İqtisad,İqtisadi gündəm,İqtisadi savadlılıq

Qloballaşma və qlobal iqtisadiyyat: müasir dünyanı anlamaq

Ölkələr iqtisadi, sosial, siyasi və mədəni ehtiyaclarını qarşılamaq məqsədilə tarixən bu və ya digər səviyyədə qarşılıqlı münasibətlərdə olmuşdur. Bu münasibətlər müxtəlif səbəblərdən bəzi dövrlərdə daha da genişlənmiş, bəzi dövrlərdə isə nisbi olaraq məhdudlaşmışdır. Bəşəriyyətin inkişaf tarixi göstərir ki, zaman keçdikcə ölkələrin daxilində olduğu kimi onların arasında da müəyyən əmək bölgüsü və ixtisaslaşma ortaya çıxmışdır. Ölkələr arasında qarşılıqlı iqtisadi münasibətlər də məhz bu beynəlxalq əmək bölgüsü beynəlxalq ixtisaslaşma əsasında inkişaf etmişdir. Bu baxımdan dünya ölkələri və xalqları hər zaman bu və ya digər səviyyədə bir-birindən asılı şəkildə yaşamış və birlikdə dünya cəmiyyətinin inkişafını təmin etmişdir.

Yaşadığımız müasir zaman, yuxarıda qeyd edilən münasibətlərin əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə genişliyi, dərinliyi və mürəkkəbliyi ilə seçilir. Fikrimizi misallarla izah etməyə çalışaq. Bu gün biz, ABŞ-da müxtəlif millətlərə mənsub iqtisadçıların ingilis dilində yazdığı, Sinqapurdakı nəşriyyatların birində nəşr edilən, Türkiyədəki iqtisadçılar tərəfindən türk dilinə tərcümə edilərək oradakı bir nəşriyyatda çap edilən “Beynəlxalq iqtisad” kitabını Azərbaycandakı kitab mağazaları şəbəkələrinin birindən satın alırıq. Müxtəlif hissələri Almaniya, Fransa, İspaniya və Polşada hazırlanan, İtaliyada son məhsul kimi istehsal edilən mebel sənayesi dəzgahlarından birini Birləşmiş Ərəb Əmirliklərinin ticarət şirkətlərinin birindən Çində yaradılan elektron ticarət şirkəti vasitəsilə satın alır və onun pulunu İsveçrədəki bank hesabımızdan ödəyirik. Azərbaycandakı şirkətlərdən birinin səhmlərini Bakı Fond Birjasında Rusiya vətəndaşlarından birinə satıb, əldə etdiyimiz pulla Yaponiya şirkətlərindən birinin səhmlərini və ya ABŞ hökumətinin buraxdığı istiqrazları Nyu-York Fond Birjasından Hindistan vətəndaşlarının birindən almaq yalnız bir neçə dəqiqə vaxtımızı alır. Bu gün Azərbaycan vətəndaşı olaraq ən ucqar rayonlardan biri olan Lerikdə doğulub, Bakıdakı orta məktəblərdən birini bitirib, Londondakı universitetlərin birində maliyyə təhsili alıb, Niderlandın audit şirkətlərindən birinin Sidneydəki ofisində işləmək mümkündür. Los-Ancels şəhərinin Hollivud rayonunda ingilis dilində istehsal edilmiş bir filmin Moskvada rus dilində hazırlanmış dublyajını Qazaxıstanın peykdən yayınlanan TV kanallarının birindən Bişkekdə izləmək heç də çətin deyildir. Bütün bunlarla yanaşı, bu gün biz, dünyanın istənilən nöqtəsi ilə mobil telefon, elektron poçt, telekörpü kimi vasitələrdən istifadə edərək sürətlə əlaqə saxlaya bilir, sosial şəbəkələr vasitəsi ilə müxtəlif ölkələrin vətəndaşları ilə dostluqlar qurur, istənilən yerə qısa müddətdə səyahət edir, dünyanın istənilən nöqtəsində baş verən hadisə və proseslər haqqında qlobal TV kanalları və INTERNET vasitəsilə çox sürətlə, hətta birbaşa xəbər alırıq. Bu misalları istənilən qədər uzatmaq olar, ancaq bütün bunlardan çıxarılacaq bir əsas nəticə var: dünya sürətlə qloballaşır və biz artıq qlobal dünyada yaşayırıq.

Ölkələr və onların vətəndaşları arasında daha böyük qarşılıqlı asılılıq prosesi olan qloballaşma, iqtisadi, siyasi, sosial və mədəni aspektlərə malikdir. Heç şübhəsiz ki, bunlar arasında aparıcı olan iqtisadi qloballaşmadır. Belə ki, bu gün dünya iqtisadiyyatında: istehlakçı zövqləri eyniləşir; ölkələr xaricdən çoxlu sayda mal və xidmət idxal edir; firmalar əvvəllər lokal və regional səviyyədə rəqabət aparırdılarsa, indi qlobal səviyyədə rəqabət aparırlar; mal və xidmətlər ölkələr arasında sərbəst hərəkət edir; milyonlarla işçi başqa ölkələrə miqrasiya edir; iş yerləri inkişaf etmiş ökələrdən inkişaf etməkdə olan ölkələrə doğru hərəkət edir; bir məhsulun istehsalı üzrə çoxlu sayda ölkələrin firmaları əməkdaşlıq edir və məhsulların istehsal üsulları sürətlə dünyaya yayılır; transmilli korporasiyalar dünyanın müxtəlif regionlarını əhatə edən vahid istehsal və istehlak şəbəkələri yaradır; dünyanın istənilən şirkətinə investisiya qoymaq və istənilən şirkətindən maliyyə alətləri satın almaq olur; pensiya fondları sürətlə xarici ölkələrdə investisiyalar edir; valyutaların kursları sürətlə dəyişməklə yanaşı, onlar sürətlə də mübadilə edilirlər; maliyyə və iqtisadi böhranlar kompüter düymələrilə müxtəlif kanallar vasitəsilə sürətlə dünyaya yayılır; beynəlxalq iqtisadi təşkilatlar qlobal iqtisadi nizamı formalaşdırır və inkişafını təmin edir. Bir sözlə, dünya iqtisadiyyatında istehsal, istehlak, ticarət və maliyyə sürətlə qloballaşaraq qlobal iqtisadiyyatı formalaşdırmış və hazırda dünya əhalisi qlobal iqtisadiyyatda yaşayır.

Qlobal iqtisadiyyatın mahiyyətini bir qədər də açmağa çalışsaq, əvvəlki dövrlərdə önəmli ölçüdə bir-birindən müstəqil şəkildə fəaliyyət göstərən ölkə iqtisadiyyatlarının məcmusundan ibarət olan dünya iqtisadiyyatının, qloballaşma nəticəsində yerini kifayət qədər bütöv xarakter daşıyan yeni qlobal iqtisadi struktura verdiyini qeyd edə bilərik. Başqa sözlə, dünya iqtisadiyyatı müxtəlif ölkələrə görə bir-birindən fərqlənən istehsal, istehlak, ticarət və maliyyə modellərindən təşkil edilən iqtisadi vahidlərin məcmusu olduğu halda, qlobal iqtisadiyyat, bütün yer kürəsini əhatə edən yekcins istehsal, istehlak, ticarət və maliyyə modelləri və bunlarla bağlı vahid tənzimləmə mexanizmlərindən ibarət olan bütöv iqtisadi strukturu ifadə edir. Dünya iqtisadiyyatından qlobal iqtisadiyyata keçid edən iqtisadi vahidlər, əvvəlcə öz aralarında parçalanmaya səbəb olan maneələri bir-bir aradan qaldırır ki, bunlara da ölkə sərhədlərindən irəli gələn siyasi baryerlər, gömrük sərhədlərindən irəli gələn iqtisadi baryerlər, dəyərlər sistemindəki fərqliliklərdən irəli gələn mədəni baryerlər, nəqliyyat və rabitənin qarşısındakı fiziki baryerlər və müxtəlif tənzimləmə mexanizmlərindən irəli gələn hüquqi baryerlər aiddir.

Tarixi yaddaşımızı işə salsaq, qloballaşmanın dünyada yeni bir proses olmadığını görə bilərik. Müxtəlif dövrlərdə dünyanın önəmli hissəsinin vahid iqtisadi sistemə çevrilmə prosesləri baş vermişdir. Belə ki, tarixdə dünyanın böyük bir hissəsini əhatə edən Roma İmperiyası, Çin İmperiyası, Monqol İmperiyası kimi imperiyalar eyni zamanda da işğal etdikləri əraziləri özlərinin vahid iqtisadi sisteminə qatır, müxtəlif xalqlar arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafını təmin edirdilər. Tarixi İpək Yolu keçdiyi bütün ərazilərdəki ölkələr və xalqlar arasında qarşlıqlı əlaqələri mühüm dərəcədə dərinləşdirmiş və onlar arasında vahid iqtisadi münasibətlər sisteminin formalaşmasına səbəb olmuşdur. XV əsrdən başlayaraq “yeni dünya”nın kəşfi və Avropada ticarət kapitalizminin vüsət alması ilə Amerika, Avropa, Asiya və Afrika bazarları arasında qarşılıqlı əlaqələr və inteqrasiya prosesləri görünməmiş dərəcədə artmışdır. Lakin buna baxmayaraq, indiyə qədər dünyanın üç sürətli qloballaşma dalğası yaşadığından danışmaq mümkündür. Bunlar 1870-1914-cü illəri əhatə edən birinci dalğa, 1945-1980-cı illəri əhatə edən ikinci dalğa, 1980-cı ildən başlayaraq müasir dövrdə də davam edən üçüncü dalğadır.

Birinci qloballaşma dalğası (1870-1914) Avropada “sənaye inqilabı” ilə, Şimali Amerika (ABŞ, Kanada), Cənubi Amerika (Argentina, Çili, Uruqvay), Avstraliya, Yeni Zellandiya və Cənubi Afrikada isə zəngin, ancaq az əhalinin yaşadığı yeni ərazilərin dünyaya inteqrasiyası ilə nəticələnmişdir. Bu torpaqlar, əsasən İngiltərədən olmaqla, milyonlarla immiqrant, çox böyük həcmdə xarici investisiyalar cəlb etmiş və dünya üçün ərzaq və xammal istehsalı baxımından yeni imkanlar yaratmışdır. O dövrdə Avropadan sənaye məhsulları idxal edən həmin ərazilər, bunun əvəzində Avropaya çox böyük miqdarda ərzaq və xammal ixrac edərək yüksək sürətli iqtisadi artıma nail olmuşdur. Qloballaşma prosesinin bu dalğasına məhz həmin dövrdə tarif baryerlərindəki azalmalar, yeni texnologiyaların yelkənli gəmiləri buxar gəmiləri ilə əvəzləməsi və dəmiryolunu ortaya çıxarması ilə nəqliyyat xərclərindəki ucuzlaşmalar yol açmışdır. Qloballaşma prosesi əsasən Avropa və Amerikalılar tərəfindən aparılmış və prosesdə aktiv iştirak edən ABŞ kimi ölkələr dünyanın ən zəngin ölkələrinə çevrilmişdir. 1914-cü ildə I Dünya müharibəsinin başlanmasıyla sona çatan birinci dalğa, o dövrdə sənayeləşmiş ölkələrin xarici ticarət həcmini onların ÜDM-lərinin təxminən 12%-ə qədər yüksəltmişdir ki, sonralar bu səviyyəyə yalnız 1970-ci illərdə çatmaq mümkün olmuşdur.

İkinci qloballaşma dalğası (1945-1980) II Dünya müharibəsinin bitməsilə başlamış və təxminən 1980-ci ilə qədər davam etmişdir. Bu dövr, iki dünya müharibəsi arasındakı müddətdə dünyada ortaya çıxan siyasi və iqtisadi böhranların, xüsusilə də 1929-cu ildə ABŞ-da başlayan Böyük Böhranın nəticəsində xarici ticarətə tətbiq edilən ağır məhdudiyyətlərin sonralar aradan qaldırılması və bununla da beynəlxalq ticarətin sürətlə artması ilə xarakterizə edilir. Bu dövrdə nəqliyyat xərcləri daha da aşağı düşmüş və ölkələr əvvəllər tətbiq edilən xarici ticarət baryerlərinin azaldılması istiqamətində əməkdaşlıq etmişdir. İkinci qloballaşma dalğasının ortaya çıxmasında II Dünya müharibəsinin doğurduğu millətçilik qorxusu səbəbindən dünyada yüksəlməkdə olan beynəlmiləlçiliyin rolu da böyük olmuşdur. Bu qloballaşma dalğasında beynəlxalq ticarətin liberallaşdırılması ilə yanaşı, 1946-cı ildən başlayaraq dünyadakı müstəmləkə sistemi ləğv edildi, 1950-ci illərdə regional iqtisadi inteqrasiya birliyi kimi Avropa İqtisadi Birliyi yaradıldı, 1960-cı illərdə transmilli korporasiyalar ortaya çıxaraq dünya iqtisadiyyatında hakim mövqeyə yüksəlməyə başladılar, 1970-ci illərdə isə kapital bazarlarının liberallaşdırılmasına start verildi. Nəhayət, yarandıqları dövrdən (1944-1947-ci illər) indiyə qədər qlobal iqtisadi nizamın əsas memarları olmaqda davam edən Beynəlxalq Valyuta Fondu, Dünya BankıTicarət və Tariflər üzrə Baş Saziş və ya indiki Dünya Ticarət Təşkilatının da təməlləri məhz bu dövrdə atılmışdır.

1980-ci ildən başlayaraq müasir dövrümüzdə də davam edən üçüncü qloballaşma dalğası, özünün sürəti, dərinliyi, telekommunikasiya və nəqliyyat sektorlarındakı inqilabi yenilikləri, milli sərhədlər arasındakı əksər baryerlərin aradan qaldırılması yolu ilə kütləvi beynəlxalq kapital axınlarına səbəb olması və dünyanın əksər ölkələrini əhatə etməklə qaçılmaz xarakter daşıması ilə seçilir. Qloballaşmanın sonuncu dalğasının məhz bu xüsusiyyətləri onu bir növ qloballaşma inqilabı kimi də qiymətləndirməyə imkan verir. Həqiqətən də müasir qloballaşma sürəti, miqyası və əhəmiyyətinə görə yalnız sənaye inqilabı ilə müqayisə oluna bilər. Hətta sənaye inqilabı belə təxminən bir əsirlik müddətdə dünyaya yayıldığı halda, müasir qloballaşma inqilabı cəmi 20-30 il ərizndə bütün dünyanı bürümüşdür. Lakin onu da qeyd etmək lazımdır ki, II dünya mühasribəsindən sonrakı dövrün ən dərin iqtisadi böhranı olan 2008-2009-cu il qlobal maliyyə və iqtisadi böhranı qloballaşma prosesinin sürətini son ilər müvəqqəti olaraq yavaşlatmışdır.

Bütün inqilablar kimi qloballaşma da ölkələr və millətlər üçün çoxlu imkanlar yaratmaqla yanaşı, çoxlu da təhdidlər doğurur. Ancaq bu imkanlar və təhdidlərin əhatə dairəsi və formaları ilə bağlı insanlar arasında, hətta mütəxəssislər arasında belə bir sıra uzlaşmazlıqlar mövcuddur. Bu baxımdan haqqında ən çox uzlaşmazlığın olduğu suallardan bəziləri bunlardır: Ölkə xaricindən daha ucuz və ya daha keyfiyyətli  mal və xidmət satın almaq naminə ölkədaxili iş yerlərini qurban vermək olarmı? Nə üçün bəzi ölkələrdə əhali zəngin və şişman olduğu halda, bəzilərində çox yoxsul və acdır? Ölkələr arasında iş qüvvəsi axınları bir tərəfdən əməyin daha səmərəli istifadəsinə imkan verir, ancaq digər tərəfdən iş qüvvəsi idxal edən ölkənin aşağı ixtisaslı işçiləri üçün iş yerlərinin itirilməsi və aşağı əmək haqqı, bir çox hallarda da iş qüvvəsi ixrac edən ölkələr üçün “beyin axını” kimi zərərli nəticələr doğurmurmu? Maliyyənin qloballaşması və kapitalın hərəkətinin sərbəstləşdirilməsi bir tərəfdən dünya üzrə kapitaldan daha səmərəli istifadə, fərdlər və firmalar üçün yüksək mənfəət və risqin diversifikasiyası imkanları yaradır, ancaq digər tərəfdən dövri olaraq qlobal maliyyə böhranları doğurmaqla (məs. 1997-ci il Asiya, 2008-2009-cu il ABŞ) xüsusilə də inkişaf etməkdə olan ölkələrə ciddi mənfi təsirlər göstərmirmi? Neft və digər mineral resurslar, su resursları həqiqətənmi artıq tükənmişdir? Dünya iqlim fəlakətinə doğrumu gedir?

Qloballaşmanın yaratdığı təhdidlər, onu dünyadakı bir sıra humanitar və ekoloji problemlərin səbəbkarı kimi görən anti-qloballaşma hərəkatının 1990-cı illərdən başlayaraq, güclənməsinə səbəb olmuşdur. Bu hərəkat qloballaşmanı, humanitar və ekoloji mənafelərin şirkət (əsasən də transmilli korporasiyalar) mənafelərinə qurban verilməsi, dünyada yoxsulluğun dərinləşməsi, kasıb ölkələrdə uşaq əməyindən istifadənin geniş yayılması, zəngin ölkələrdə iş yerlərinin itirilməsi və əmək haqqlarının aşağı salınması, ətraf mühitin çirkləndirilməsi və iqlim dəyişiklikləri kimi problemlərdə günahlandırır.

Qloballaşma əleyhdarlarının əsas arqumentlərindən biri də bu prosesin heç də təbii proses olmadığı, əsasən Qərb ölkələri tərəfindən idarə olunan, onların mənafelərinə cavab verən bir qlobal sistemin formalaşdırılması məqsədi daşıdığı, başqa sözlə qloballaşma deyil, bir növ qloballaşdırma prosesi olduğudur. Hətta bəzi iqtisadçılar bu prosesi fizikada olduğu kimi sıx (ağır) kütlənin yüngül kütləyə doğru hərəkət etməsi və ya onu təzyiqi altında saxlaması qaydasına oxşadırlar. Necə ki, ortadan ikiyə bölünmüş hovuzda dolu olan hissədən boş olan hissəyə doğru bir təzyiq yaranırsa və aradakı maneə qaldırıldıqda dolu hissədən boş hissəyə doğru böyük bir axın baş verirsə, bu gün dünyada baş verən qloballaşma prosesi də bundan fərqli deyildir. Belə ki, istehsal həcmi, kapital yığımı, texnoloji üstünlük, mədəni dərinlik və hərbi güc baxımından zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən qat-qat öndə olan inkişaf etmiş ölkələr qloballaşma nəticəsində bu ölkələrə doğru böyük bir təzyiq yaradırlar. Elə buna görə də bir çoxları qloballaşmanı Amerikanlaşdırma və Qərbliləşdirmə prosesi kimi də qələmə verir.

Qloballaşma əleyhdarlarının çox istifadə etdiyi digər bir arqument də ondan ibarətdir ki, bu proses nəticəsində ölkələr arasında qarşılıqlı iqtisadi asılılıq dərinləşir, bu isə bir ölkədə baş verən hər hansı iqtisadi problemin sürətlə dünyaya yayılmasına səbəb olur. Şübhəsiz ki, qloballaşma prosesi davam etdikcə, ölkələr arasında iqtisadi inteqrasiya da güclənir və bu da qarşılıqlı iqtisadi asılılığı artırır. Başqa sözlə desək, ölkələr arasında qarşılıqlı iqtisadi asılılığın səviyyəsi elə bir növ iqtisadi qloballaşmanın da səviyyəsini ifadə edir.

Bəs iqtisadi qloballaşmanın səviyyəsini müəyyən edərkən konkret olaraq, hansı göstəricilərdən istifadə edilir? İqtisadçılar istər ayrı-ayrı iqtisadiyyatların qloballaşma səviyyəsini, istərsə də bütövlükdə dünya iqtisadiyyatının qloballaşma səviyyəsini müəyyən etmək üçün adətən 3 kriteriyadan istifadə edirlər: ticarət axınları, kapital axınları, iş qüvvəsi axınları.

Ticarət axınları üçün ən çox istifadə edilən göstərici xarici ticarət dövriyyəsinin ümumi istehsal həcmindəki payıdır. Bu göstərici ölkə iqtisadiyyatı səviyyəsində hesablandıqda, iqtisadiyyatın açıqlıq indeksini ifadə edir və aşağıdakı kimi hesablanır:

Açıqlıq indeksi = (İxrac +İdxal) ÷ ÜDM

Xarici ticarət dövriyyəsinin ümumi istehsal həcmindəki payı qlobal səviyyədə hesablandıqda isə qlobal ixracın Ümumi Dünya Məhsulundakı payı göstəricisindən istifadə edilir.

Kapital axınları üçün geniş edilən göstəricilər xarici investisiyaların, çox vaxt da birbaşa xarici investisiyaların Ümumi Daxili Məhsulda və Ümumi Dünya Məhsulundakı payı göstəriciləridir.

İş qüvvəsi axınları üçün isə emiqrantimmiqrantların cəminin əhalinin orta illik sayındakı payı göstəricilərindən istifadə edilir. Bu ölkə səviyyəsində hesablandıqda, emiqrantların və immiqrantların cəminin ölkənin orta illik əhali sayındakı payı göstəricisindən, qlobal səviyyədə hesablandıqda isə immiqrantların qlobal sayının əhalinin orta illik qlobal sayındakı payı göstəricisindən istifadə edilir.

Hazırda dünyada bir sıra qurumlar tərəfindən qloballaşma, xüsusilə də iqtisadi qloballaşma səviyyəsi ölçülür və bunlar arasında ən geniş yayılmışı KOF İsveçrə İqtisadiyyat İnstitutu tərəfindən nəşr edilən KOF Qloballaşma İndeksidir. İndeks iqtisadi, sosial və siyasi qloballaşma alt indekslərindən ibarətdir. Şəkil 1-dən göründüyü kimi son 30-40 il ərzində dünya üzrə qloballaşma indeksi davamlı şəkildə yüksəlir və bu meyl iqtisadi, sosial və siyasi qloballaşma alt-indeksləri üçün də xarakterikdir. Təqdim edilən şəkildə diqqəti çəkən digər bir məqam isə iqtisadi qloballaşma alt indeksinin göstərilən dövr ərizində həm qloballaşma indeksindən, həm də onun digər alt-indekslərindən daim yüksək olmasıdır. Bu bir daha göstərir ki, qloballaşma prosesində iqtisadi qloballaşma aparıcı mövqeyə malikdir.

Şəkil 1. Dünya üzrə qloballaşma indeksi 1

Mənbə: KOF Index of Globalization 2017, KOF Swiss Economic Institute.

Şəkil 2-də qloballaşma indeksi üzrə dünya xəritəsi də təqdim edilmişdir. Xəritədən görünür ki, ən çox qloballaşmış ölkələr əsasən inkişaf etmiş ölkələrdən təşkil olunan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr olduğu halda, ən az qloballaşmış ölkələr əsasən Afrika, Latın Amerikası, Cənubi və Cənubi-Şərqi Asiyada yerləşən inkişaf etməkdə olan ölkələrdir.

Şəkil 2. Dünya üzrə qloballaşma xəritəsi

2

Mənbə: KOF Index of Globalization 2017, KOF Swiss Economic Institute.

Beləliklə, bu gün qloballaşma haqqında müxtəlif uzlaşmazlıqlar olsa da, onun zəruriliyi və qaçılmazlığı da bir həqiqətdir. Zəruridir, ona görə ki, dünyada kapital və iş qüvvəsindən istifadədə, başqa sözlə, mal və xidmətlərin istehsalında səmərəliliyi artırır, qaçılmazdır, ona görə ki, qlobal proses olduğundan heç bir ölkə ondan kənarda qala bilmir. Ancaq o da həqiqətdir ki, bu gün qloballaşmanın dayanıqlı, humanist və ədalətli prosesə çevirilməsi naminə qlobal əməkdaşlığa daha çox ehtiyac vardır.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

ABŞ iqtisadiyyatında lobbiçilik

Yaxud necə olur ki, milyarder Buffet katibəsindən daha az vergi ödəyir?

Dərs dediyim universitetdə hər semestr tələbələrimə verdiyim tövsiyələrdən biri də müasir iqtisadiyyatın, xüsusilə də qlobal iqtisadiyyatın işləmə mexanizmini daha dolğun dərk etmələri üçün ABŞ iqtisadiyyatını çox yaxşı öyrənmələridir. Hər dəfə də bu fikrimi ABŞ-ın dünyanın ən böyük iqtisadiyyatı olması, dünya iqtisadiyyatının başlıca innovasiya mənbəyi rolunda çıxış etməsi, mövcud beynəlxalq iqtisadi nizamın əsas qurucusu olması kimi amilləri sadalayaraq əsaslandırmağa çalışıram.

Tələbələrimizə bu tövsiyəni versək də, onu da etiraf etməliyik ki, Azərbaycan iqtisadçılarının da ən az tədqiq etdikləri mövzulardan biri ABŞ iqtisadiyyatıdır. Bu gün  ABŞ iqtisadiyyatı ilə bağlı Azərbaycan dilində yazılmış elmi və ya kütləvi əsərlərə rast gəlmək çətin olmaqla yanaşı, tərcümə əsərlər də demək olar ki, yox dərəcəsindədir.

Bilindiyi kimi ABŞ iqtisadiyyatı, kapitalizm, demokratiya və hüquq olmaqla üç başlıca institutun, başqa sözlə, “sacayaqlar”ın üzərində dayanır. Bu ölkədə hər üç institut bir-birini şərtləndirir və biri digərinin hesabına inkişaf edir. Bu gün ABŞ iqtisadiyyatını, onun işləmə mexanizmini daha yaxşı anlamaq, bu iqtisadiyyatın özünəməxsus bir sıra cəhətlərini, o cümlədən də lobbiçilik fəaliyyətləri və onların iqtisadiyyatdakı rolunu daha dərindən öyrənməkdən keçir. Lobbiçilik fəaliyyətləri, nəinki ABŞ iqtisadiyyatının və ya kapitalizminin, eyni zamanda ABŞ demokratiyasının və hüquq sisteminin də xarakterini anlamağa imkan verən başlıca cəhətlərdən biridir.

Lobbiçilik (ing. lobbying), ödəniş əsasında müəyyən maraq qruplarını təmsil edən fərdlərin və ya şirkətlərin həmin qrupların maraqlarına uyğun olaraq, dövlət məmurlarının və ya dövlət qurumlarının verdiyi qərarlara təsir göstərmə cəhdidir. Lobbiçiliyi həyata keçirənlərə də lobbiçi (ing. lobbyist) deyirlər. “Lobbiçilik” sözünün mənşəyi, parlamentlərin dəhlizləri ilə bağlıdır. Belə ki, lobbiçilər fəaliyyətlərini müştərilərinin maraqları naminə əsasən parlament üzvlərinə parlamentlərin dəhlizlərində təsir göstərmək yolu ilə həyata keçirdiklərindən zaman keçdikcə bu fəaliyyətlər də ingiliscə “dəhliz” (ing. lobby) sözünə uyğun olaraq lobbiçilik adlandırılmışdır.

ABŞ-da lobbiçilik fəaliyyəti qanuni fəaliyyətdir və yerli hökumətlərdən fedreal hökumətə qədər dövlət idarəetməsinin bütün mərhələlərində mövcuddur. Bu ölkədə 1971-ci ildə qeydiyyata düşmüş lobbiçilik şirkətlərinin sayı 175 olduğu halda, hazırda bu say 14000-ə yaxınlaşmışdır. Həmin şirkətlər ABŞ Konqresi üzvlərinə təsir göstərmək üçün hər il təxminən 3,5 milyard dollar məbləğində pul xərcləyirlər. Lobbiçilər Konqres üzvlərinin onların müştərilərinin maraqları yönündə səs vermələrinə nail olmaq üçün günboyu Konqres dəhlizlərində aktiv çalışırlar. Lobbiçilərin əksəriyyəti hüquqşünaslardan, keçmiş Konqres üzvlərindən, senatorlardan və dövlət məmurlarından ibarət olur.

Bu gün ABŞ-da demək olar ki, bütün iqtisadi sektorların lobbiçiliyini edən lobbiçilik şirkətləri və ya şəxslər mövcuddur. Ən güclü lobbiçilər, böyük iqtisadi sektorların, xüsusilə də neft, kənd təsərrüfatı, əczaçılıq və müdafiə sektorlarının lobbiçiləri sayılır. Neft sektoru lobbiçiləri daha çox dövlətdən subsidiyalar və digər imtiyazlar əldə etməyə çalışır. Kənd təsərrüfatı sektoru lobbiçiləri daha çox böyük fermərlərə xidmət edir. Əczaçılıq sektoru lobbiçiləri çox vaxt dərman qiymətlərinin yüksək səviyyədə saxlanılması üçün lobbiçilik edirlər. Müdafiə sektoru lobbiçiləri isə dövlətin daha çox silah və digər hərbi məhsullar satın almasına çalışırlar.

ABŞ-da sağlamlığın təmin edilməsi, ekologiyanın qorunması, təhsilin inkişafı, cinsi və irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi istiqamətlərdə çalışan lobbiçilər də mövcuddur, ancaq bu lobbiçilər digərləri ilə müqayisədə elə də böyük gücə malik deyildir. Çünkü iqtisadi gücü əlində tutan zəngin təbəqə daha çox birbaşa öz maraqlarının reallaşmasına xidmət edən lobbiçilik fəaliyyətlərini maliyyələşdirməyə üstünlük verirlər.

Əslində qanunvericilik lobbiçilərin məmurları və ya Konqres üzvlərini ələ almasına icazə vermir. Lobbiçilərin işi sadəcə qərar qəbul edəcək bu şəxsləri məlumatlandırmaq və inandırmaqdır. Onlar təmsil etdikləri müştərilərinin maraqlarını qorumaq məqsədilə qərar qəbul edəcək məmurlara və ya Konqres üzvlərinə sadəcə müvafiq problemlə bağlı məlumat verməli, bununla da onların düzgün qərar qəbul etmələrinə kömək etməlidirlər.

ABŞ-da lobbiçilik, qanunverciliklə icazə verilən normal fəaliyyət kimi qəbul olunsa da, təcrübədə bir sıra fəsadlarının olduğu da açıqdır. Bu fəsadlar ilk növbədə ABŞ-da siyasətin maliyyələşdirilməsi mexanizmlərindən irəli gəlir. Belə ki, ABŞ-da seçki kampaniyaları çox böyük məbləğdə pullar tələb edir və bu pulları namizədin və ya onun partiyasının verməsi əksər hallarda mümkünsüdür. Ona görə də maliyyələşmə əsasən ianələr yolu ilə təmin edilir. Bu ölkədə lobbiçilik şirkətləri ayrı-ayrı siyasətçilərin seçki kompaniyalarını maliyyələşdirmək üçün ianələr verə bilirlər və bu qanunvericiliklə qadağan edilmir. Siyasətçilər onların seçki kampaniyasına hansı lobbiçilərin nə qədər ianə verdiyini və bu lobbiçilərin hansı iqtisadi sektorların və böyük şirkətlərin maraqlarını təmsil etdiklərini də yaxşı bilirlər. Belə olduğu təqdirdə, həmin siyasəçilərin fəaliyyətlərində bu lobbiçilərin və onların təmsil etdiyi iqtisadi qrupların maraqlarını nəzərə almamaları demək olar ki, mümkün deyildir.

Digər tərəfdən, lobbiçilik kifayət qədər gəlirli iş olduğundan əksər siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində çalışmağa böyük həvəs göstərirlər. Məsələn, ABŞ-da hər hansı bir keçmiş konqresmen hər hansı bir lobbiçilik şirkətində çalışaraq lobbiçilik edərsə, konqresmen olduğu dövrdə əldə etdiyi gəlirdən qat-qat daha çox gəlir əldə etmək imkanı var. Belə olduğu təqdirdə də, siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində iş tapmaqda çətinlik çəkməmək üçün əsasən bu şirkətlərin maraqlarını nəzərə almağa çalışırlar.

Göründüyü kimi, ABŞ-da dövlətin aldığı iqtisadi qərarlara zəngin təbəqə böyük təsir imkanına malikdir və təcrübə göstərir ki, alınan qərarlar da əsasən bu təbəqənin maraqlarına xidmət edir. Məsələn, Filip Kotler “Kapitalizmlə üzləşmək” adlı kitabında (2015) qeyd edir ki, zənginlərdən alınan vergilərin artırılması qərarının ABŞ Konqresindən keçməsi demək olar ki, mümkün deyildir. Çünkü Konqres üzvləri seçki kampaniyalarını əsasən zənginlərin verdiyi ianələr hesabına maliyyələşdirirlər, zənginlər isə mümkün qədər az vergi verməyi sevirlər.

Nəticədə nə baş verir? O baş verir ki, məsələn, ABŞ-da Warren Buffet kimi zənginlərin kapital gəlirlərinə tətbiq edilən verginin dərəcəsi, onun katibəsinin əmək haqqına tətbiq edilən verginin dərəcəsindən aşağı ola bilir. Hətta Buffet, bir dəfə bundan xəcalət çəkdiyini ifadə etsə belə…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

Filip Kotler belə mərhəmətli kapitalizm axtarışındadırsa…

Kapitalizmin, ortaya çıxdığı gündən bu tərəfə bütün alternativlərinə qalib gələrək, dünyanın əsas iqtisadi sisteminə çevrildiyi şübhəsizdir. Eyni zamanda bu iqtisadi sistemi fasiləsiz şəkildə tətbiq edən ölkələrin adambaşına düşən gəlirlərinin 100-200 ABŞ dolları səviyyəsindən bu günkü 30-100 min ABŞ dolları səviyyəsinə çatdığı və digər ölkələrlə müqayisə edilməyəcək dərəcədə yüksək rifaha nail olduqları da inkarolunmaz həqiqətdir. Amma buna baxmayaraq, kapitalizm hər zaman tənqidlərə məruz qalmışdır. Tənqidçilərin bəziləri kapitalizmə tamamilə alternativ iqtisadi sistem axtarışlarında olmuş, bəziləri isə bu sistemi təkmilləşdirmə istiqamətində düşünmüşdür. Təcrübə göstərir ki, bu günə qədər kapitalizmin bütün rəqiblərini üstələyərək, əsas iqtisadi sistem kimi çıxış etməsi, məhz onu təkmilləşdirmə istiqamətində ortaya qoyulan ideya və baxışlara borcludur.

Kapitalizmə yönəlmiş tənqidlərin hər dəfə maliyyə və iqtisadi böhranlardan sonra daha da intensiv xarakter aldığını görmək çətin deyildir. 2009-cu il qlobal iqtisadi böhranından sonra da bu istiqamətdə çoxlu sayda tədqiqatlar aparıldı, böhrandan çıxış yollarına və bütövlükdə kapitalist sistemin mövcud yetərsizliklərinə həsr edilmiş çoxlu sayda əsərlər ortaya qoyuldu. Bu əsərlər arasında birisi var ki, əslində dünyada çox böyük  rezonans doğurmalı olduğu halda, layiq olduğu diqqətdən kənarda qaldı. Fikrimcə, bunda əsərin yazarının, kapitalizmin qlobal güclərinin hər zaman arxalandığı çox nüfuzlu müəlliflərdən biri olmasının da payı az deyil. Həqiqətən də kapitalizm bu dəfə çox ciddi ideoloqlarından biri tərəfindən və çox ciddi şəkildə tənqid edilirdi. Bizim ölkəmizdə isə demək olar ki, bu kitabdan bəhs edən olmadı. Kapitalizmin hər hansı formada tənqidi ürəklərinə “yağ” kimi yayılan iqtisadçılar arasında belə bu əsər demək olar ki, müzakirə mövzusuna çevrilmədi.

Kapitalizmlə üzləşmək: problemli bir iqtisadi sistem üçün real həllər” (Confronting Capitalism: Real Solutions for a Troubled Economic System) adlı qeyd edilən kitab, “müasir marketinqin atası” kimi tanınan məşhur iqtisadçı Filip Kotler tərəfindən 2015-ci ildə qələmə alınmışdı. Kitab, kapitalizmlə bağlı mövcud tənqidi baxışların sistemli təqdimatı olmaqla yanaşı, həmçinin də Filip Kotlerin bu iqtisadi sistem haqqındakı konkret tənqidi fikirlərini və onun təkmilləşdirilməsi üçün irəli sürdüyü tövsiyələri özündə birləşdirən təsirli bir əsərdir. Təsadüfi deyil ki, “Financial Times” qəzeti Filip Kotlerin bu əsəri haqqında belə yazır: “Kapitalizmin tənqidi ilə bağlı bir problemimiz yoxdur. Ancaq tənqidçi Filip Kotlerdirsə, kapitalizm papağını qarşısına qoyub düşünməyə məcburdur!

Kotler, elə kitabının giriş hissəsində hər hansı bir ölkədə vətəndaşların “vəhşi kapitalizm”, “mərhəmətli kapitalizm” və “qatı sosializm” olmaqla üç müxtəlif iqtisadi sistemdən birini seçə biləcəklərini, özünün isə orta mövqedə dayanan “mərhəmətli kapitalizm”ə üstünlük verdiyini bəyan edir. O, belə bir kapitalizmə mövcud kapitalist sistemin qüsurlarını aradan qaldırmaqla nail oluna biləcəyini ifadə edir və bu sistemin düzəldilməli olan aşağıdakı 14 qüsurunu göstərir:

  1. Baş alıb gedən edən yoxsulluğu həll edə bilmir.
  2. Gəlir və rifahın bölgüsündə ədalətsizliyi gücləndirir.
  3. Milyardlarla işçiyə keçimlərinə yetəcək qədər əmək haqqı ödəmir.
  4. Getdikcə artan avtomatlaşdırma prosesləri qarşısında insanlar üçün kifayət qədər məşğulluq imkanları yaratmır.
  5. Şirkətlərə, fəaliyyətlərinin yol açdığı sosial problemlərin əvəzini ödətmir.
  6. Qanunvericilikdəki boşluqlardan istifadə edərək ətraf mühitə və təbii resurslara ziyan vurur.
  7. İqtisadi dalğalanmalara və qeyri-sabitliyə yol açır.
  8. Fərdiyyətçiliyi və şəxsi maraqları cəmiyyətin maraqlarından üstün tutur.
  9. İstehlakçıların borclanmasını təşviq edərək istehsal yönümlü iqtisadiyyat əvəzinə maliyyə yönümlü iqtisadiyyatı dəstəkləyir.
  10. Siyasətçilərin və şirkətlərin maraqlarını birləşdirərək xalqın böyük əksəriyyətinin maraqlarını arxa plana atmalarına imkan verir.
  11. Uzunmüddətli investisiya planlaşdırması əvəzinə qısamüddətli mənfəət planlaşdırmasını dəstəkləyir.
  12. Məhsulun keyfiyyəti, təhlükəsizlik, dürüst reklam, rəqabətin qarşısını alan davranışlarla bağlı tənzimləmələrə ehtiyacı var.
  13. Yalnız ÜDM-nin artımına əhəmiyyət verir.
  14. İctimai dəyərlərin və xoşbəxtliyin də bazar tarazlığında nəzərə alınmasına ehtiyac var.

Kotlerin qeyd olunan qüsurlarla bağlı təhlilləri, həm dünya, həm də ABŞ üzrə mövcud mənzərəni aydın şəkildə təqdim etməsi və oxucuları müvafiq nəticələr çıxarmağa sövq etməsi baxımından qiymətlidir. Kitabdakı faktlara və faktlar əsasında aparılan təhlillərə nəzər yetirdikdə, ABŞ cəmiyyətinin və iqtisadiyyatının bir sıra parametrlər üzrə dünyadakı mövcud yüksək imicinə heç də adekvat olmadığını da açıq şəkildə görmək mümkündür.

Hesab edirəm ki, iqtisadi islahatların gün keçdikcə daha da dərinləşdiyi ölkəmizdə, cəmiyyətimizin bu tipli müzakirələrdən kənarda qalması yolverilməzdir. Belə kitablar sürətlə ana dilimizə tərcümə edilməli, müvafiq elm və təhsil müəssisələrimizdə onların müzakirələri keçirilməlidir. Kapitalist sistemin ən qatı ideoloqları belə bu gün bu sistemi tənqid edərək, onun təkmilləşdirmə yollarını tapmağa çalışırlarsa, bizim də bu müzakirələri müasir iqtisadiyyat quruculuğu prosesində nəzərə almağımız zərurdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı kimi qurumlar önəmli qurumlardır. Ölkələrin bu qurumlarla əməkdaşlıq etməsi də önəmlidir. Ancaq nəzərə almaq lazımdır ki, çox vaxt müasir kapitalizmin “qalaları” adlandırılan bu qurumlar, onlar üçün əvvəlcədən yazılmış prinsiplər əsasında, müəyyən edilmiş dəyərlər əsasında fəaliyyət göstərirlər və ölkələrə təqdim etdikləri reseptlər də bu prinsip və dəyərlərə söykənir. Dünyada isə alternativ ideyalar, baxışlar, reseptlər çoxdur. Sadəcə bütün bunları öyrənmək, təhlil etmək və ölkə üçün düzgün nəticələr çıxarmaq lazımdır. Bu isə ilk növbədə biz iqtisadçıların işidir…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

Qumdan “çip” istehsal edən iqtisadiyyatı necə qurmalı?

Yaxud bilik iqtisadiyyatına keçidin zəruri şərtləri haqqında

XX əsrin 60-70-ci illərindən başlayaraq elektronlaşmada və informasiya-kommunikasiya texnologiyalarında ortaya çıxan inqilabi yenilikləri, onların sürətlə iqtisadiyyata tətbiqini və xidmətlər sektorunun ciddi şəkildə yüksəlişini nəzərə alan elm adamları dünya iqtisadiyyatının inkişafındakı bu yeni mərhələni müxtəlif terminlərlə ifadə etməyə başladılar. Bu terminlərdən biri də Peter Drucker tərəfindən populyarlaşdırılan “bilik iqtisadiyyatı” terminidir (ing. knowledge economy və ya knowledge based economy). Bilik iqtisadiyyatı, dünya iqtisadiyyatının bu yeni inkişaf mərhələsində, yaradılan hər bir əlavə dəyərin daha çox bilikdən istifadəyə əsaslanmasını, başqa sözlə iqtisadi fəaliyyətlərin getdikcə xammaltutumlu, əməktutumlu, enerjitutumlu olmaqdan çıxaraq daha çox biliktutumlu olmasını ifadə edir.

Müasir iqtisadiyyatda bilik, yaradılan əlavə dəyərin başlıca mənbəyi olduğu kimi rəqabət gücünü də təmin edən əsas amildir. Artıq dünyada ucuz xammala, ucuz əmək ehtiyatlarına əsaslanan iqtisadiyyatlar, biliyə, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatlar qarşısında rəqabət etməkdə çətinlik çəkirlər. Bir qədər obrazlı ifadə etsək, bu gün qumu yalnız tikinti materialı kimi istifadə edən təbii resurslara əsaslanan iqtisadiyyatlar yoxsul, qumu şüşə istehsalında istifadə edən sənayeləşmiş iqtisadiyyatlar orta gəlirli, qumu “çip” istehsalında (“çip”lər qumdan alınan silikondan hazırlanır) istifadə edən biliklərə əsaslanan iqtisadiyyatlar isə zəngin iqtisadiyyatlardır.

Biliyə əsaslanan iqtisadi fəaliyyətlər daha yüksək əlavə dəyərə malik məhsulların istehsalına, daha yüksək məhsuldarlığa imkan verdiyindən, ölkələrin də sürətlə zənginləşməsinə səbəb olurlar. Bu gün pambıq, pomidor kimi məhsullar istehsal edən iqtisadiyyatlar ilə mobil telefon, mikroprosessor kimi məhsullar istehsal edən iqtisadiyyatların məhsuldarlıq səviyyələri arasındakı fərqin uçurum olduğuna yəqin ki, heç kim etiraz etməz. Bir son model “i-phone” markalı telefonu idxal etmək istəyən pomidor istehsalçısı bir ölkənin nə qədər pomidor ixrac etməli olduğunu və buna nə qədər vaxt və əmək sərf etməli olduğunu düşündükdə, hesab edirəm ki, məsələ kifayət qədər aydın olur.

Şübhəsiz ki, zamanla iqtisadi fəaliyyətlərin xarakteri dəyişsə də, məqsədi heç vaxt dəyişmir. Bilik iqtisadiyyatında da iqtisadi fəaliyyətlərin məqsədi daha yüksək iqtisadi artıma nail olaraq əhalinin həyat səviyyəsini daha da yüksəltməkdir. Biliyin strateji məhsula çevrildiyi bilik iqtisadiyyatında iqtisadi artımın da əsas mənbələri kimi insan kapitalı və texnologiya çıxış edir. Elmə və təhsilə qoyulan investisiyalar yeni biliklər və yüksək insan kapitalı doğurur, bunlar innovasiyalara (texnologiyalar) və onların iqtisadiyyata tətbiqinə imkan verir, sonuncu iqtisadi artımı sürətləndirir, daha yüksək iqtisadi artım da elmə və təhsilə daha çox investisya qoymağa şərait yaradır. Göründüyü kimi bilik iqtisadiyyatında elm və təhsilin inkişafı ilə iqtisadi artım arasında belə bir zəncirvari əlaqə mövcuddur. Onun üçün də resurslar hesabına iqtisadi artım əldə edən ölkələr bilik iqtisadiyyatına keçidi təmin etmək üçün tədricən elmə və təhsilə investisiyaları artıraraq bu zəncirvari əlaqənin qurulmasına nail olmağa çalışmalıdırlar.

Bilik iqtisadiyyatında dövlətin də artan rolu var. Belə ki, dövlət ilk növbədə özəl sektorun təkbaşına öhdəsindən gələ bilməyəcəyi təhsil müəssisələrinin, tədqiqat universitetlərinin, texno-parkların, bir sözlə yüksək keyfiyyətli milli təhsil və innovasiya sistemlərinin formalaşdırılmasında aktiv iştirak etməli, onların yaratdığı innovasiyalar və insan kapitalı ilə iqtisadiyyatın ehtiyacları arasındakı koordinasiyanın pozulmasına yol verməməlidir.

Dövlətin etməli olduğu digər bir iş də azad bazar mexanizminin qaydalarını qəbul etmək və onların icrasına nəzarət etməkdir. Bu qaydalar bir tərəfdən rəqabəti, təşəbbüskarlığı, yaradıcılığı, yenilikçiliyi təşviq etdiyi halda, digər tərəfdən də haqsız rəqabətin qarşısını almalıdır. Nəzərə almaq lazımdır ki, bilik iqtisadiyyatı həm də yaradıcı iqtisadiyyatdır. Yaradıcılıq fəaliyyətləri isə azad rəqabət mühitini, eləcə də intellektual mülkiyyət hüquqlarının ciddi şəkildə qorunmasını tələb edir.

Qeyd edilənlərlə yanaşı, dövlət makroiqtisadi vəziyyətin stabilliyini də təmin edə bilməlidir. Çünkü bilik iqtisadiyyatı getdikcə iqtisadi qloballaşmanı daha da dərinləşdirir və nəticədə iqtisadiyyatların açıqlıq səviyyəsinin mühüm dərəcədə yüksəldiyi qlobal iqtisadiyyat şəraitində makroiqtisadi mühitinin dayanıqlığını təmin etmək də çətinləşir. Bu isə əvvəlki dövrlərlə müqayisədə daha çevik makroiqtisadi siyasətə ehtiyacı artır.

Göründüyü kimi, qumdan “çip” istehsal edən iqtisadiyyatı qurmaq, yüksək innovasiyalar və insan kapitalı doğuran elm və təhsil investisiyalarından, təşəbbüskarlığı və innovativ fəaliyyətləri stimullaşdıran və göz bəbəyi kimi qoruyan hüquq sisteminin formalaşmasından və  əlverişli makroiqtisadi mühiti təmin edən çevik makroiqtisadi siyasətdən keçir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

Regionlarda universitetlər açmalı, yoxsa universitetləri regionların üzünə açmalı?

Yaxud Azərbaycanda “Viskonsin ideyası”nı mövcud universitetlərlə reallaşdırmaq olmazmı?

Zaman-zaman mediada Azərbaycanın ayrı-ayrı regionlarında universitetlərin açılması zəruriliyinə dair yazılarla, fikirlərlə tanış oluruq. Hətta bu istiqamətdə konkret təkliflə çıxış edənləri də görürük. Heç şübhəsiz ki, regionlarımızın universitet hərəkatından kənarda qalması  arzuolunan hal deyil. Hətta konkret desək, bu yolverilməzdir. Ancaq bütün məsələlərdə olduğu kimi bu məsələdə də populizmdən uzaq, elmi əsaslara dayanan fikir və yanaşmalara ehtiyacımızın olduğunu düşünürəm.

İlk növbədə, onu qeyd etməliyəm ki, universitetlərə məşğulluq yeri kimi, əmlaka, kirayə evlərə, yaşayış vasitələrinə tələbi artıran vasitə kimi baxaraq, regionlarda yeni universitetlərin açılmasına çalışmaq çox təhlükəli təşəbbüsdür. Bu universitetlərin mahiyyətini, əsas funksiyalarını anlamamaqdır. Doğrudur, universitetlər müəssisə kimi yerləşdiyi regionda qeyd edilən iqtisadi təsirləri yarada bilirlər. Ancaq bu təsirləri universitet olmayan başqa müəssisələrlə də yaratmaq mümkündür. Universitet ilk növbədə keyfiyyətli təhsili, yüksək effektli tədqiqatları, intensiv sosial fəaliyyətləri ilə həqiqi universitet tələblərinə cavab verməli və bunlarla sosial-iqtisadi inkişafa xidmət etməlidir.

İkincisi, universitet hər yerdə qurula bilməz. Nəzərə almaq lazımdır ki, tələbələrin təhsili, onların yetişməsi təkcə universitet divarları arasında baş vermir. Tələbələrin yaxşı yetişməsində təhsil aldıqları universitetlə yanaşı, yaşadıqları ərazidəki innovasiyaların, sosial-iqtisadi və mədəni infrastrukturun, həyat tərzinin və mədəni mühitin də həlledici rolu vardır.  Teatrlardan, kinoteatrlardan, kitabxanalardan, sərgilərdən, inkişaf etmiş nəqliyyat sistemlərindən, yüksək mədəni davranış tərzi aşılayan ictimai iaşə infrastrukturundan və.s məhrum olan ərazilərdə tələbələrin istənilən səviyyədə yetişməsi də çox çətin məsələdir.

Üçüncüsü, yeni universitetlərin açılması ilə bağlı qərarlar verildikdə, ölkənin maliyyə resursları, kadr potensialı mütləq nəzərə alınmalıdır. Yaşı, az qala əsri dolduran çoxlu sayda universitetlərindən istədiyi nəticəni ala bilməyən, onları dünyanın ilk 500, ilk 1000 universitetləri arasında görə bilməyən ölkələr, ilk növbədə yeni universitetləri hansı maliyyə və kadr potensialı ilə quracağı haqqında da düşünməlidirlər. Bəlkə potensiallarından mövcud universitetlərini inkişaf etdirmək istiqamətində istifadə etmələri daha doğru addım ola bilər?

Dördüncüsü, universitetlərin regional paylanmasında ölkənin ərazi ölçüsü, əhali sayı və iqtisadiyyatın miqyası da mütləq nəzərə alınmalıdır. Bu baxımdan “kiçik ölkələr”in ABŞ, Almaniya, Çin, Rusiya, Türkiyə kimi ölkələrlə müqayisə edilməsi tamamilə yalnış olardı. Özünü bu ölkələrlə müqayisə edərək hər regionda bir universitet qurmağa çalışmaq, heç şübhəsiz ki, resurslardan səmərəsiz istifadə problemini doğuracaqdır.

Universitetlərlə bağlı ədəbiyyatlarda “Viskonsin ideyası” (Wisconsin idea) deyilən klassik bir anlayış var.  Belə ki, 1905-ci ildə ABŞ-ın Viskonsin əyalətində yerləşən Viskonsin Universitetinin rektoru Çarlz Von Hayz (Charles Von Hise) “Universitetimizin faydalı təsirini ştatımızdakı hər bir ailə hiss etmədikcə mən məmnun qala bilmərəm” deyərək, Viskonsin Universitetini bütövlükdə yerləşdiyi ştatın iqtisadi, sosial və mədəni həyatına mühüm dərəcədə təsir göstərən quruma çevirmək yolunda addımlar atmağa başlayır. Məhz həmin dövrdən başlayaraq “təhsil sinif otaqlarından kənarda qalan insanların həyatına təsir göstərməldir” prinsipini özünün əsas fəlsəfəsinə çevirən Viskonsin Universiteti, bu gün universitetlərin regional inkişafdakı rolundan bəhs edən elmi ədəbiyyatlarda nümunə kimi göstərilir və onun bu rolu “Viskonsin ideyası” adı altında öyrənilir.

economic_impact72

Bəs bu gün “Viskonsin ideya”sını xarakterizə edən əsas göstəricilər nələrdir? Yuxarıda təqdim etdiyimiz şəkildən də gördüyünüz kimi hazırda Viskonsin Universiteti:

  • Viskonsin ştatının iqtisadiyyatına illik təxminən 15 milyard dollarlıq töhvə verir;
  • Ona bu və ya digər şəkildə bağlı olan şirkətlər 193 310 iş yerinə və illik 847,5 milyon dollarlıq vergi ödəmələrinə malikdir;
  • Onunla bu və ya digər şəkildə əlaqəli olan 311 start-up şirkəti 25 minə yaxın iş yeri yaratmaqla ştat iqtisadiyyatına 2,3 milyard dollarlıq töhvə verir;
  • Çoxlu sayda ekstern ofisləri, tədqiqat stansiyaları, hospital və klinikaları ilə Viskonsin ştatının demək olar ki, hər tərəfini əhatə edir;
  • İllik 1,12 milyard dollarlıq tədqiqat xərcləri ilə Harvardı  belə ötərək ABŞ universitetləri arasında 4-cü sıradadır.  Bu göstəricisinə görə 25 ildir ki, ilk 5 universitet arasında olan yeganə universitetdir;
  • Patentlərinin sayına görə ABŞ universitetləri arasında 6-cı sıradadır;
  • Akademik və inzibati heyəti, tələbələri və qonaqları ilə birlikdə hər il ştatda 5 milyar dollar pul xərcləyir;
  • İstifadə etdiyi hər 1 dollarlıq ştat vergisi, Viskonsin ştatında 24,14 dollarlıq iqtisadi fəaliyyətə çevrilir;
  • Sonuncu kurs tələbələrinin 94%-i, birinci kurs tələbələrinin isə 92%-i bu universitetdə əldə etdikləri təcrübəni “yaxşı” və ya “çox yaxşı” kimi qiymətləndirir.

Azərbaycanın regionlarında yeni universitetlər açmağı təklif edənlər, həmin regionlarda bu yolla “Viskonsin ideya”sının reallaşacağını sübut edə bilərlərsə, təklifləri heç şübhəsiz ki, alqışlanmalıdır. Yox, bunu sübut edə bilmirlərsə,  onda “Viskonsin ideyası”nı mövcud universitetlərimizlə reallaşdırmağın yollarını axtaranlara dəstək olmaları daha məqsədəuyğundur. Mövcud universitetlərimiz inkişaf edərək, bir gün filialları, tədqiqat stansiyaları, konsaltinq xidmətləri, distant təhsil proqramları, “start-up”ları, keyfiyyətli məzunları, nəşrləri, sosial fəaliyyətləri və.s ilə ABŞ-ın bir çox ştatından da kiçik olan Azərbaycanın nəinki bir regionunda, hətta bütövlükdə ölkə miqyasında “Viskonsin ideyası”nı reallaşdıra bilməzmi? Fikrimcə, bu hədəf əlçatmaz  deyildir. Sadəcə məqsədyönlü çalışma tələb edir. Daha konkret desək, aparılan islahatlarla universitetləri öz funksiyalarını tam şəkildə yerinə yetirə biləcək qurumlara çevirməyi nəzərdə tutur.  Ona görə də hesab edirəm ki, bu gün bizi düşündürməli olan “regionlarda yeni universitetləri necə açmalı?” sualı deyil, “universitetlərimizi regionların üzünə necə açmalı?” sualıdır.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

Tələbə kreditləri haqqında

bagirzadeh_2019_07_02

Elşən Bağırzadə: “Bu gün ali təhsil müəssisələrinin maliyyə dayanıqlığı tələbələrin təhsil haqlarından asılıdır. Ona görə də belə bir kredit mexanizminin yaradılması həm də dövlətin ali təhsil müəssisələrinə dəstəkdir. Belə bir kredit mexanizmi olsa, tələbələr təhsil haqqının ödənişində o qədər də problem yaşamayacaqlar və universitetlər də normal fəaliyyət göstərəcək”.

Daha ətraflı: https://sputnik.az/science/20190311/419727605/telebeler-guzeshtli-kredit-verilsin.html

Standart
İqtisadi gündəm

Mənzillərlə bağlı fərman haqqında …

Elşən Bağırzadə: “Dövlət imkan yaradır ki, müəyyən çatışmazlıqlar olsa belə, insanların Çıxarış sənədləri ilə təmin olunması həyata keçirilsin və həmin əmlak iqtisadi dövriyyəyə daxil olsun. Bundan sonra tam şəkildə vətəndaşlar öz mülkiyyətlərindən rahatlıqla istifadə edəcəklər. Bu, vətəndaşların iqtisadi imkanlarının genişlənməsinə gətirib çıxarır” … Daha ətraflı: https://sputnik.az/life/20190306/419680255/may-iyunda-binalar-istismara-alinacaq.html

Standart