin tədqiqatları, tədris və inzibati fəaliyyətləri yaradılmış seçki komitəsi tərəfindən qiymətləndirildikdən sonra bu vəzifəyə seçilməsi ilə bağlı qərar qəbul edilir. “Professor” daimi vəzifədir və dövlət qulluğu statusu sayılır.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
Elm və təhsil

Elmi dərəcə və elmi adların verilməsinin Alman modeli: ənənəvi və yeni sistemlərin mübarizəsi

Elmi dərəcə və elmi adların verilməsinin Almaniya modeli bu sahədəki Qitə Avropası təcrübəsinin əsasında dayanır. Almaniya modeli ABŞ modeli ilə müqayisədə kifayət qədər mürəkkəb xarakter daşıyır. Bu ölkədə ali təhsil müəssisələrinin 60%-dən çoxu dövlət ali təhsil müəssisələri olduğundan dövlətin bu qurumlar üzərində aktiv tənzimləmə funkisyası da qalmaqdadır.

Elmi dərəcə və elmi adların verilməsində Almaniya hazırda faktiki olaraq iki ayrı sistem fəaliyyət göstərir. Birinci sistem ənənəvi və geniş yayılan sistemdir. Ölkədə ali təhsilin Boloniya prosesi və Anglo-sakson modeli istiqamətinə islahatı çərçivəsində 2001-ci ildən yeni bir sistem də tətbiq edilir.

Ənənəvi sistemdə, ilk növbədə, formal olaraq bir elmi dərəcə – “doktor (PhD)” – tətbiq edilsə də, faktiki olaraq praktikada “ikinci PhD” kimi ifadə edilən “habilitat” (habilitation) kavalifikasiyası da mövcuddur. Post-doktorantura kavalifikasiyası olan “habilitat”ı qazanan şəxslər bir növ ali təhsil müəssisələrində “privatdozent” kimi müstəqil tədris aparmaq və professorluq üçün müraciət etmək hüququ əldə edirlər. “Habilitat” kvalifikasiyasını qazanan doktorlar adlarının qarşınıda “Dr. habil.” ifadəsini işlədirlər.

Almaniyada ali təhsil müəssisələri “universitet”, “tətbiqi elmlər universiteti” və “sənət və musiqi məktəbi” olmaqla üç yerə ayrılır. Doktorantura təhsili yalnız “universitet”də aparılır və yalnız bu tipli ali təhsil müəssisələri “doktor(PhD)” (“doktorgrad”) dərəcəsi verə bilirlər. “Doktor (PhD)” elmi dərəcəsini Fakültənin təqdimatı əsasında Rektorluq verir. 3-5 nəfərlik dissertasiya müdafiə komissiyasını da Fakültə elmi şurası təyin edir. Hazırda ölkədə bu dərəcəni qazananların orta yaşı 33 yaşdır. “Habilitat” kavalifikasiyası də məhz “universitet” statuslu ali təhsil müəssisələrində tələb edilir.

Ənənəvi sistemdə, doktorantlar, əsasən universitetlərdə “elmi işçi”/”kiçik elmi işçi” vəzifələrini tuturlar. Doktorluq dərəcəsini qazandıqdan sonra “professor köməkçisi” (academic assistant/junior research fellow) kimi işləyərək “habilitat” kvalifikasiyasını qazanmaq üçün tədqiqatlar aparırlar.“Habilitat” kavalifikasiyasını qazanmaq üçün ya bir dissertasiya, ya da çox əhəmiyyətli bir neçə nəşr edilmiş elmi əsər (“cumulative habilitation”) təqdim edilir. Fakültələrin “habilitat komissiyaları” təqdim edilən “habilitat” işlərini qəbul etdiyi təqdirdə həmin şəxslərə “Privatdozent” elmi adını verirlər. Bu elmi adı qazananların universitetdə müstəqil tədris və tədqiqat aparmaq və professorluq üçün müraciət etmək hüququ var.

“Professor” elmi adının və ya vəzifəsinin qazanılması bir qədər fərqlidir. Belə ki, əvvəlcə “fakültə nümayəndələr komitəsi” fakültəyə üç namizəd siyahısı təqdim edirlər. “Təyinat komitəsi” üzvləri peşəkarlığı uyğun olan digər fakültə nümayəndələrindən də ola bilər. Namizədlərlə bağlı müxtəlif alimlərdən rəy, hətta müqayisəli rəy alınır. “Təyinat komitəsi” müəyyən ardıcıllıqla tərtib edilmiş namizəd siyahısını universitet Elmi Şurasına (senat) təqdim edir. Siyahıda dəyişiklik etmək hüququ olan Elmi şura yekun siyahını müvafiq əyalət təhsil nazirliyinə göndərir və müvafiq əyalət nazirliyi üç namizəddən birini “professor” vəzifəsinə təyin edir.

2001-ci ildən sonra tətbiq edilən yeni sistemin ənənəvi sistemdən əsas fərqi doktoranturanı tamamlayan “elmi işçi”/”kiçik elmi işçi”lərə iki seçim imkanının verilməsidir: 1) “Habilitat” kvalifikasiyasının qazanılması; 2) “kiçik professor” (junior professor) vəzifəsinə seçilmək.

Yeni sistemdəki “kiçik professor” elmi adını (vəzifəsi) qazanmaq üçün “habilitat” tədqiqatları aparmağa ehtiyac yoxdur. Bunun əvəzinə namizədin araşdırma, tədris, idarəetmə və.s elmi-pedaqoji fəaliyyətləri nəzərə alınır. Sonra təxminən bir il davam edən müxtəlif mərhələlərdən keçilir. Belə ki, Universitetin yaratdığı həm daxili, həm də xarici komissiya namizədləri təklif edir. Hər iki siyahı nəzərə alındıqdan sonra son siyahı fakültəyə təklif edilir. Sonra universitet rəhbəri siyahını qəbul edir və təsdiq üçün müvafiq əyalət təhsil nazirliyinə göndərir. “Kiçik professor” vəzifəsi 5 illikdir.

“Kiçik professor” elmi adı yeni sistemdə bir növ “habilitat” kvalifikasiyasını əvəz edir və “professor” vəzifəsini tutumaq üçün əsas şərtdir. Ancaq “kiçik professor” vəzifəsi bu günə qədər “habilitat” kvalifikasiyasını yetərli dərəcədə əvəz edə bilməmiş və yalnız bir neçə universitet belə bir vəzifə təsis etmişdir.

Alman modelində “elmi işçi”/“kiçik elmi işçi” və “professor köməkçisi” (academic assistant/junior research fellow) vəzifələri doktorantura və “habilitat” dövründə tutulan vəzifələrdir, hər biri ən çox 6 il ola bilir və daimi deyildir. “Kiçik professor” vəzifəsini çox vaxt eyni universitetdə tutmaq mümkün deyil, “professor” vəzifəsini isə eyni universitetdə tutmaq qanunla qadağan edilmişdir.

Alman qanunvericiliyinə əsasən həm ənənəvi, həm də yeni sistemdə “professor” vəzifəsi (C3, C4 və W2, W3) iki-dərəcəli müəyyən edilmişdir.

Alman modelində hazırda Anglo-sakson təcrübəsi əsasında islahatlar aparılsa da, bu model, xüsusilə də “habilitat” kvalifikasiyası təcrübəsi ilə elmi dərəcə və adların verilməsi üzrə Qitə Avropası təcrübəsinin (mühüm dərəcədə keçmiş Sövet təcrübəsinin də) əsasında dayanır. Hazırda “habilitat” kvalifikasiyasına bənzər praktika Fransa, Avstriya, İsveçrə, Portuqaliya, Niderland, İsveç, Danimarka, Finlandiya, Norveç, Polşa, Çexiya, Macarıstan, Slovakiya, Litva, Moldova, Rusiya və Bolqarıstan (sonuncularda “elmlər doktoru” dərəcəsi) kimi ölkələrdə  də qalmaqda davam edir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Siegen Universitetinin keçmiş qonaq alimi

Standart
Elm və təhsil

ABŞ-da elmi dərəcə və adlar (vəzifələr) necə qazanılır? – Qısa baxış

ABŞ-da elmi dərəcələr və elmi adların (vəzifələrin) verilməsində mərkəzləşdirilmiş tənzimləmə mexanizmi yoxdur. Bu ölkədə elmi dərəcə və adlar (vəzifələr) universitetlər tərəfindən verilir və onlar bu sahədə tam sərbsətdir. Hər bir universitet elmi dərəcə və elmi adların (vəzifələrin) verilməsinin prosedur qaydalarını özü müəyyən edir və onların verilməsini təsdiq edən rəsmi sənədi də özü təqdim edir.

Hazırda ABŞ-da universitetlər əsasən “doktor” (PhD) elmi dərəcəsi, “asissent professor” (assistant professor), “assosiativ professor” (associate professor) və “professor” (full professor) elmi adlarını (vəzifələrini) verirlər. Bu vəzifələrdən öncə müqaviləli və müvəqqəti “post-doktorant” (postdoc), “instructor/adjunct professor” kimi vəzifələri də tutmaq mümkündür.

ABŞ dünyada doktorantura təhsilinin ən ciddi olduğu ölkələrdən biridir. Mühazirələrin dinlənilməsi, imtahanların verilməsi, dissertasiyanın yazılıb, müdafiə edilməsi ilə tamamlanan bu təhsilin sonunda kifayət qədər prestijli olan “PhD” elmi dərəcəsi əldə edilir və bu ən yüksək elmi dərəcə hesab edilir. Hazırda ABŞ-da “PhD” dərəcəsini əldə etmədə orta yaş 37-dir.

Bəzi universitetlər çox məhdud sayda “universitet professoru” və pensiyaya çıxan professorlara “emeritus professor” fəxri elmi adlarını verirlər. Bununla yanaşı, ABŞ universitetlərində kənar maliyyələşmə əsasında adlı professor vəzifəsinə, müqavilə əsasında “tədqiqatçı professor” və “praktika professoru” kimi vəzifələrə də rast gəlmək mümkündür.

“Assosiativ professor” və “professor” elmi adları (vəzifələri) alanlar universitetdə daimi ştat hüququ qazanırlar. Buna görə də bütün “asissent professor”ların hədəfi və xəyalı bu elmi adları (vəzifələri) əldə etməkdir.

“Asissent professor” elmi adı (vəzifəsi) professorluğun başlanğıc səviyyəsidir. Əsasən “PhD” dərəcəsini və ya post-doktorantura tədqiqatlarını tamamlayanlara verilir. 5-7 il sonra daimi ştata (tenured) keçə bilməyən “asissent professor”lar universitetdən kənarlaşdırılır.

“Assosiativ professor” elmi adı (vəzifəsi) professorluğun orta səviyyəsidir. Bu adı (vəzifəni) tutmaq üçün elan verilir. Əsasən “asissent professor”lar müraciət edirlər. Onlar bu vəzifəyə kənar rəyçilər, bölmələrində yaradılan komitə, bölmələrinin səsverməsi, dekanın və universitet idarə heyətinin qiymətləndirməsindən sonra Rektor tərəfindən təyin edilirlər. Qiymətləndirmələrdə elmi, pedaqoji və sosial fəaliyyətlər nəzərə alınır.

“Professor” ən yüksək elmi addır (vəzifədir) və bu elmi adı (vəzifəni) tutmaq üçün də elan verilir. Əsasən “assosiativ professor”lar müraciət edir. Bu zaman da əvvəlki mərhələyə oxşar seçki proseduru tətbiq edilir. ABŞ-da bu adı (vəzifəni) 45 yaşından tez əldə edən şəxs nadir hallarda olur. Qiymətləndirmələrdə elmi, pedaqoji və sosial fəaliyyətlər nəzərə alınır.

ABŞ-da verilən elmi adlar (vəzifələr) əsasən universitetdə çalışılan dövrdə qüvvədə olur, başqa sözlə yalnız çalışılan universitetdə istifadə edilə bilir.

Elmi dərəcə və adların verilməsinin ABŞ modeli Şimali Amerika modeli də adlandırılır və son dövrlərdə Anglo-sakson ölkələrində, Qitə Avropası ölkələrində geniş yayılmağa başlamışdır.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart