Elm və təhsil

ABŞ-da elmi dərəcə və adlar (vəzifələr) necə qazanılır? – Qısa baxış

ABŞ-da elmi dərəcələr və elmi adların (vəzifələrin) verilməsində mərkəzləşdirilmiş tənzimləmə mexanizmi yoxdur. Bu ölkədə elmi dərəcə və adlar (vəzifələr) universitetlər tərəfindən verilir və onlar bu sahədə tam sərbsətdir. Hər bir universitet elmi dərəcə və elmi adların (vəzifələrin) verilməsinin prosedur qaydalarını özü müəyyən edir və onların verilməsini təsdiq edən rəsmi sənədi də özü təqdim edir.

Hazırda ABŞ-da universitetlər əsasən “doktor” (PhD) elmi dərəcəsi, “asissent professor” (assistant professor), “assosiativ professor” (associate professor) və “professor” (full professor) elmi adlarını (vəzifələrini) verirlər. Bu vəzifələrdən öncə müqaviləli və müvəqqəti “post-doktorant” (postdoc), “instructor/adjunct professor” kimi vəzifələri də tutmaq mümkündür.

ABŞ dünyada doktorantura təhsilinin ən ciddi olduğu ölkələrdən biridir. Mühazirələrin dinlənilməsi, imtahanların verilməsi, dissertasiyanın yazılıb, müdafiə edilməsi ilə tamamlanan bu təhsilin sonunda kifayət qədər prestijli olan “PhD” elmi dərəcəsi əldə edilir və bu ən yüksək elmi dərəcə hesab edilir. Hazırda ABŞ-da “PhD” dərəcəsini əldə etmədə orta yaş 37-dir.

Bəzi universitetlər çox məhdud sayda “universitet professoru” və pensiyaya çıxan professorlara “emeritus professor” fəxri elmi adlarını verirlər. Bununla yanaşı, ABŞ universitetlərində kənar maliyyələşmə əsasında adlı professor vəzifəsinə, müqavilə əsasında “tədqiqatçı professor” və “praktika professoru” kimi vəzifələrə də rast gəlmək mümkündür.

“Assosiativ professor” və “professor” elmi adları (vəzifələri) alanlar universitetdə daimi ştat hüququ qazanırlar. Buna görə də bütün “asissent professor”ların hədəfi və xəyalı bu elmi adları (vəzifələri) əldə etməkdir.

“Asissent professor” elmi adı (vəzifəsi) professorluğun başlanğıc səviyyəsidir. Əsasən “PhD” dərəcəsini və ya post-doktorantura tədqiqatlarını tamamlayanlara verilir. 5-7 il sonra daimi ştata (tenured) keçə bilməyən “asissent professor”lar universitetdən kənarlaşdırılır.

“Assosiativ professor” elmi adı (vəzifəsi) professorluğun orta səviyyəsidir. Bu adı (vəzifəni) tutmaq üçün elan verilir. Əsasən “asissent professor”lar müraciət edirlər. Onlar bu vəzifəyə kənar rəyçilər, bölmələrində yaradılan komitə, bölmələrinin səsverməsi, dekanın və universitet idarə heyətinin qiymətləndirməsindən sonra Rektor tərəfindən təyin edilirlər. Qiymətləndirmələrdə elmi, pedaqoji və sosial fəaliyyətlər nəzərə alınır.

“Professor” ən yüksək elmi addır (vəzifədir) və bu elmi adı (vəzifəni) tutmaq üçün də elan verilir. Əsasən “assosiativ professor”lar müraciət edir. Bu zaman da əvvəlki mərhələyə oxşar seçki proseduru tətbiq edilir. ABŞ-da bu adı (vəzifəni) 45 yaşından tez əldə edən şəxs nadir hallarda olur. Qiymətləndirmələrdə elmi, pedaqoji və sosial fəaliyyətlər nəzərə alınır.

ABŞ-da verilən elmi adlar (vəzifələr) əsasən universitetdə çalışılan dövrdə qüvvədə olur, başqa sözlə yalnız çalışılan universitetdə istifadə edilə bilir.

Elmi dərəcə və adların verilməsinin ABŞ modeli Şimali Amerika modeli də adlandırılır və son dövrlərdə Anglo-sakson ölkələrində, Qitə Avropası ölkələrində geniş yayılmağa başlamışdır.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

ABŞ iqtisadiyyatında lobbiçilik

Yaxud necə olur ki, milyarder Buffet katibəsindən daha az vergi ödəyir?

Dərs dediyim universitetdə hər semestr tələbələrimə verdiyim tövsiyələrdən biri də müasir iqtisadiyyatın, xüsusilə də qlobal iqtisadiyyatın işləmə mexanizmini daha dolğun dərk etmələri üçün ABŞ iqtisadiyyatını çox yaxşı öyrənmələridir. Hər dəfə də bu fikrimi ABŞ-ın dünyanın ən böyük iqtisadiyyatı olması, dünya iqtisadiyyatının başlıca innovasiya mənbəyi rolunda çıxış etməsi, mövcud beynəlxalq iqtisadi nizamın əsas qurucusu olması kimi amilləri sadalayaraq əsaslandırmağa çalışıram.

Tələbələrimizə bu tövsiyəni versək də, onu da etiraf etməliyik ki, Azərbaycan iqtisadçılarının da ən az tədqiq etdikləri mövzulardan biri ABŞ iqtisadiyyatıdır. Bu gün  ABŞ iqtisadiyyatı ilə bağlı Azərbaycan dilində yazılmış elmi və ya kütləvi əsərlərə rast gəlmək çətin olmaqla yanaşı, tərcümə əsərlər də demək olar ki, yox dərəcəsindədir.

Bilindiyi kimi ABŞ iqtisadiyyatı, kapitalizm, demokratiya və hüquq olmaqla üç başlıca institutun, başqa sözlə, “sacayaqlar”ın üzərində dayanır. Bu ölkədə hər üç institut bir-birini şərtləndirir və biri digərinin hesabına inkişaf edir. Bu gün ABŞ iqtisadiyyatını, onun işləmə mexanizmini daha yaxşı anlamaq, bu iqtisadiyyatın özünəməxsus bir sıra cəhətlərini, o cümlədən də lobbiçilik fəaliyyətləri və onların iqtisadiyyatdakı rolunu daha dərindən öyrənməkdən keçir. Lobbiçilik fəaliyyətləri, nəinki ABŞ iqtisadiyyatının və ya kapitalizminin, eyni zamanda ABŞ demokratiyasının və hüquq sisteminin də xarakterini anlamağa imkan verən başlıca cəhətlərdən biridir.

Lobbiçilik (ing. lobbying), ödəniş əsasında müəyyən maraq qruplarını təmsil edən fərdlərin və ya şirkətlərin həmin qrupların maraqlarına uyğun olaraq, dövlət məmurlarının və ya dövlət qurumlarının verdiyi qərarlara təsir göstərmə cəhdidir. Lobbiçiliyi həyata keçirənlərə də lobbiçi (ing. lobbyist) deyirlər. “Lobbiçilik” sözünün mənşəyi, parlamentlərin dəhlizləri ilə bağlıdır. Belə ki, lobbiçilər fəaliyyətlərini müştərilərinin maraqları naminə əsasən parlament üzvlərinə parlamentlərin dəhlizlərində təsir göstərmək yolu ilə həyata keçirdiklərindən zaman keçdikcə bu fəaliyyətlər də ingiliscə “dəhliz” (ing. lobby) sözünə uyğun olaraq lobbiçilik adlandırılmışdır.

ABŞ-da lobbiçilik fəaliyyəti qanuni fəaliyyətdir və yerli hökumətlərdən fedreal hökumətə qədər dövlət idarəetməsinin bütün mərhələlərində mövcuddur. Bu ölkədə 1971-ci ildə qeydiyyata düşmüş lobbiçilik şirkətlərinin sayı 175 olduğu halda, hazırda bu say 14000-ə yaxınlaşmışdır. Həmin şirkətlər ABŞ Konqresi üzvlərinə təsir göstərmək üçün hər il təxminən 3,5 milyard dollar məbləğində pul xərcləyirlər. Lobbiçilər Konqres üzvlərinin onların müştərilərinin maraqları yönündə səs vermələrinə nail olmaq üçün günboyu Konqres dəhlizlərində aktiv çalışırlar. Lobbiçilərin əksəriyyəti hüquqşünaslardan, keçmiş Konqres üzvlərindən, senatorlardan və dövlət məmurlarından ibarət olur.

Bu gün ABŞ-da demək olar ki, bütün iqtisadi sektorların lobbiçiliyini edən lobbiçilik şirkətləri və ya şəxslər mövcuddur. Ən güclü lobbiçilər, böyük iqtisadi sektorların, xüsusilə də neft, kənd təsərrüfatı, əczaçılıq və müdafiə sektorlarının lobbiçiləri sayılır. Neft sektoru lobbiçiləri daha çox dövlətdən subsidiyalar və digər imtiyazlar əldə etməyə çalışır. Kənd təsərrüfatı sektoru lobbiçiləri daha çox böyük fermərlərə xidmət edir. Əczaçılıq sektoru lobbiçiləri çox vaxt dərman qiymətlərinin yüksək səviyyədə saxlanılması üçün lobbiçilik edirlər. Müdafiə sektoru lobbiçiləri isə dövlətin daha çox silah və digər hərbi məhsullar satın almasına çalışırlar.

ABŞ-da sağlamlığın təmin edilməsi, ekologiyanın qorunması, təhsilin inkişafı, cinsi və irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi istiqamətlərdə çalışan lobbiçilər də mövcuddur, ancaq bu lobbiçilər digərləri ilə müqayisədə elə də böyük gücə malik deyildir. Çünkü iqtisadi gücü əlində tutan zəngin təbəqə daha çox birbaşa öz maraqlarının reallaşmasına xidmət edən lobbiçilik fəaliyyətlərini maliyyələşdirməyə üstünlük verirlər.

Əslində qanunvericilik lobbiçilərin məmurları və ya Konqres üzvlərini ələ almasına icazə vermir. Lobbiçilərin işi sadəcə qərar qəbul edəcək bu şəxsləri məlumatlandırmaq və inandırmaqdır. Onlar təmsil etdikləri müştərilərinin maraqlarını qorumaq məqsədilə qərar qəbul edəcək məmurlara və ya Konqres üzvlərinə sadəcə müvafiq problemlə bağlı məlumat verməli, bununla da onların düzgün qərar qəbul etmələrinə kömək etməlidirlər.

ABŞ-da lobbiçilik, qanunverciliklə icazə verilən normal fəaliyyət kimi qəbul olunsa da, təcrübədə bir sıra fəsadlarının olduğu da açıqdır. Bu fəsadlar ilk növbədə ABŞ-da siyasətin maliyyələşdirilməsi mexanizmlərindən irəli gəlir. Belə ki, ABŞ-da seçki kampaniyaları çox böyük məbləğdə pullar tələb edir və bu pulları namizədin və ya onun partiyasının verməsi əksər hallarda mümkünsüdür. Ona görə də maliyyələşmə əsasən ianələr yolu ilə təmin edilir. Bu ölkədə lobbiçilik şirkətləri ayrı-ayrı siyasətçilərin seçki kompaniyalarını maliyyələşdirmək üçün ianələr verə bilirlər və bu qanunvericiliklə qadağan edilmir. Siyasətçilər onların seçki kampaniyasına hansı lobbiçilərin nə qədər ianə verdiyini və bu lobbiçilərin hansı iqtisadi sektorların və böyük şirkətlərin maraqlarını təmsil etdiklərini də yaxşı bilirlər. Belə olduğu təqdirdə, həmin siyasəçilərin fəaliyyətlərində bu lobbiçilərin və onların təmsil etdiyi iqtisadi qrupların maraqlarını nəzərə almamaları demək olar ki, mümkün deyildir.

Digər tərəfdən, lobbiçilik kifayət qədər gəlirli iş olduğundan əksər siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində çalışmağa böyük həvəs göstərirlər. Məsələn, ABŞ-da hər hansı bir keçmiş konqresmen hər hansı bir lobbiçilik şirkətində çalışaraq lobbiçilik edərsə, konqresmen olduğu dövrdə əldə etdiyi gəlirdən qat-qat daha çox gəlir əldə etmək imkanı var. Belə olduğu təqdirdə də, siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində iş tapmaqda çətinlik çəkməmək üçün əsasən bu şirkətlərin maraqlarını nəzərə almağa çalışırlar.

Göründüyü kimi, ABŞ-da dövlətin aldığı iqtisadi qərarlara zəngin təbəqə böyük təsir imkanına malikdir və təcrübə göstərir ki, alınan qərarlar da əsasən bu təbəqənin maraqlarına xidmət edir. Məsələn, Filip Kotler “Kapitalizmlə üzləşmək” adlı kitabında (2015) qeyd edir ki, zənginlərdən alınan vergilərin artırılması qərarının ABŞ Konqresindən keçməsi demək olar ki, mümkün deyildir. Çünkü Konqres üzvləri seçki kampaniyalarını əsasən zənginlərin verdiyi ianələr hesabına maliyyələşdirirlər, zənginlər isə mümkün qədər az vergi verməyi sevirlər.

Nəticədə nə baş verir? O baş verir ki, məsələn, ABŞ-da Warren Buffet kimi zənginlərin kapital gəlirlərinə tətbiq edilən verginin dərəcəsi, onun katibəsinin əmək haqqına tətbiq edilən verginin dərəcəsindən aşağı ola bilir. Hətta Buffet, bir dəfə bundan xəcalət çəkdiyini ifadə etsə belə…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart