İqtisadi gündəm

ABŞ iqtisadiyyatında lobbiçilik

Yaxud necə olur ki, milyarder Buffet katibəsindən daha az vergi ödəyir?

Dərs dediyim universitetdə hər semestr tələbələrimə verdiyim tövsiyələrdən biri də müasir iqtisadiyyatın, xüsusilə də qlobal iqtisadiyyatın işləmə mexanizmini daha dolğun dərk etmələri üçün ABŞ iqtisadiyyatını çox yaxşı öyrənmələridir. Hər dəfə də bu fikrimi ABŞ-ın dünyanın ən böyük iqtisadiyyatı olması, dünya iqtisadiyyatının başlıca innovasiya mənbəyi rolunda çıxış etməsi, mövcud beynəlxalq iqtisadi nizamın əsas qurucusu olması kimi amilləri sadalayaraq əsaslandırmağa çalışıram.

Tələbələrimizə bu tövsiyəni versək də, onu da etiraf etməliyik ki, Azərbaycan iqtisadçılarının da ən az tədqiq etdikləri mövzulardan biri ABŞ iqtisadiyyatıdır. Bu gün  ABŞ iqtisadiyyatı ilə bağlı Azərbaycan dilində yazılmış elmi və ya kütləvi əsərlərə rast gəlmək çətin olmaqla yanaşı, tərcümə əsərlər də demək olar ki, yox dərəcəsindədir.

Bilindiyi kimi ABŞ iqtisadiyyatı, kapitalizm, demokratiya və hüquq olmaqla üç başlıca institutun, başqa sözlə, “sacayaqlar”ın üzərində dayanır. Bu ölkədə hər üç institut bir-birini şərtləndirir və biri digərinin hesabına inkişaf edir. Bu gün ABŞ iqtisadiyyatını, onun işləmə mexanizmini daha yaxşı anlamaq, bu iqtisadiyyatın özünəməxsus bir sıra cəhətlərini, o cümlədən də lobbiçilik fəaliyyətləri və onların iqtisadiyyatdakı rolunu daha dərindən öyrənməkdən keçir. Lobbiçilik fəaliyyətləri, nəinki ABŞ iqtisadiyyatının və ya kapitalizminin, eyni zamanda ABŞ demokratiyasının və hüquq sisteminin də xarakterini anlamağa imkan verən başlıca cəhətlərdən biridir.

Lobbiçilik (ing. lobbying), ödəniş əsasında müəyyən maraq qruplarını təmsil edən fərdlərin və ya şirkətlərin həmin qrupların maraqlarına uyğun olaraq, dövlət məmurlarının və ya dövlət qurumlarının verdiyi qərarlara təsir göstərmə cəhdidir. Lobbiçiliyi həyata keçirənlərə də lobbiçi (ing. lobbyist) deyirlər. “Lobbiçilik” sözünün mənşəyi, parlamentlərin dəhlizləri ilə bağlıdır. Belə ki, lobbiçilər fəaliyyətlərini müştərilərinin maraqları naminə əsasən parlament üzvlərinə parlamentlərin dəhlizlərində təsir göstərmək yolu ilə həyata keçirdiklərindən zaman keçdikcə bu fəaliyyətlər də ingiliscə “dəhliz” (ing. lobby) sözünə uyğun olaraq lobbiçilik adlandırılmışdır.

ABŞ-da lobbiçilik fəaliyyəti qanuni fəaliyyətdir və yerli hökumətlərdən fedreal hökumətə qədər dövlət idarəetməsinin bütün mərhələlərində mövcuddur. Bu ölkədə 1971-ci ildə qeydiyyata düşmüş lobbiçilik şirkətlərinin sayı 175 olduğu halda, hazırda bu say 14000-ə yaxınlaşmışdır. Həmin şirkətlər ABŞ Konqresi üzvlərinə təsir göstərmək üçün hər il təxminən 3,5 milyard dollar məbləğində pul xərcləyirlər. Lobbiçilər Konqres üzvlərinin onların müştərilərinin maraqları yönündə səs vermələrinə nail olmaq üçün günboyu Konqres dəhlizlərində aktiv çalışırlar. Lobbiçilərin əksəriyyəti hüquqşünaslardan, keçmiş Konqres üzvlərindən, senatorlardan və dövlət məmurlarından ibarət olur.

Bu gün ABŞ-da demək olar ki, bütün iqtisadi sektorların lobbiçiliyini edən lobbiçilik şirkətləri və ya şəxslər mövcuddur. Ən güclü lobbiçilər, böyük iqtisadi sektorların, xüsusilə də neft, kənd təsərrüfatı, əczaçılıq və müdafiə sektorlarının lobbiçiləri sayılır. Neft sektoru lobbiçiləri daha çox dövlətdən subsidiyalar və digər imtiyazlar əldə etməyə çalışır. Kənd təsərrüfatı sektoru lobbiçiləri daha çox böyük fermərlərə xidmət edir. Əczaçılıq sektoru lobbiçiləri çox vaxt dərman qiymətlərinin yüksək səviyyədə saxlanılması üçün lobbiçilik edirlər. Müdafiə sektoru lobbiçiləri isə dövlətin daha çox silah və digər hərbi məhsullar satın almasına çalışırlar.

ABŞ-da sağlamlığın təmin edilməsi, ekologiyanın qorunması, təhsilin inkişafı, cinsi və irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi istiqamətlərdə çalışan lobbiçilər də mövcuddur, ancaq bu lobbiçilər digərləri ilə müqayisədə elə də böyük gücə malik deyildir. Çünkü iqtisadi gücü əlində tutan zəngin təbəqə daha çox birbaşa öz maraqlarının reallaşmasına xidmət edən lobbiçilik fəaliyyətlərini maliyyələşdirməyə üstünlük verirlər.

Əslində qanunvericilik lobbiçilərin məmurları və ya Konqres üzvlərini ələ almasına icazə vermir. Lobbiçilərin işi sadəcə qərar qəbul edəcək bu şəxsləri məlumatlandırmaq və inandırmaqdır. Onlar təmsil etdikləri müştərilərinin maraqlarını qorumaq məqsədilə qərar qəbul edəcək məmurlara və ya Konqres üzvlərinə sadəcə müvafiq problemlə bağlı məlumat verməli, bununla da onların düzgün qərar qəbul etmələrinə kömək etməlidirlər.

ABŞ-da lobbiçilik, qanunverciliklə icazə verilən normal fəaliyyət kimi qəbul olunsa da, təcrübədə bir sıra fəsadlarının olduğu da açıqdır. Bu fəsadlar ilk növbədə ABŞ-da siyasətin maliyyələşdirilməsi mexanizmlərindən irəli gəlir. Belə ki, ABŞ-da seçki kampaniyaları çox böyük məbləğdə pullar tələb edir və bu pulları namizədin və ya onun partiyasının verməsi əksər hallarda mümkünsüdür. Ona görə də maliyyələşmə əsasən ianələr yolu ilə təmin edilir. Bu ölkədə lobbiçilik şirkətləri ayrı-ayrı siyasətçilərin seçki kompaniyalarını maliyyələşdirmək üçün ianələr verə bilirlər və bu qanunvericiliklə qadağan edilmir. Siyasətçilər onların seçki kampaniyasına hansı lobbiçilərin nə qədər ianə verdiyini və bu lobbiçilərin hansı iqtisadi sektorların və böyük şirkətlərin maraqlarını təmsil etdiklərini də yaxşı bilirlər. Belə olduğu təqdirdə, həmin siyasəçilərin fəaliyyətlərində bu lobbiçilərin və onların təmsil etdiyi iqtisadi qrupların maraqlarını nəzərə almamaları demək olar ki, mümkün deyildir.

Digər tərəfdən, lobbiçilik kifayət qədər gəlirli iş olduğundan əksər siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində çalışmağa böyük həvəs göstərirlər. Məsələn, ABŞ-da hər hansı bir keçmiş konqresmen hər hansı bir lobbiçilik şirkətində çalışaraq lobbiçilik edərsə, konqresmen olduğu dövrdə əldə etdiyi gəlirdən qat-qat daha çox gəlir əldə etmək imkanı var. Belə olduğu təqdirdə də, siyasətçilər və ya məmurlar sonradan lobbiçilik şirkətlərində iş tapmaqda çətinlik çəkməmək üçün əsasən bu şirkətlərin maraqlarını nəzərə almağa çalışırlar.

Göründüyü kimi, ABŞ-da dövlətin aldığı iqtisadi qərarlara zəngin təbəqə böyük təsir imkanına malikdir və təcrübə göstərir ki, alınan qərarlar da əsasən bu təbəqənin maraqlarına xidmət edir. Məsələn, Filip Kotler “Kapitalizmlə üzləşmək” adlı kitabında (2015) qeyd edir ki, zənginlərdən alınan vergilərin artırılması qərarının ABŞ Konqresindən keçməsi demək olar ki, mümkün deyildir. Çünkü Konqres üzvləri seçki kampaniyalarını əsasən zənginlərin verdiyi ianələr hesabına maliyyələşdirirlər, zənginlər isə mümkün qədər az vergi verməyi sevirlər.

Nəticədə nə baş verir? O baş verir ki, məsələn, ABŞ-da Warren Buffet kimi zənginlərin kapital gəlirlərinə tətbiq edilən verginin dərəcəsi, onun katibəsinin əmək haqqına tətbiq edilən verginin dərəcəsindən aşağı ola bilir. Hətta Buffet, bir dəfə bundan xəcalət çəkdiyini ifadə etsə belə…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisadi gündəm

Filip Kotler belə mərhəmətli kapitalizm axtarışındadırsa…

Kapitalizmin, ortaya çıxdığı gündən bu tərəfə bütün alternativlərinə qalib gələrək, dünyanın əsas iqtisadi sisteminə çevrildiyi şübhəsizdir. Eyni zamanda bu iqtisadi sistemi fasiləsiz şəkildə tətbiq edən ölkələrin adambaşına düşən gəlirlərinin 100-200 ABŞ dolları səviyyəsindən bu günkü 30-100 min ABŞ dolları səviyyəsinə çatdığı və digər ölkələrlə müqayisə edilməyəcək dərəcədə yüksək rifaha nail olduqları da inkarolunmaz həqiqətdir. Amma buna baxmayaraq, kapitalizm hər zaman tənqidlərə məruz qalmışdır. Tənqidçilərin bəziləri kapitalizmə tamamilə alternativ iqtisadi sistem axtarışlarında olmuş, bəziləri isə bu sistemi təkmilləşdirmə istiqamətində düşünmüşdür. Təcrübə göstərir ki, bu günə qədər kapitalizmin bütün rəqiblərini üstələyərək, əsas iqtisadi sistem kimi çıxış etməsi, məhz onu təkmilləşdirmə istiqamətində ortaya qoyulan ideya və baxışlara borcludur.

Kapitalizmə yönəlmiş tənqidlərin hər dəfə maliyyə və iqtisadi böhranlardan sonra daha da intensiv xarakter aldığını görmək çətin deyildir. 2009-cu il qlobal iqtisadi böhranından sonra da bu istiqamətdə çoxlu sayda tədqiqatlar aparıldı, böhrandan çıxış yollarına və bütövlükdə kapitalist sistemin mövcud yetərsizliklərinə həsr edilmiş çoxlu sayda əsərlər ortaya qoyuldu. Bu əsərlər arasında birisi var ki, əslində dünyada çox böyük  rezonans doğurmalı olduğu halda, layiq olduğu diqqətdən kənarda qaldı. Fikrimcə, bunda əsərin yazarının, kapitalizmin qlobal güclərinin hər zaman arxalandığı çox nüfuzlu müəlliflərdən biri olmasının da payı az deyil. Həqiqətən də kapitalizm bu dəfə çox ciddi ideoloqlarından biri tərəfindən və çox ciddi şəkildə tənqid edilirdi. Bizim ölkəmizdə isə demək olar ki, bu kitabdan bəhs edən olmadı. Kapitalizmin hər hansı formada tənqidi ürəklərinə “yağ” kimi yayılan iqtisadçılar arasında belə bu əsər demək olar ki, müzakirə mövzusuna çevrilmədi.

Kapitalizmlə üzləşmək: problemli bir iqtisadi sistem üçün real həllər” (Confronting Capitalism: Real Solutions for a Troubled Economic System) adlı qeyd edilən kitab, “müasir marketinqin atası” kimi tanınan məşhur iqtisadçı Filip Kotler tərəfindən 2015-ci ildə qələmə alınmışdı. Kitab, kapitalizmlə bağlı mövcud tənqidi baxışların sistemli təqdimatı olmaqla yanaşı, həmçinin də Filip Kotlerin bu iqtisadi sistem haqqındakı konkret tənqidi fikirlərini və onun təkmilləşdirilməsi üçün irəli sürdüyü tövsiyələri özündə birləşdirən təsirli bir əsərdir. Təsadüfi deyil ki, “Financial Times” qəzeti Filip Kotlerin bu əsəri haqqında belə yazır: “Kapitalizmin tənqidi ilə bağlı bir problemimiz yoxdur. Ancaq tənqidçi Filip Kotlerdirsə, kapitalizm papağını qarşısına qoyub düşünməyə məcburdur!

Kotler, elə kitabının giriş hissəsində hər hansı bir ölkədə vətəndaşların “vəhşi kapitalizm”, “mərhəmətli kapitalizm” və “qatı sosializm” olmaqla üç müxtəlif iqtisadi sistemdən birini seçə biləcəklərini, özünün isə orta mövqedə dayanan “mərhəmətli kapitalizm”ə üstünlük verdiyini bəyan edir. O, belə bir kapitalizmə mövcud kapitalist sistemin qüsurlarını aradan qaldırmaqla nail oluna biləcəyini ifadə edir və bu sistemin düzəldilməli olan aşağıdakı 14 qüsurunu göstərir:

  1. Baş alıb gedən edən yoxsulluğu həll edə bilmir.
  2. Gəlir və rifahın bölgüsündə ədalətsizliyi gücləndirir.
  3. Milyardlarla işçiyə keçimlərinə yetəcək qədər əmək haqqı ödəmir.
  4. Getdikcə artan avtomatlaşdırma prosesləri qarşısında insanlar üçün kifayət qədər məşğulluq imkanları yaratmır.
  5. Şirkətlərə, fəaliyyətlərinin yol açdığı sosial problemlərin əvəzini ödətmir.
  6. Qanunvericilikdəki boşluqlardan istifadə edərək ətraf mühitə və təbii resurslara ziyan vurur.
  7. İqtisadi dalğalanmalara və qeyri-sabitliyə yol açır.
  8. Fərdiyyətçiliyi və şəxsi maraqları cəmiyyətin maraqlarından üstün tutur.
  9. İstehlakçıların borclanmasını təşviq edərək istehsal yönümlü iqtisadiyyat əvəzinə maliyyə yönümlü iqtisadiyyatı dəstəkləyir.
  10. Siyasətçilərin və şirkətlərin maraqlarını birləşdirərək xalqın böyük əksəriyyətinin maraqlarını arxa plana atmalarına imkan verir.
  11. Uzunmüddətli investisiya planlaşdırması əvəzinə qısamüddətli mənfəət planlaşdırmasını dəstəkləyir.
  12. Məhsulun keyfiyyəti, təhlükəsizlik, dürüst reklam, rəqabətin qarşısını alan davranışlarla bağlı tənzimləmələrə ehtiyacı var.
  13. Yalnız ÜDM-nin artımına əhəmiyyət verir.
  14. İctimai dəyərlərin və xoşbəxtliyin də bazar tarazlığında nəzərə alınmasına ehtiyac var.

Kotlerin qeyd olunan qüsurlarla bağlı təhlilləri, həm dünya, həm də ABŞ üzrə mövcud mənzərəni aydın şəkildə təqdim etməsi və oxucuları müvafiq nəticələr çıxarmağa sövq etməsi baxımından qiymətlidir. Kitabdakı faktlara və faktlar əsasında aparılan təhlillərə nəzər yetirdikdə, ABŞ cəmiyyətinin və iqtisadiyyatının bir sıra parametrlər üzrə dünyadakı mövcud yüksək imicinə heç də adekvat olmadığını da açıq şəkildə görmək mümkündür.

Hesab edirəm ki, iqtisadi islahatların gün keçdikcə daha da dərinləşdiyi ölkəmizdə, cəmiyyətimizin bu tipli müzakirələrdən kənarda qalması yolverilməzdir. Belə kitablar sürətlə ana dilimizə tərcümə edilməli, müvafiq elm və təhsil müəssisələrimizdə onların müzakirələri keçirilməlidir. Kapitalist sistemin ən qatı ideoloqları belə bu gün bu sistemi tənqid edərək, onun təkmilləşdirmə yollarını tapmağa çalışırlarsa, bizim də bu müzakirələri müasir iqtisadiyyat quruculuğu prosesində nəzərə almağımız zərurdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı kimi qurumlar önəmli qurumlardır. Ölkələrin bu qurumlarla əməkdaşlıq etməsi də önəmlidir. Ancaq nəzərə almaq lazımdır ki, çox vaxt müasir kapitalizmin “qalaları” adlandırılan bu qurumlar, onlar üçün əvvəlcədən yazılmış prinsiplər əsasında, müəyyən edilmiş dəyərlər əsasında fəaliyyət göstərirlər və ölkələrə təqdim etdikləri reseptlər də bu prinsip və dəyərlərə söykənir. Dünyada isə alternativ ideyalar, baxışlar, reseptlər çoxdur. Sadəcə bütün bunları öyrənmək, təhlil etmək və ölkə üçün düzgün nəticələr çıxarmaq lazımdır. Bu isə ilk növbədə biz iqtisadçıların işidir…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
Kitab təqdimatı

“Dünyanın çöhrəsini dəyişdirən səyahətlər”

Dünya iqtisadiyyatının bu günkü strukturunu düzgün dərk etmək üçün bir sıra tarixi hadisə və prosesləri dərindən öyrənmək lazımdır ki, onlardan biri də coğrafi kəşflərdir. Böyük coğrafi kəşflər və onların nəticələri, beynəlxalq ticarətin formalaşması, müstəmləkə iqtisadiyyatlarının meydana gəlməsi, qlobal qul ticarəti, müasir beynəlxaq iqtisadi nizamın mənşəyi, qlobal kapitalizmin formalaşması və.s kimi məsələlərin dərindən dərk edilməsi baxımından çox əhəmiyyətlidir. Peter Aughtonun qələmə aldığı bu kitabın, mövzu ilə maraqlanan hər kəs üçün, xüsusilə də iqtisad öyrənən tələbələr üçün faydalı olacağını düşünürəm.

Standart