Dr. Elşən BAĞIRZADƏ

CV

4 sentyabr 1982-ci ildə Masallı Rayonunun Köhnə Alvadı kəndində doğulmuşdur. Ulu babaları  təxminən Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı dövrlərdə “İranın Türkmən Yatağı” deyilən Qaradağ vilayətindən  köçərək indiki Masallı rayonu ərazisinə yerləşmişdir.

İlk və orta təhsilini Masallı Rayonu Köhnə Alvadı kənd orta məkəbində almış, 1999-cu ildə isə Riyaziyyat və ingilis dili təmayüllü Masallı şəhər “Dəfinə” liseyini bitirmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetində (indiki UNEC) iqtisadiyyat üzrə 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr, 2013-cü ildə isə fəlsəfə doktoru dərəcələri qazanmışdır. Bakalavr təhsilini Dünya Bankının maliyyə dəstəyi ilə təşkil olunan və Azərbaycanda ilk kredit sistemi əsasında fəaliyyət göstərən “Eksperiment Qrup”da almış,  magistr pilləsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Doktorantura pilləsində Azərbaycanda ilk dəfə olaraq (bu günə qədər yeganə olaraq) gizli (qeyri-rəsmi) iqtisadiyyat probleminə həsr edilmiş  dissertasiyasını uğurla müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Azərbaycan Dövlət İqtisad Universitetində 2006-cı ildən əmək fəaliyyətinə başlamış, hazırda bu fəaliyyətini Rektorun müşaviri, “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti və Universitet Elmi Şurasının üzvü kimi davam etdirir.

Müxtəlif illərdə və müxtəlif ölkələrdə çoxlu sayda təkmilləşdirmə kursu, seminar, təcrübə mübadiləsi və treninq keçmiş, eləcə də Uludağ, Hacettepe və Beynəlxalq Kipr universitetlərində elmi araştırmalar aparmışdır.

Elmi tədqiqat nəticələrini Azərbaycan, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Almaniya, Kipr və Kosova kimi müxtəlif ölkələrdə təşkil edilmiş elmi tədbirlərdə təqdim etmişdir. Milli və beynəlxalq resenziyalı elmi jurnallarda bir çox məqalələri nəşr edilmişdir.

Vaxtaşırı olaraq, müxtəlif media orqanlarında iqtisadiyyat və ali təhsil mövzularında fikirlərini ictimaiyyətlə bölüşür.

Başlıca tədqiqat sahələri makro, beynəlxalq və inkişaf iqtisadiyyatıdır.

Hazırda Azərbaycanda ilk dəfə olaraq “Orta Gəlir Tələsi: diaqnostikası və qarşısının alınması yolları” mövzusunda iqtisad elmləri doktorluğu dissertasiyası üzərində işləyir.