Müsahibə

Sülh və iqtisadi rifah dənizi

Regionun dayanıqlı inkişafına təhdid olan Xəzərin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlıq zəruridir

Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri və Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadədir.

Elşən müəllim, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ölkəmizə təsiri barədə nə deyə bilərsiniz?

E.B.: Bunun üçün ilk növbədə yeni konvensiyanın imzalanmasına qədər Xəzərin hüquqi statusunun necə tənzimləndiyinə və tərəflər arasında bu sahədəki anlaşılmazlıqlara diqqət yetirmək zəruridir. Bildiyiniz kimi, Sovetlər Birliyi dağılana qədər Xəzər dənizi bu ölkə ilə İranın daxili su hövzəsi kimi qəbul edilirdi. 1921 və 1940-cı illərdə Sovetlər Birliyi və İran arasında bağlanmış ticarət və dənizçilik haqqında müqavilələrlə Xəzər, bir növ, iki ölkə arasında bölüşdürülmüşdü və beynəlxalq hüquq da bu müqavilələri qəbul edirdi. 1970-ci ildən başlayaraq Sovetlər Birliyi Xəzər dənizinin özünə aid olan hissəsini Xəzərsahili ittifaq respublikaları arasında orta xətt prinsipi əsasında sektorlara da bölmüşdü. Lakin Sovetlər Birliyi dağılandan sonra Xəzərsahili ittifaq respublikaları müstəqilliklərini əldə etdilər və Xəzərin hüquqi statusunun yenidən müəyyən edilməsi aktual məsələyə çevrildi. Uzun müddət – təxminən 25 il sahilyanı ölkələr Xəzərin hüquqi statusunun müəyyən edilməsində razılığa gələ bilmədilər. Bu dövrdə Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin dibinin orta xətt prinsipi üzrə milli sektorlara bölünməsi, su səthinin isə ümumi istifadəsi ilə bağlı öz aralarında ikitərəfli sazişlər imzaladılar. İran isə Xəzərdə ən az sahil xəttinə malik ölkə olmasına baxmayaraq, 1921 və 1940-cı illərdə imzalanan müqavilələrə istinad edərək Xəzərin sahilyanı ölkələr arasında 5 bərabər hissəyə bölünməsini tələb edirdi. Həmçinin Türkmənistan da Xəzərin orta xətt prinsipi üzrə bölünməsinə tərəfdar olsa da, Azərbaycanla bir sıra istiqamətlərdə fikir ayrılıqları var idi. Konkret olaraq Türkmənistan Xəzərin Azərbaycanla öz arasında bölüşdürülməsində Abşeron və Çilov adalarının nəzərə alınmamalı olduğunu iddia edirdi. Nəticədə Azərbaycan Xəzərin şimal hissəsində qonşu olduğu ölkələrlə Xəzərin bölüşdürülməsi və ondan istifadə üzrə razılıqlar əldə etməsinə baxmayaraq, cənub hissəsində qonşu olduğu ölkələrlə bu sahədə razılıqlar əldə edə bilməmişdi və bu səbəbdən bir sıra karbohidrogen yataqlarından istifadə də müvəqqəti olaraq dayandırılmışdı.

12 avqust 2018-ci ildə Aktauda imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütün Xəzərsahili ölkələrin üzərində razılaşdığı bu qəbildən yeganə sənəddir. Sənədə əsasən, Xəzərdə sahil xətti olan hər bir ölkə dənizin üst hissəsində sahildən 15 mil məsafəyə qədər paya sahib olur, sahildən 10 mil məsafədə isə balıq tutmaq hüququ əldə edir. Dənizin qalan hissəsi isə ümumi istifadədə saxlanır. Bu, artıq o deməkdir ki, Xəzərin üst hissəsinin bölüşdürülməsi və istifadəsi ilə bağlı hər hansı bir mübahisə qalmır, İran və Türkmənistanın irəli sürdüyü, ancaq Azərbaycanın mənafelərinə cavab verməyən iddialar öz aktuallığını itirir.

Konvensiyada diqqəti çəkən mühüm məqamlardan biri də 14-cü maddədə sahilyanı ölkələrin öz aralarında razılaşaraq Xəzərin dibindən magistral boru xətləri çəkmə hüquqlarının təsbit edilməsidir. Hesab edirəm ki, bu maddə Azərbaycanın strateji maraqları baxımından mühüm əhəmiyyət daşıyan Transxəzər boru xətlərinin gələcəkdə reallaşması üçün də, bir növ, hüquqi zəmin yaradır.

Ancaq nəzərə almaq lazımdır ki, konvensiya Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir. Belə ki, hazırda Azərbaycanın bununla bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri olsa da, İran və Türkmənistanla belə sazişləri yoxdur. Buna görə də İran və Türkmənsitanla indiyə qədər mübahisə obyektinə çevrilmiş olan bir sıra karbohidrogen yataqlarının işlənməsinə yol açmaq üçün gələcəkdə bu ölkələrlə də müvafiq sazişlərin imzalanmasına ehtiyac yaranır.

Bütövlükdə konvensiyada Xəzərdən sülh və inkişaf məqsədləri üçün istifadəni, həmçinin də Xəzərin iqtisadi dayanıqlığının təminini nəzərdə tutan çoxlu sayda müddəalara yer verilməsi həm Azərbaycanın, həm də Xəzər hövzəsi ölkələrinin və dünyanın maraqlarına cavab verir.

Konvensiyada Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinə nə kimi önəm verilir?

E.B.: Bildiyiniz kimi, Xəzər hövzəsi tarixən Mərkəzi Asiya, İran, Qafqaz və Volqaboyu ərazilərin istehsal və ticarət mədəniyyətlərinin mərkəzində dayanmış, Şərq ölkələri ilə Avropanı birləşdirən möhtəşəm İpək yolu mədəniyyətinin isə mühüm halqasını təşkil etmişdir. Xəzər hövzəsi bu gün də qeyd olunan mövqeyini mühüm dərəcədə qoruyub saxlayır və təxminən illik 2,5 trilyon ABŞ dolları məbləğindəki istehsal həcmi, zəngin neft və qaz yataqları, qiymətli balıq və kürü resursları, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri ilə dünya iqtisadiyyatında mühüm yer tutur. Ancaq buna baxmayaraq, Xəzər hövzəsi ölkələrinin qeyd olunan mövqelərini daha da gücləndirmək və bu istiqamətdə əməkdaşlığı dərinləşdirmək potensialı yüksəkdir. Bu baxımdan konvensiyada Xəzərin resurslarını, bioloji müxtəlifliyini və bütövlükdə ekoloji tarazlıqlarını qoruma, regionun dayanıqlı inkişafını təmin etmə, nəqliyyat şəbəkələrini inkişaf etdirmə, qarşılıqlı iqtisadi əməkdaşlığı dərinləşdirmə, resurslardan yalnız sülh məqsədləri üçün istifadə, üçüncü ölkələrin hərbi gəmilərinin Xəzərə daxil olmasına yol verməmə, terrorizm və qaçaqmalçılıqla mübarizə sahələrində tərəfdaş ölkələrin birgə əməkdaşlığının nəzərdə tutulması əhəmiyyətli hesab olunmalıdır.

Mən regionun dayanıqlı inkişafı üçün mühüm təhdid hesab olunan Xəzərin ekoloji problemlərinin həlli məqsədilə konvensiyada nəzərdə tutulan birgə əməkdaşlığı xüsusilə əhəmiyyətli hesab edirəm. Artıq heç kimə sirr deyil ki, Xəzər dənizinin çirklənməsi və su səviyyəsinin dəyişməsi ciddi ekoloji problem kimi qarşımızda dayanır. Bu gün Xəzərin çaylar və sahil zonalarındakı yaşayış və sənaye məntəqələri vasitəsilə, neft və qaz hasilatı və su səviyyəsinin dəyişməsi yolu ilə çirklənməsi bir sıra ərazilərdə artıq kritik həddə gəlib çatmışdır. Çirklənmə bütövlükdə Xəzərin bioloji resursları və biomüxtəlifliyinə böyük ziyan vurmaqda davam edir. Eləcə də Xəzərin su səviyyəsinin yüksəlməsi sahilyanı ölkələrin bir sıra ərazilərinin iqtisadi dövriyyədən çıxmasına səbəb olur. Tərəfdaş ölkələrin bütün bu ekoloji problemlərlə birgə mübarizəsi regionun dayanıqlı iqtisadi inkişafı üçün ən vacib şərtlərdən biridir.

Konvensiyanın regionda nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsinə verə biləcək töhfələri barədə nə deyə bilərsiniz?

E.B.: İlk növbədə qeyd etməliyəm ki, konvensiyada bir çox maddələr Xəzərdə nəqliyyat məsələlərinin beynəlxalq hüquq normaları çərçivəsində və tərəflərin iqtisadi və təhlükəsizlik maraqlarının gözlənilərək tənzimlənməsini nəzərdə tutur. Bu isə Xəzər üzərində nəqliyyatla bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, həmçinin də nəqliyyat dəhlizlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edir.

Digər tərəfdən, bu konvensiya Xəzərdən yalnız sülh və iqtisadi rifah naminə istifadəni nəzərdə tutduğundan və tərəfdaş ölkələr arasında bu istiqamətdəki bir sıra fikir ayrılıqlarına son qoyduğundan regionda iqtisadi əməkdaşlıq üçün də əlverişli mühit yaradır və nəzərdə tutulan böyük iqtisadi layihələrin, eləcə də nəqliyyat layihələrinin reallaşması istiqamətində ümidləri artırır. Bildiyiniz kimi, Xəzər üzərindən Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində tranzit yüklər daşınır. Əsasən Çin və Avropa arasında yükdaşımaları nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi daha böyük potensiala malikdir. Bu dəhlizin inkişafı Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi maraqlarına daha çox cavab versə də, Rusiya və İranın da gələcəkdə bu dəhlizdən istifadə etməsi mümkündür. Son dövrlər Ələt, Aktau və Türkmənbaşı limanlarında görülən işlər, Bakı-Tbilisi- Qars dəmiryol xəttinin istifadəyə verilməsi, İstanbulda boğazın altından çəkilən nəqliyyat xətləri və yeni istifadəyə verilən üçüncü nəhəng beynəlxalq hava limanı kimi layihələr gələcəkdə Pekin və London arasında bu dəhliz vasitəsilə fasiləsiz şəkildə yük və sərnişin daşımalarının həyata keçirilməsini təmin etməyə xidmət edir. Şübhəsiz ki, Xəzərin hüquqi statusunun həllini tapması perspektivdə Xəzər hövzəsi ölkələrinin bu dəhliz üzərində birgə əməkdaşlığını gücləndirərək onun dayanıqlı inkişafına da öz töhfəsini verəcəkdir.

Nəhayət, Xəzər üzərində nəqliyyat dəhlizinin gələcək inkişafından danışarkən Bakı Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin Transxəzər uzantılarının reallaşmasını da diqqətdən kənarda saxlamaq olmaz. Bilindiyi kimi, bu günə qədər həm Qazaxıstan, həm də Türkmənistan hasil etdiyi neftin bir hissəsini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxarır. Yəni artıq bu istiqamətdə təcrübə mövcuddur. Hesab edirəm ki, imzalanan konvensiya gələcəkdə Transxəzər boru xətlərinin həyata keçirilməsi üçün də müəyyən iqtisadi, siyasi və hüquqi zəmin yaradır.

“EcoVision” jurnalı, Noyabr, 2018, No.35, s.18-20.

Standart