İqtisad

“Beynəlxalq iqtisad”ın tədrisi nə üçün önəmlidir?

Azərbaycan ali təhsilində iqtisadçıların yetişdirilməsi prosesində uzun müddət demək olar ki, istifadə edilməyən fənnlərdən biri də “beynəlxalq iqtisad” (ing. international economics) olmuşdur. “Mikroiqtisad” və “makroiqtisad” fənnləri universitetlərin tədris planlarında özünə yer tapsa da, “beynəlxalq iqtisad” çox vaxt bu planlardan kənarda qalmış, ən yaxşı halda isə yalnız “dünya iqtisadiyyatı” ixtisaslarında keçirilmiş və ya seçmə fənn olmuşdur. Hətta “Mikroiqtisad” və “makroiqtisad” fənnləri ilə bağlı milli dərsliklərin yazılması təşəbbüslərinə belə rast gəlindiyi halda, “beynəlxalq iqtisad” fənni üzrə Azərbaycan dilində yazılmış hər hansı diqqət çəkən tədris vəsaiti ortaya qoyulmamışdır.

Keçən ilin sonunda BP Azərbaycan dilində “beynəlxalq iqtisad” fənninin tədrisi baxımından çox mühüm bir işi reallaşdırdı. Belə ki, bu şirkətin maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq, Nobel mükafatı laureatı Paul Krugmanın rəhbərliyi ilə hazırlanmış “Beynəlxalq iqtisadiyyat: nəzəriyyə və siyasət” dərsliyi dilimizə tərcümə edilərək nəşr edildi. Doğrudur, Krugmanın bu kitabında Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin beynəlxlaq iqtisadi problemlərinə o qədər də yer verilməsə də, hər halda hazırda öz sahəsində dünyada ən prestijli dərsliklərdən olan bu əsərin dilimzə qazandırılması ilkin addım kimi yüksək qiymətləndirilməlidir. Yeri gəlmişkən, BP-nin bu addımı, Azərbaycandakı böyük holdinqlər, banklar üçün də yaxşı nümunə sayılmalıdır…

Heç şübhəsiz ki, “mikroiqtisad” və “makroiqtisad” fənnlərinin “beynəlxalq iqtisad” fənni ilə tamamlanmaması iqtisadçı mütəxəssislərin hazırlanmasında çox böyük bir boşluq kimi qiymətləndirilməlidir. Bu boşluğun uzun müddət ölkəmizdə olduğu kimi “beynəlxalq iqtisadi münasibətlər”, “dünya iqtisadiyyatı” kimi fənnlərlə doldurulması mümkün deyildir. Çünkü bu fənnlər, “iqtisad”dan daha çox, “siyasi iqtisad”ın, “beynəlxalq münasibətlər”in və “iqtisadi coğrafiya”nın təhlil metodlarına əsaslanır. “Beynəxlaql iqtisad” isə “iqtisadı”ın ayrılmaz bir qoludur.

İqtisad, ölkələr arasındakı münasibətlərin məhz iqtisadi xarakterli olanları ilə maraqlanır və bu istiqamətin öyrənilməsi onun ayrıca bir qolu olan beynəlxalq iqtisad tərəfindən həyata keçirilir. Bu baxımdan beynəlxalq iqtisadı, iqtisadın ölkələr arasındakı iqtisadi münasibətləri, bu münasibətlər nəticəsində ortaya çıxan xüsusi problemləri və mövzuları öyrənən ayrıca bir qolu kimi təqdim etmək olar.

Bəs ölkələr arasındakı iqtisadi münasibətlər dedikdə, nələr nəzərdə tutulur? Bunlar ölkələr arasında qarşılıqlı mal və xidmət axınları və faktor (kapital, iş qüvvəsi və texnologiya) axınları ilə bağlı ortaya çıxan iqtisadi münasibətlərdir. Belə ki, ölkələr arasında qarşılıqlı mal və xidmət axınları beynəlxalq ticarət münasibətlərini, kapital axınları beynəlxalq investisiya münasibətlərini, iş qüvvəsi axınları beynəlxalq əmək miqrasiyası münasibətlərini, texnologiya axınları isə beynəlxalq texnologiya transferti münasibətlərini təşkil edir.

Beynəlxalq iqtisadi münasibətlərin əsasında ölkələr arasındakı mal ticarəti dayanır. Ölkələr arasında mal axınları beynəlxalq iqtisadi münasibətlərin demək olar ki, ən qədim formasıdır. Mal axınları ilə yanaşı, digər mühüm iqtisadi münasibətlər də xidmət ticarəti ilə bağlıdır. Çox vaxt ölkələr arasındakı mal və xidmət ticarəti birlikdə öyrənilir, ancaq ənənəvi olaraq xüsusi əhəmiyyət daşıması səbəbindən mal ticarəti bir çox hallarda xarici ticarət adı altında ayrıca tədqiq edilir.

Beynəlxalq faktor axınları arasında kapital axınları əsas yeri tutur. Bu axınlar müxtəlif formalarda baş verir. Ölkə xaricində istehsalı təşkil etmək məqsədilə həyata keçirilən investisiyalar birbaşa xarici investisiyalar adlandırılır. Kapital bazarlarından istiqraz və  ya səhmlərin satın alınması yolu ilə həyata keçirilən kapital axınları isə portfel xarici investisiyaları təşkil edir. Bunlarla yanaşı, hökumətlərin və ya beynəlxalq maliyyə institutlarının ayrı-ayrı ölkələrə verdikləri kreditlər də mövcuddur ki, bunlar da beynəlxalq rəsmi kapital axınları adlandırılır.

Beynəlxalq faktor axınlarının bir hissəsini də beynəlxalq əmək miqrasiyası təşkil edir. İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə doğru həm ixtisassız, həm də yüksək ixtisaslı iş qüvvəsi axınları mövcuddur. Beynəlxalq səviyyədə iş qüvvəsi axınlarını məhdudlaşdıran bir çox hüquqi və təbii baryerlər vardır. Ancaq buna baxmayaraq, istər qanuni, istərsə də qeyri-qanuni yollarla olsun, önəmli miqyasda beynəlxalq əmək miqrasiyası mövcuddur.

Beynəlxalq faktor axınlarının digər bir istiqaməti də texnologiya axınlarıdır. Texnologiya istehsalda məhsuldarlığı artıran əsas amildir. Müasir dövrdə rabitə başda olmaqla, demək olar ki, bütün sahələrdə texnologiya görünməmiş dərəcədə inkişaf edir. Yeni texnologiyalar əsasən sənayeləşmiş ölkələrdə icad edilir. İnkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin yeni texnologiyaları əldə etmələri isə texnologiya transferti kanalları ilə mümkün ola bilir.

Beynəlxalq iqtisad, təkcə ölkə ilə qalan dünya arasında mal və xidmət axınlarını və faktor axınlarını deyil, eyni zamanda da hökumətlərin bu axınları tənzimləmək məqsədilə həyata keçirdiyi siyasətləri və onların ölkə və qlobal iqtisadiyyat üzərində yaratdığı təsirlərini öyrənir.

Ədəbiyyatlarda ən geniş yayılmış yanaşmaya görə “beynəlxalq iqtisad” fənni, “beynəlxalq ticarət”, “beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisad)” və “açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət” olmaqla üç əsas hissədən ibarət olur.

“Beynəlxalq ticarət” hissəsi, ölkələr arasında mal və xidmət axınlarını öyrənir və beynəlxalq ticarət nəzəriyyəsi və beynəlxalq ticarət siyasəti olmaqla iki əsas bölməyə ayrılır. Beynəlxalq ticarət nəzəriyyəsi ölkələr arasındakı ticarətin səbəblərini, faydalarını, strukturunu və beynəlxlalq ticarətdə tarazlığı təmin edən nisbi qiymətlərin (xarici ticarət həddləri) formalaşması kimi məsələləri açıqlamağa çalışır. Bu baxımdan qeyd olunan mövzuları əhatə edən nəzəri modelləri özündə birləşdirir. Beynəlxalq ticarət siyasəti isə hökumətin beynəlxalq ticarətə müdaxilələrini izah edir. Bu çərçivədə hökumətin beynəlxalq ticarət siyasətinin məqsədləri və vasitələri, beynəlxalq ticarəti məhdudlaşdırıcı və sərbəstləşdirici tədbirlərinin səbəbləri və təsirləri üzərində dayanır.

“Beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisadda)” hissəsində ölkələr arasında pul və kapital axınları araşdırılır. Ölkənin qalan dünya ilə iqtisadi əlaqələrindən doğan və valyuta ilə həyata keçirilən qarşılıqlı ödəmələrini özündə əks etdirən tədiyyə (ödəmələr) balansı, valyuta kursları, valyuta bazarları, valyuta siyasəti,  beynəlxalq valyuta sistemi, beynəlxalq kapital bazarları kimi mövzular bu bölmədə öyrənilir.

“Açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət” hissəsində isə açıq iqtisadiyyatlarda işsizliyin və inflyasiyanın qarşısının alınaraq daxili tarazlığın təmin edilməsi, tədiyyə balansının defisit (kəsir) və profsitlərinin aradan qaldırılaraq xarici tarazlığın əldə edilməsi, beynəlxalq iqtisadi siyasətlərin kordinasiyası kimi mövzualar üzərində dayanılır.

Əksər “beynəlxalq iqtisad” kitabları 1960-cı illərdən başlayaraq yazılmışdır və əsasən də ABŞ mənşəlidirlər. Buna görə də bu kitablar daha çox ABŞ-ın beynəlxalq iqtisadiyyatdakı mövqeyinə fokslanmış və strukturları da əsasən bu çərçivədə formalaşmışdır. Bu baxımdan standart beynəlxalq iqtisad kitabları adətən yuxarıda göstərilən strukturda hazırlanır. Ancaq inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi siyasətdən eyni zamanda iqtisadi inkişaf vasitəsi kimi istifadə etdikləri nəzərə alınaraq, bəzən bu struktura “beynəlxalq iqtisad və iqtisadi inkişaf” hissəsi də əlavə edilir. Bu hissədə isə iqtisadi inkişafla beynəlxalq ticarət siyasəti, beynəlxalq investisiyalar, beynəlxalq texnologiya axınları, beynəlxalq xidmət ticarəti, beynəlxalq əmək miqrasiyası və beynəlxalq yardımlar arasındakı əlaqələr, həmçinin də beynəlxalq iqtisadi problemlər və inkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri təhlil edilir.

İqtisadi subyektlərin motivasiyası və davranışları beynəlxalq və daxili iqtisadi əlaqələrdə eyni olduğundan beynəlxalq iqtisad da iqtisadın digər qolları kimi əsas iqtisadi təhlil metodlarından istifadə edir. Bu baxımdan “beynəlxalq iqtisad, ayrıca iqtisadi nəzəriyyə tələb edirmi?”, “beynəlxalq iqtisad, iqtisadın ümumi prinsiplərindən istifadə edə bilərmi?” kimi suallara hələ 1930-cu illərdə iqtisadçı Gottfried Haberler “beynəlxalq iqtisad ümumi iqtisadi nəzəriyyənin beynəlxalq müstəviyə tətbiqidir” şəklində cavab vermişdir. “Beynəlxalq iqtisad”, ümumi iqtisadi nəzəriyyənin öyrəndiyi iqtisadi problemləri beynəlxalq səviyyədə araşdırır. Başqa sözlə, “beynəlxalq iqtisad”, sonsuz insan ehtiyaclarını ödəmək məqsədilə məhdud resursların bölüşdürülməsinə qərar vermə prosesində birdən çox iqtisadiyyatın bir-birilərinə necə təsir göstərdiyini müəyyən etməyə çalışır. Buna görə də “beynəlxalq iqtisad”, iqtisadi problemlərə qapalı iqtisadiyyatın deyil, açıq iqtisadiyyatın tələbləri əsasında yanaşır.

“Beynəlxalq iqtisad”, iqtisadi nəzəriyyənin beynəlxalq müstəvidə tətbiqi olduğundan problemlərinin öyrənilməsində də “mikroiqtisad”ın və “makroiqtisad”ın prinsiplərindən və təhlil metodlarından istifadə edir. “Beynəlxalq iqtisad”ın “beynəlxalq ticarət” hissəsi demək olar ki, tamamilə mikroiqtisadi təhlil metodlarına əsaslanır. Belə ki, bu hissədə ayrı-ayrı ölkələr vahid kimi, ayrı-ayrı məhsulların qiymətləri nisbi qiymət kimi öyrənilir və müxtəlif mallarla bağlı istehsal, istehlak, idxal, ixrac və nisbi qiymət kimi dar çərçivəli dəyişənlər üzərində dayanılır.

“Beynəlxalq iqtisad”ın, “beynəlxalq maliyyə (və ya beynəlxalq monetar iqtisad)” və “açıq iqtisadiyyatlarda makroiqtisadi siyasət” hissələri isə əsasən makroiqtisadın prinsiplərindən və təhlil metodlarından istifadə edir. Belə ki, bu hissələrdə tədiyyə (ödəmələr) balansının tənzimlənməsinin və ayrı-ayrı iqtisadi siyasətlərin milli gəlir, inflyasiya, valyuta kursları, faiz dərəcələri və məşğulluq üzərindəki təsirləri geniş təhlil edilir.

“Beynəlxalq iqtisad”ın tədrisi heç bir zaman müasir dövrdə olduğu qədər önəmli olmamışdır. XXI əsrdə ölkələr mal və xidmət ticarəti, qarşılıqlı pul və investisiya axınları  vasitəsilə indiyə qədər görünməmiş səviyyədə qarşılıqlı asılılıqda yaşayırlar. Bu əlaqələr nəticəsində ortaya çıxan qlobal iqtisadiyyat isə kifayət qədər qeyri-müəyyən sferadır. Buna görə də hər bir ölkədə istər siyasətçilər, istərsə də biznes subyektləri qlobal iqtisadiyyatda sürətlə baş verən  prosesləri daim diqqət mərkəzində saxlamağa çalışır və onları dərindən öyrənmək istəyir. Digər tərəfdən isə ölkələrin qarşılıqlı iqtisadi əlaqələri dərinləşdikcə, onların iqtisadiyyatlarının açıqlıq səviyyəsi də yüksəlir ki, belə iqtisadiyyatlarda da baş verən prosesləri qapalı iqtisadiyyatlar üçün formalaşdırılmış iqtisadi nəzəriyyələrlə izah etmək çətinləşir. Bu çətinlik isə aşağıdakı səbəblərlə bağlıdır:

1) Ölkə daxilində malların hərəkəti üzrə hökumət məhdudiyyətləri olmadığı halda, beynəlxalq səviyyədə bu məhdudiyyətlər mövcuddur.

2) Ölkə daxilində əmək və kapital sərbəst hərəkət etdiyi halda, beynəlxalq səviyyədə bu sərbəstlik məhdudlaşdırılır.

3) Ölkə daxilində iqtisadi əməliyyatlar Mərkəzi Bankın nəzarətində olan milli pul vahidi ilə aparıldığı halda, beynəlxalq səviyyədə dəyərləri valyuta bazarlarında sərbəst müəyyən edilən müxtəlif vayutalarla aparılır.

4) Ölkə daxilində makroiqtisadi siyasət monetar və fiskal kanallarla əsasən daxili iqtisadi proseslərə təsir etdiyi halda, beynəlxalq səviyyədə fərqli valyutalara malik ölkələrin makroiqtisadi siyasətləri qarşılıqlı təsirlərə malikdir.

Beynəlxalq iqtisadın öyrəndiyi “beynəlxalq ticarət” və “beynəlxalq maliyyə” mövzuları iqtisadın bir növ başlanğıc nöqtəsini təşkil edir. Belə ki, əksər iqtisad tarixçiləri Şotland filosofu David Hume tərəfindən 1752-ci ildə qələmə alınan “Xarici Ticarət Balansı” əsərini ilk həqiqi iqtisadi model kimi qəbul edirlər. 1776-cı ildə Davidin dostu, digər bir Şotland filosofu Adam Smith “Millətlərin Zənginliyi” adlı məşhur əsərini nəşr etdirir və həmin əsərdə beynəlxalq iqtisadın bir çox mövzularına geniş yer ayırır. XIX əsrin əvvəllərində İngiltərənin beynəlxalq ticarət siyasəti haqqında aparılan geniş müzakirələr iqtisadın modellərə əsaslanan elmə çevrilməsinə çox böyük töhfələr verir. Ümumilikdə, 250 ildən çoxdur ki, “beynəlxalq iqtisad”, David Hume, Adam Smith, David Rikardo, Robert Torrens, John Stuart Mill, Alfried Marshall, Jacop Viner, Gottfried Haberler, Francis Ysidro Edgeworth, Wassily Leontief, James Meade, Eli Hecksher, Bertil Ohlin, John Maynard Keynes, Paul Samuelson, Abba Lerner, Bela Ballassa, Harry Johnson, Jagdish Bhagwati, Warner Max Corden, Richard Baldwin, Alan Dearddroff, Herbert Grubel, Alan Krueger, Marc Melitz, Paul Krugman kimi dünyanın məşhur iqtisadçılarının xidmətləri ilə zəngin bir inkişaf yolu keçmişdir.

Beynəlxalq iqtisad, ümumi iqtisadi nəzəriyyədə o qədər mühüm yer tutmuşdur ki, hətta başda Paul Samuelson olmaqla bir çox məşhur iqtisadçı beynəlxalq iqtisad olmadan müasir iqtisadiyyatı tam dərk etmənin mümkün olmayacağını qeyd etmişdir. Keçən dövr ərzində iqtisadi nəzəriyyənin bəzi nəzəriyyələri (məs. ikinci ən yaxşı nəzəriyyəsi) yalnız “beynəlxalq iqtisad” çərçivəsində ortaya çıxmış, istehsal və ümumi tarazlıq nəzəriyyəsi, artım nəzəriyyəsi, rifah iqtisadı və digər nəzəriyyələr də beynəlxalq iqtisaddan mühüm dərəcədə faydalanmışdır. Nəticədə, beynəlxalq iqtisad, iqtisadın xüsusi və əhəmiyyətli bir qoluna çevrilmişdir.

Ümid edirəm ki, ölkə ali təhsilində yeni tədris standartlarının hazırlanması prosesində dünyanın nüfuzlu universitetlərinin təcrübəsinə uyğun olaraq, “beynəlxalq iqtisad” fənni də iqtisadiyyat istiqaməti üzrə bütün ixtisasların tədris planlarında öz yerini tutacaq və olduğu kimi universitetlərimizdə tədris ediləcəkdir.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart
İqtisad

İqtisad elm deyil, yoxsa bəzi iqtisadçılar elm adamı deyil?

İqtisad elminin bir çox ziddiyyətli baxışları, bir-birindən tamamilə fərqli yanaşmaları və hətta elmi məktəbləri özündə birləşdirdiyi heç kimə sir deyil. Bu vəziyyət, iqtisadın elm olub-olmaması ilə bağlı aparılan müzakirələrdə də özünü göstərir. Uzun zamandır belə müzakirələr aparılır. Müzakirələrə iqtisadçılarla yanaşı, iqtisadçı olmayanların da qoşulması bir tərəfdən diqqəti cəlb edir, digər tərəfdən isə bu müzakirələri daha da mürəkkəbləşdirir.

Müstəqillikdən sonrakı dövrdə Azərbaycanda da bir çoxları bu müzakirələrə qoşulmuşdur. Hətta son illər belələrinin sayında nisbi artımın olduğunu da müşahidə etmək mümkündür. Heç şübhəsiz ki, elmi müstəvidən kənara çıxmamaq şərti ilə bu cür müzakirələrin aparılması ilk növbədə elmin özünün inkişafı baxımından faydalıdır və təqdir edilməlidir. Ancaq təcrübə göstərir ki, istər Azərbaycanda, istərsə də bütövlükdə dünyada bu istiqamətdə aparılan müzakirələr çox vaxt subyektivlikdən qurtula bilmir. Belə ki, iqtisadın elm olmaması tezisi, daha çox onun riyazi aspektindən çəkinən və iqtisadın əsas xətti (mainstream) çərçivəsində ciddi elmi nəticələr ortaya qoya bilməyənlər arasında özünə dəstək tapdığı halda, iqtisadın elm olması tezisi də daha çox onu ifrat dərəcədə riyaziyyata bulaşdıraraq yalnız özlərinin anladığı bir elmə çevirələnlər arasında özünə dəstək tapır. Bir də iqtisadçı olmayanlar var ki, onlar da çox vaxt iqtisadçıların cəmiyyətdəki nüfuzuna qısqanclıqla yanaşdıqlarından iqtisadın elm olmadığı tezisindən xoşlanırlar.

Bəs məsələyə obyektiv yanaşma necə formalaşdırıla bilər? Heç şübhəsiz ki, bu yanaşmanın formalaşdırılması, ilk növbədə bütövlükdə elm və elmi metodun, iqtisad elmi, onun metodu və öyrəndiyi obyektin xarakterinin düzgün dərk edilməsini tələb edir.

Elm (ing. science), latınca bilik mənası daşıyan “scienta” sözündən əmələ gəlmişdir. Müasir mənada elm, kainat, kainatdakı varlıqlar, hadisələr və proseslər haqqında ilkin biliklərdən çıxış edərək, onlara təcrübə ilə doğrulanmış izahlar vermə cəhdidir. Bu baxımdan elmin bilik, təcrübə ilə doğrulanma və izah etmə cəhdi olmaqla üç təməl komponentdən ibarət olduğunu görmək mümkündür.

Elmin əsas məqsədi reallığın nəzəri modelini formalaşdırmaqdır. Elm adamlarının reallığı model çərçivəsinə salmalarının iki əsas səbəbi var. Birinci səbəb, reallığın mürəkkəb görüntüsünü abstraktlaşdırma (varlıqların, hadisə və proseslərin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərinin ümumiləşdirilməsi) yolu ilə sadələşdirərək onun dərk edilməsini asanlaşdırmaqdır. İkinci səbəb isə, hər dəfə qarşıya çıxan varlıqları, hadisə və prosesləri yenidən öyrənərək izah etmək əvəzinə əldəki modelə baxmaqla onu dərk etməyə çalışmaqdır.

Elmə həqiqəti ortaya çıxarmaq məqsədi daşıyan axtarış kimi də baxıla bilər. Bu baxımdan elmin təməlində tədqiqat dayanır. Tədqiqat hər hansı bir şeyi axtarıb tapma prosesidir. Hər hansı bir fenomenin doğru olub-olmadığını ortaya qoymaq üçün onunla bağlı tədqiqat aparmaq tələb olunur. Elmi bilik ancaq elmi tədqiqat nəticəsində ortaya çıxa bilər.

Müəyyən bir məqsədə və ya hədəfə çatmaq üçün istifadə edilən yola metod deyilir. Elmi tədqiqatlar da elmi metodla aparılır. Elmi metod isə bir neçə zəruri və ardıcıl mərhələni özündə birləşdirir: 1) Tədqiq ediləcək mövzunun açık şəkildə ifadə edilməsi; 2) Mövzu ilə bağlı məlumatların toplanması və müşahidələrin aparılması; 3) Hipotezin formalaşdırılması; 4) Hipotezin təcrübə, müşahidə və ölçmələrlə test edilərək doğruluğunun sınanması və ya yalnışlığının göstərilməsi; 5) Əldə edilən nəticələrin şərh edilərək müvafiq elmi qanunnəzəriyyənin formalaşdırılması.

Elmin əsas vəzifələrindən biri hadisə və proseslər arasında səbəb-nəticə əlaqələrini üzə çıxarmaqdır. Bu baxmdan elmdə səbəb-nəticə əlaqələri üç yolla ortaya qoyulur: hipotez, elmi qanun və nəzəriyyə. Hipotez, hər hansı bir səbəb-nəticə əlaqəsinin hələ təcrübə və ya yetərli sayda müşahidə ilə isbatlanmadan ortaya qoyulmasıdır. Hipotezlər ilkin müşahidələrə əsaslanır, ispata ehtiyacı olan müddəalardır və doğrulanmaları tələb olunur. Hipotezlər adətən əksi subut olunana qədər doğru qəbul edilirlər. Səbəb-nəticə əlaqəsi üzərində qurulmuş hipotez çoxsaylı təcrübə və ya müşahidələrlə doğrulandıqdan və ya yalanlanmadıqdan sonra elmi qanuna çevrilir. Bir çox səbəb-nəticə əlaqəsinin birgə vahid disiplin formasında birləşdirilməsindən meydana gələn elmi biliklər məcmusu isə nəzəriyyə adlanır. Ancaq doğruluğunun qəbul edilmiş olması, zaman keçdikcə hər hansı hipotez, qanun və ya nəzəriyyənin yalnışlığının ortaya çıxarılmasına da maneə sayılmır.

Elmlər iki təməl qrupa ayrılır: 1) Kainatı və təbiəti öyrənən təbiət elmləri və ya fiziki elmlər; 2) İnsan və cəmiyyət davranışlarını öyrənən sosial elmlər. İqtisad, insan-təbiət, insan-insan, insan-cəmiyyət və insan-mal və xidmət əlaqələrini öyrənir. İnsanın təbiət ilə əlaqəsi əsasən istehsalda, insanla əlaqəsi ticarət və ya maliyyə xidmətləri sahələrində, cəmiyyətlə əlaqəsi iş həyatında, mal və xidmətlə əlaqəsi isə istehlak və investisiya fəaliyyətlərində özünü göstərir. İqtisad insan və cəmiyyət davranışlarını öyrənən elm olduğu üçün sosial elmlər sırasında qəbul edilir.

Bütün sosial elmlər kimi iqtisad da bir çox cəhətdən təbiət elmlərindən fərqlənir. Ancaq buna baxmayaraq, iqtisadın istifadə etdiyi kəmiyyət metodları və modellərə nəzər saldıqda təbiət elmlərinə ən yaxın sosial elm olduğu fikrini də irəli sürmək mümkündür.

İqtisadın təbiət elmlərindən fərqli mühüm xüsusiyyətlərindən biri hipotez, qanun və nəzəriyyələrinin zaman və məkana görə dəyişkən olmasıdır. İnsan və cəmiyyət davranışları dəyişdikcə iqtisadın qanunları da dəyişir. Buna görə də iqtisadi qanunlar və nəzəriyyələr, təbiət elmlərinin qanun və nəzəriyyələrinə görə daha asan və sürətlə dəyişə bilir. Məhz bu dəyişə bilmə xüsusiyyəti iqtisada böyük dinamizm verir. Elə bu səbəbdəndir ki, iqtisadda eyni mövzu ilə bağlı çoxlu sayda fərqli hipotez, qanun və ya nəzəriyyəyə rast gəlinir.

İqtisadın əsas məqsədlərindən biri iqtisadi dəyişənlər arasında səbəb-nəticə əlaqələrini açıqlamaqdır. Bütün elmlər kimi iqtisad da bu məqsədlə hipotez, qanun və nəzəriyyələr ortaya qoyur. Lakin təbiət elmlərindən əsas fərqi odur ki, hipotezlərin test edilməsində labaratoriya təcrübələrindən istifadə edə bilmədiyindən daha çox müşahidələrə və statistik testlərə üstünlük verir.

İqtisadı təbiət elmlərindən ayıran digər bir cəhəti də həqiqətin ortaya çıxarılmasında elmi abstraktlaşdırma yolundan geniş istifadə etməsidir. Bunun əsas səbəbi real iqtisadi həyatın son dərəcə mürəkkəb, çətin dərk edilən olmasıdır. Ona görə də bu mürəkkəb strukturu düzgün dərk etmənin, təhlil etmənin yolu belə abstraktlaşdırmalarla onu sadələşdirmək və izah oluna bilən səviyyəyə gətirməkdir.

İqtisadda modellər, hipotezlər qurularkən, abstraktlaşdırmalardan istifadə edilərkən ən çox istifadə edilən vasitələrdən biri də fərziyyələrdir. İqtisadın öyrənmə obyekti olan insan və cəmiyyət açıq sistem (ətraf mühitlə daim əlaqədə olan və orda baş verən dəyişikliklərdən təsirlənən) olduğu üçün bu elmdə modellər, hipotezlər, qanun və nəzəriyyələrin də müəyyən fərziyyələr çərçivəsində formalaşdırılması zərurətə çevrilir. Ən çox istifadə edilən fərziyyə də Latınca “Ceteris Paribus” olaraq ifadə edilən və mənası “digər şərtlər sabit qaldıqda” kimi açıqlanan fərziyyədir. Ona görə də iqtisadda hər hansı bir model əsasında fikir (və ya çox vaxt proqnoz) irəli sürən zaman həmin modelin əsaslandığı fərziyyələri də açıqlamaq və ya nəzərə almaq lazımdır.

İqtisad elminin düzgün dərk edilməsi üçün pozitiv və normativ iqtisad, mikro və makro iqtisad, iqtisadda qısa və uzun dövr ayrımlarına da diqqət yetirmək zəruridir.

Pozitiv iqtisad iqtisadın nəzəri hissəsidir. Pozitiv iqtisadda seçimlərə və inanclara yer yoxdur. Burada hər hansı bir fenomen elmi şəkildə ortaya qoyularaq təhlil edilir və irəli sürülən müddəaların doğru olub-olmadığının sübut edilməsi tələb olunur. Pozitiv iqtisad, iqtisadi sistemi səbəb-nəticə əlaqəsi çərçivəsində tədqiq edir və onun əsaslandığı iqtisadi qanunları üzə çıxarmağa çalışır.

Normativ iqtisad isə iqtisadın iqtisadi siyasətlə bağlı hissəsidir. Burada seçimlərə, başqa sözlə subyektiv hədəflərə yer verilir. Normativ iqtisad iqtisadiyyatın necə olmalı olduğu haqqında subyektiv mühakimələri özündə birləşdirir və müəyyən iqtisadi hədəflər üçün nələrin edilməli olduğunu tədqiq edir.

Mikroiqtisad, fərdin, firmanın, ayrı-ayrı qurumların davranışlarını, yanaşmalarını tədqiq edir. Fərdi istehlak, fərdi tələb, firma istehsalı, firma xərcləri, qurumların investisiyaları kimi məsələlər mikroiqtisad tərəfindən oyrənilir. Məcmu istehlak, məcmu tələb, məcmu təklif, məcmu yığım və ya məcmu investisiya, inflyasiya, işsizlik, iqtisadi artım kimi bütövlükdə cəmiyyəti maraqlandıran məsələlər makroiqtisad tərəfindən öyrənilir. İqtisadiyyatın mikro və makro səviyyələrdə öyrənilməsi zamanı diqqət edilməsi zəruri olan məqamlardan biri mikro səviyyədə doğru olanın çox vaxt makro səviyyədə doğru olmamasıdır. Məsələn, yığım mikro səviyyədə doğru davranış kimi qəbul edilir, ancaq bütövlükdə cəmiyyət yığımı artırmağa başladıqda məcmu tələb azala və iqtisadi artım üçün ciddi təhlükə yarana bilər. Bir sözlə, obrazlı ifadə edilərsə, “mikroiqtisad ağacları, makroiqtisad isə meşəni öyrənir” demək mümkündür.

İqtisadın qısa və uzun dövrə baxışı digər elmlərin baxışından fərqlənir. Məsələn maliyyə elmində qısa dövr 1 ildən qısa müddət üçün, orta dövr 1-5 illik müddət üçün, uzun dövr isə 5 ildən uzun müddət üçün istifadə edilir. İqtisadda isə qısa və uzun dövr zaman dilimləri ilə müəyyən edilmir. İqtisadda qısa dövr dedikdə, ən azı bir dəyişənin dəyişdirilə bilmədiyi zaman kəsimi nəzərdə tutulur. Məsələn, deyək ki, istehsalda istifadə edilən bütün faktorlar artırıldığı halda, kapital faktoru artırıla bilmir. Burada nə qədər ki, kapital faktoru artırıla bilmir, demək hələ söhbət qısa dövrdən gedir. Ona görə də qısa dövr bəzi hallarda 1 gün, bəzi hallarda 1 ay, bəzi hallarda 1 il və ya daha uzun müddət ola bilər. İqtisadda uzun dövr dedikdə isə bütün dəyişənlərin dəyişdirilə bildiyi, heç bir şeyin sabit qalmadığı dövrdür. Bu da bəzi hallarda 1 gün və ya daha qısa müddət ola bilər.

İqtisadçılar çox vaxt iqtisadi hadisə və prosesləri açıqlamada, eləcə də iqtisadi siyasət qərarlarına münasibətdə uzlaşa bilmirlər. Təhlillər göstərir ki, bu uzlaşmazlığın 3 başlıca səbəbi var:

1) İstifadə edilən modellər arasındakı fərqliliklər: İqtisadçılar təhlillərində hər hansı iqtisad məktəbinə (klassik, neoklassik, keynisçi, monetarizm və.s) bağlılıqlarından və subyektiv seçimlərindən irəli gələrək müxtəlif modellərdən istifadə edirlər. Bu modellər arasındakı fərqliliklər iqtisadi hadisə və proseslərin açıqlanmasında, eləcə də təklif edilən iqtisadi siyasətin hansı nəticələr doğuracağına münasibətdə iqtisadçılar arasında fikir müxtəlifliyi doğura bilər.

2) Kəmiyyət əlaqələrinin ölçülməsindəki fərqliliklər: İqtisadçılar, hətta eyni modeldən istifadə etsələr belə, əgər təhlillərindəki kəmiyyət ölçmələrinin nəticələrində fərqliliklər ortaya çıxarsa, bu, onlar arasında fikir müxtəlifliyinə də səbəb ola bilər.

3) İqtisadçıların sahib olduğu dəyərlər arasındakı fərqliliklər: İqtisadçılar digər peşələrin nümayəndələri kimi adətən fərqli dəyərlərə (sağçı, solçu, feminist və.s) sahib olurlar. Onlar iqtisadi siyasətdəki dəyişikliklərin nəticələrini (və ya təsirlərini) sahib olduqları dəyərlər baxımından qiymətləndirirlər. Buna görə də hər hansı təklif edilən iqtisadi siyasəti təhlil etdikləri zaman fərqli nəticələrə gəlmələri mümkündür.

Heç şübhəsiz ki, iqtisadın yuxarıda qeyd etdiyimiz bəzi xarakterik xüsusiyyətləri və iqtisadçıların çox vaxt öz aralarında uzlaşa bilməmələri zamanla bu elmin elm olub-olmaması ilə bağlı müzakirələrin ortaya çıxmasının əsas səbəbidir. Ancaq oxşar xarakterik cəhətlər digər sosial elmlərə də xasdır və onda bu məntiqdən çıxış edərək, sosiologiya, psixologiya, tarix, hüquq, politologiya və digər sosial elmlər də elm hesab edilməməlidir. Bu isə sosial elmlərin təbiətini dügün dərk etməmək və ya bir qədər yumuşaq desək onları nəzərə almamaqdan doğan yalnış tezis olardı.

İqtisadın elmi olmadığı tezisini irəli sürərək (bunların arasında adının qarşısına “iqtisad doktoru” yazanlar da çoxdur) bu yalnışa düşənlərə ən tutarlı cavablardan birini vaxtilə Türkiyədə doğulmuş, təhsil almış və hazırda dünyanın ən məşhur iqtisadçıları arasında olan Dani Rodrik vermişdir. İqtisadın elm olmasına şübhə edənlərin şübhələrinin daha çox bu elmin təbiətini düzgün anlaya bilməmələrindən doğduğuna inanan Rodrik, 2015-ci ildə yazdığı “İqtisadın qaydaları: iqtisad nə üçün işə yarayır, nə vaxt uğursuz olur və aradakı fərqi necə anlamaq olar” (Economics Rules: Why Economics Works, When It Fails, and How to Tell the Difference. First Edition, Oxford University Press) adlı kitabında iqtisadı doğru anlamaları üçün həm iqtisadçılara, həm də iqtisadçı olmayanlara aşağıdakı iyirmi prinsipə əməl etmələrini tövsiyə edir:

İqtisadçılar üçün:

1) İqtisad modellər kolleksiyasıdır; müxtəlif növ modellərin olduğunu unutmayın.

2) Əlinizdəki model yeganə model deyil, mövcud modellərdən yalnız biridir.

3) Modelinizi səbəb-nəticə əlaqəsinin necə işlədiyini ortaya qoyacaq qədər sadə qurmağa çalışın, ancaq səbəblər arasında başlıca qarşılıqlı əlaqələri nəzərədən qaçıracaq qədər sadə olmamasına diqqət edin.

4) Modellərdə real olmayan fərziyyələrdən istifadə edilə bilər, ancaq real olmayan mühüm fərziyyələrdən istifadə edilə bilməz.

5) Dünya (demək olar ki) həmişə ikinci ən yaxşıdır.

6) Modeli real dünyaya uyğunlaşdırmaq üçün açıq empirik diaqnostika metodlarınızın olması tələb olunur; bunlar da elmdən daha çox sənətdir.

7) İqtisadçıların müəyyən məsələlərdə həmfikir olmasını real dünyanın necə işlədiyini dəqiq bilmələrindən irəli gəldiyini sanmayın.

8) İqtisadiyyat və ya siyasət mövzuları haqqında sual verildiyi zaman “bilmirəm” söyləmək pis iş deyildir.

9) Unutmayın ki, səmərəlilik hər şey demək deyildir.

10) Cəmiyyətin dəyərlərini öz dəyərlərinizlə əvəz etməklə mütəxəssis olmanızdan sui-istifadə etməyin.

İqtisadçı olmayanlar üçün:

1) İqtisad əvvəlcədən müəyyən edilmiş nəticələri olmayan modellər kolleksiyasıdır. Bunun əksini iddia edən heç bir tezisi qəbul etməyin.

2) İqtisadçıların modellərini fərziyyələrinə görə tənqid etməyin. Qüsurlu bəzi fərziyyələrin daha doğru olanları ilə əvəz edilməsi halında nəticələrin necə dəyişəcəyini onlardan soruşun.

3) Təhlillər sadəlik tələb edir. Özünə mürəkkəblik bəzəyi verən əsassızlıqlara qarşı diqqətli olun.

4) Riyaziyyatın gözünüzü qorxutmasına imkan verməyin. İqtisadçılar ağıllı olduqları üçün yox, yetərli qədər ağıllı olmadıqları üçün riyaziyyatdan istifadə edirlər.

5) İqtisadçılar müəyyən məsələlərdə tövsiyələr verdikdə, əsaslandıqları modelin mövcud vəziyyət üçün uyğun olduğunu haradan bildiklərini soruşun.

6) İqtisadçılar “iqtisadi rifah” terminindən istifadə etdikdə, bununla nəyi nəzərdə tutduqlarını soruşun.

7) İqtisadçıların ictimaiyyət qarşısında seminar otaqlarında danışdıqlarından fərqli danışa biləcəklərini unutmayın.

8) Bütün iqtisadçılar bazara tapınmır. Ancaq bazarın necə işlədiyini sizdən yaxşı bilirlər.

9) Əgər bütün iqtisadçıların eyni olduğunu fikirləşirsinizsə, verdikləri seminarlardan birində iştirak edin.

10) Əgər iqtisadçıların iqtisadçı olmayanlara qarşı xüsusilə qaba olduqlarını düşünürsünüzsə, verdikləri seminarlardan birində iştirak edin.

İqtisadın elm olub-olmaması ilə bağlı müzakirələrin bir daha qızışdığı 2013-cü ildə həmin il iqtisad üzrə Nobel Mükafatı almış Robert Shiller “İqtisad elmdirmi?“başlıqlı bir məqalə yazmışdı. Bu məqalədən sonra Harvard Universitetinin iqtisad professoru Raj Chetty Shillerə dəstək xarakterli “Bəli, iqtisad elmdir” adlı məqalə yazdı. O zaman bu müzakirələrə qoşulan iqtisad üzrə Nobel Mükafatı laureatı Paul Krugman məqaləsinə belə bir maraqlı başlıq seçmişdi: “Bəlkə də iqtisad elmdir, ancaq bir çox iqtisadçı elm adamı deyil“. Krugman məqaləsində köhnə doqmalardan inadla əl çəkməyən, bununla da iqtisadı elmdən daha çox dinə çevirən iqtisadçıları tənqid edirdi.

Krugmana bu baxımdan haqq qazandırmamaq mümkün deyildir. Heç şübhəsiz ki, daha təkmil iqtisadi modellərə, nəzəriyyələrə keçid verməyən, köhnə modelləri, nəzəriyyələri doqmaya çevrirərək iqtisad elmini elm adamları və geniş ictimaiyyət arasında “aciz” göstərən iqtisadçıların, iqtisadın elm olması haqqında şübhələrin yaranmasında rolu böyükdür. Ancaq onu da nəzərə almaq lazımdır ki, Krugman bu fikrə daha çox inkişaf etmiş ölkələrin təcrübəsi əsasında gəlmişdir. Bu baxımdan inkişaf etməkdə olan ölkələrə, xüsusilə də post-sovet məkanına nəzər saldıqda, bu iqtisadçıların sırasına iqtisadı bilməyən və ya yetərincə bilməyən iqtisadçıları da əlavə etmək mümkündür…

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Standart